Mötəbər tədbirə ev sahibliyi edəcəyik

Azərbaycan artıq BMT səviyyəsində yüksək nümunə göstərən dövlət kimi qəbul olunur



Azərbaycan daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. Aprelin 25-27-si tarixlərində Azərbaycan tərəfi Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forum keçiriləcək. Məlumat üçün deyək ki, 2014-cü il sentyabrın 26-da Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 69-cu sessiyası çərçivəsində Alyansın 7-ci Qlobal Forumunun Azərbaycan paytaxtında keçirilməsi barədə qərar qəbul edilib.

Artıq BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumuna hazırlıq işləri də yekunlaşmaq üzrədir. Belə ki, Forumun ölkəmizdə keçirilməsi ilə bağlı yaradılan Təşkilat Komitəsi ötən müddət ərzində kifayət qədər işlər görüb. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sədrlik etdiyi Təşkilat Komitəsi bir sıra səmərəli görüşlər keçirib, forumda müzakirə ediləcək məsələlər ətrafında fikir mübadilələri aparılıb.

Azərbaycanın dünyaya mesajı: "fərqliliyimiz zənginliyimizdir”

Hazırda Alyansın 119 dövlət və 26 beynəlxalq təşkilatdan ibarət 145 üzvü var. Qurumun indiyədək İspaniya, Türkiyə, Braziliya, Qətər, Avstriya və İndoneziyada 6 qlobal forumu keçirilib. Forumun Azərbaycanda keçirilməsini şərtləndirən mühüm amillər var. Əvvəla, BMT öz tədbirlərini üç prioritetə - sülh və təhlükəsizlik, insan hüquqları, inkişaf prinsiplərinə cavab verən ölkələrdə keçirir. Yəni, bu istiqamətlər üzrə Azərbaycan artıq BMT səviyyəsində yüksək nümunə göstərən dövlət kimi qəbul edilir. Digər tərəfdən, sivilizasiyaların toqquşduğu dünyada Azərbaycan indi bu problemin yaşanmadığı, əksinə, fəal əməkdaşlıq və sıx dialoqun, sağlam təmasın mövcud olduğu azsaylı ölkələrdəndir. Fərqli dinlər, mədəniyyətlər, ənənələr daşıyıcısı olan xalqların, etnik qrupların tarixin bütün dövrlərində mehribanlıq və dostluq, qarşılıqlı anlaşma şəraitində yaşadığı respublikamız bu gün dünya miqyasında tolerantlığın və multikulturalizmin ən mükəmməl örnəyini yaradıb. Bu örnəyin, modelin müəllifi Azərbaycan xalqı, dövlətidir. Bunu həyata keçirən Prezident İlham Əliyevin siyasi kursunun əsas məğzini isə belə ümumiləşdirmək olar: - dini, milli, mədəni müxtəliflik Azərbaycanda ayrı-seçkilik yaratmır, əksinə, fərqlilik Azərbaycan cəmiyyətini zənginləşdirir. Forumun paytaxtımızda baş tutmasına şərait yaradan digər səbəb isə sivilizasiyalararası əməkdaşlıq və təmasın güclənməsi prosesində Azərbaycanın müstəsna roludur. Belə ki, "Bakı prosesi” islam və xristian cəmiyyətləri arasında mədəni münasibətlərin möhkəmlənməsinə xidmət edən ən səmərəli platformadır. Azərbaycan dünyanın siyasi xəritəsində nə qədər kiçik yer tutsa da, siyasi mənzərəsində mühüm mövqe və geniş nüfuz sahibidir. Bununla yanaşı, xalqımızın malik olduğu nəcib xüsusiyyətlərin timsalında ölkəmiz bəşəriyyətə mühüm dəyərlər - sülh, əməkdaşlıq, qarşılıqlı anlaşma kimi prinsipləri yayır, təbliğ edir. Demək, Azərbaycanı yaxından tanımağa nə qədər böyük ehtiyac varsa, Azərbaycandan öyrənməyə, nümunə götürməyə də daha çox zərurət duyulur. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Bakı Qlobal Forumunun əsas nəticəsi də məhz bu olacaq.

