“Müəyyən azalmalar var”

Vahid Əhmədov: “Çünki bizim də dövlət büdcəmiz birbaşa neftdən gələn gəlir hesabına formalaşır”




Ötən günlərdə Milli Məclisin iclasında 2016-cı il dövlət büdcə layihəsi müzakirəyə çıxarılıb. Mərkəzi Bankın (MB) İdarə Heyətinin sədri Elman Rüstəmov ölkənin valyuta ehtiyatlarından, bankların durumundan danışıb. E.Rüstəmov deyib ki, dünya iqtisadiyyatında geosiyasi gərginliklər artıb, iqtisadi ticarət və iqtisadi aktivlik zəif olaraq qalır.

Onun sözlərinə görə, dünyada ticarət, məzənnə və valyuta müharibələri kəskinləşib: "Qarşıdakı ildə neftin qiymətləri əhəmiyyətli dərəcədə aşağı olacaq. 2011-ci ildə tədiyyə balansı 17 milyard dollar idi. 2015-ci ilin sonunda tədiyyə balansının 2 milyard dollar olacağı gözlənilir. Başqa sözlə, tədiyyə balansı 2011-ci illə müqayisədə 8 dəfə az olacaq”. Manatın məzənnəsi, neftin qiyməti, tədiyyə balansının vəziyyəti və tərəfdaş ölkələrin valyuta siyasəti ilə müəyyənləşir. 2016-cı ildə də belə olacaq”.

MB sədrinin fikirlərinə münasibət bildirən millət vəkili, tanınmış iqtisadçı Vahid Əhmədov söyləyib ki, baş bankir dünyada gedən proseslərdən, qonşu dövlətlərdəki devalvasiyanın ölkəmizə təsirindən danışıb: "Dünyada neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi Azərbaycan iqtisadiyyatına da mənfi təsir göstərir. Çünki bizim də dövlət büdcəmiz birbaşa neftdən gələn gəlir hesabına formalaşır. Bununla yanaşı, qeyri-neft sektorunda da inkişaf var. 2015-ci ildə qeyri-neft sektorundan gələn gəlir 2 faiz artıb. Lakin problemlər də mövcuddur. Kiçik və orta sahibkarlığın inkişafı problemi var ki, bu da aradan qaldırılacaq, sahibkarlara münbit şərait yaradılacaq. Bank sistemində islahatlar həyata keçiriləcək”. Müsahibimiz onu da əlavə edib ki, təsdiqlənən dövlət büdcəsində sosial yönümlü layihələrin hamısı öz əksini tapıb: "Müəyyən azalmalar müşahidə olunur. Amma bu da ciddi narahatlıq doğurmalı deyil. Bizi iki əsas layihə maraqlandırır. Bunlar "Bakı Qars” dəmiryolu, TANAP və TAP layihələridir. Bu layihələr və eyni zamanda müəllimlərin əməkhaqlarının artırılması üçün də vəsaitlər ayrılacaq”.

Ayyət Əhməd