"Forum ümumbəşəri əsasları tapmaq, qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq”

Təşkilat Komitəsinin gördüyü məqsədyönlü işlər çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının nümayəndə heyəti ölkəmizdə səfərdə olub. Nümayəndə heyəti ilə keçirilmiş görüşdə Foruma hazırlıqla bağlı təşkilati məsələlər, o cümlədən Forumun sessiyaları, iştirakçıların tərkibi, dövlət və hökumət başçıları, nazirlərin dəvət olunması, gənclər təşkilatlarının Foruma qatılması, tədbirin TV və internet vasitəsilə yayımlanması, Azərbaycanla BMTSA arasında əməkdaşlıq məsələləri müzakirə olunub. BMT Baş Assambleyası çərçivəsində keçirilmiş Sivilizasiyalar Alyansının Nazirlər Şurasının iclasında isə təşkilatın Baş katibi Ban Gi Mun və digər yüksək səviyyəli rəsmilərin iştirakı ilə Forumun və ölkəmizin təqdimatı keçirilib. Təşkilat Komitəsinin gördüyü işlər çərçivəsində digər mühüm bir addım Londonda atılıb. Böyük Britaniyanın paytaxtında BMT Sivilizasiyalar Alyansı üzrə ali nümayəndə Nassir Əbdüləziz əl Nasser ilə görüş keçirilib və görüş çərçivəsində "Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı arasında 7-ci Qlobal Forumun 2016-cı il 25-27 aprel tarixində Bakı şəhərində keçirilməsinə dair Saziş” imzalanıb. Sözügedən saziş Azərbaycan Respublikası Prezidentinin 24 dekabr 2015-ci il tarixli sərəncamı ilə təsdiq edilib. BMT Sivilizasiyalar Alyansının ali nümayəndəsi Nasir Əbdül Əziz ən-Nasir deyib ki, Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu 2,5 mindən çox iştirakçısına beynəlxalq gündəliyin irəliləməsi üçün innovasiya həllərinin tapılması imkanı verəcək: "Dünya ictimaiyyəti olaraq, biz dinc və ədalətli cəmiyyətin yaradılması uğrunda birgə məsuliyyətimizi daha nəzərə almaya bilmərik. Forum ümumbəşəri əsasları tapmaq, praktik və səmərəli həlləri, qlobal tərəfdaşlığı müəyyənləşdirmək üçün unikal imkan yaradacaq”.

"Belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün müsbət dividendlər gətirəcək”

"İnkluziv cəmiyyətlərdə birgəyaşama; Çağırış və məqsəd” şüarı altında keçiriləcək Forum çərçivəsində 40-dan çox tədbirin keçirilməsi nəzərdə tutulub. Dövlət və hökumət başçıları, yüksək səviyyəli dövlət xadimləri, nazirlər, nüfuzlu beynəlxalq qurumların rəhbərləri, dünyada tanınmış beyin mərkəzlərinin rəhbərləri, diplomatlar, elm adamlarından təqribən 3000 nəfərdən çox şəxsin qatılacağı Forumda ekstermizmə və terrora qarşı mübarizə, qlobal miqrasiya, qlobal vətəndaşlıq, nifrət nitqinin yayılmaması, təhsil, din, idman və gənclərin rolu, Bakı prosesi, inkluziv cəmiyyətlərin qurulması, multikulturalizm və digər məsələlərin müzakirəsi baş tutacaq. Ümumiyyətlə, belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün müsbət dividendlər gətirəcək. İlk növbədə qeyd edək ki, Forumun təşkilatçıları sırasına BMT-nin Sivilizasiyalar Alyansı, UNESCO, Dünya Turizm Təşkilatı, İSESCO və Avropa Şurası kimi nüfuzlu beynəlxalq təşkilatlar daxildir və bu da sözügedən təşkilat və qurumların ölkəmizə verdiyi dəyərin göstəricisidir. Bu fakt müasir Azərbaycanın mədəniyyətlər arasında körpü salmaq, müxtəlif mədəni ənənələr arasında qarşılıqlı anlaşma səviyyəsini yaxşılaşdırmaq ənənələrinə və imkanlarına pozitiv baxışa dəlalət edir. Həmçinin "Sivilizasiyalar Alyans Forumunun keçirilməsi bu gün dünyada baş verən bütün prosesləri qiymətləndirmək üçün daha bir addım, bir imkandır. Forum münaqişələrin səbəblərini və köklərini təhlil etməyə, bu gün dünyada yaranmış mürəkkəb vəziyyətdən çıxış yolları tapmağa imkan verəcək. Təsadüfi deyil ki, məhz bu aspekt işğalçı Ermənistanı ciddi narahat edir və rəsmi İrəvan hər vasitə ilə sözügedən foruma mane olmağa çalışır. Hətta işğalçı ölkənin rəhbərliyi forumun Azərbaycanda keçirilməməsi üçün BMT-yə ismarıc da yollayıb.

"Forumu yüzlərlə xarici KİV işıqlandıracaq ki, bu da 
Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir”

Yuxarıda qeyd etdiyimiz kimi, Forumda bir sıra ölkələrin dövlət və hökumət rəsmiləri, xarici işlər nazirləri, beynəlxalq təşkilatların nümayəndələri də iştirak edəcək. Bu da Azərbaycanın üzləşdiyi problemləri, xüsusilə Ermənistanın işğalçılıq siyasətinin dünya birliyinə bir daha yaxından çatdırılması baxımından müstəsna əhəmiyyət daşıyır. Forum iştirakçıları təkcə bu həqiqətləri eşitməyəcək. Həm də öz gözləri ilə görəcəklər ki, bu da öz-özlüyündə diplomatiya sahəsində daha bir nailiyyətin əldə edilməsi deməkdir. Qlobal Forum çərçivəsində gənclər üçün də beynəlxalq tədbirin keçirilməsi nəzərdə tutulur. Bunun üçün bütün dünyadan həmin tədbirə qoşulmaq arzusunu bildirmiş 7 min nəfər arasından 250 iştirakçı seçilib. Bu da öz növbəsində ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasəti və onun nailiyyətləri barədə beynəlxalq aləmin məlumatlandırılması deməkdir. Bu işə BMT-nin tərəfdaşları olan biznes strukturlarının, mədəniyyət və mədəniyyətlərarası dialoq sahəsində layihələrin həyata keçirilməsinə kömək edən şirkətlərin də qoşulması gözlənilir. Forumu onlarla ölkədən yüzlərlə KİV işıqlandıracaq ki, bu da Azərbaycanın təbliği baxımından mühüm əhəmiyyət kəsb edir. Həmçinin forum iştirakçıları Azərbaycanda olduqları müddət ərzində bizim milli adət-ənənələrimiz, musiqimiz, mətbəximiz, tariximiz, ən əsası tolerantlığımızla yaxından tanış olacaqlar ki, bu da sonrakı dövrlərdə dünyada Azərbaycanın müsbət imicinin daha da möhkəmlənməsinə xidmət edəcək.

"Forum erməni təxribat maşınını zərərsizləşdirəcək”

Sivilizasiyalararası VII Qlobal Forum bütün parametrləri üzrə Azərbaycanın təbliğatı, onun tanınmasına xidmət edəcək. Hər halda xüsusilə indiki dövrdə buna Azərbaycanın daha çox ehtiyacı var. Çünki aprelin ilk günlərində cəbhə xəttində yaşanan məlum olaylardan sonra erməni təxribat maşını yenidən var-gücü ilə Azərbaycana qarşı hücuma keçib. VII Qlobal Forum isə öz növbəsində erməni təxribat maşınının zərərsizləşdirilməsi işinə də yaraya bilər. Qlobal Forumda təmsil olunacaq beynəlxalq təşkilatların adları da açıqlanıb. Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, forumda İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (İSESCO) baş katibi Əbdüləziz bin Osman əl-Tüveyrci, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) direktoru Paulus Bekkers, Ərəb Dövlətləri Liqasının Sivilizasiyalararası Dialoq Departamentinin direktoru Samia Bibars, İslam Əməkdaşlıq Təşkilatının Mədəniyyət, Sosial və Ailə Məsələləri Departamentinin baş direktoru Mehla Talebna, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) baş katibi Mixail Kristides iştirak edəcək.

İsmayıl