İqtisadi böhran yaratmaqla Rusiyanı maraqlarından döndərmək qeyri-mümkündür
Ukraynanın şərqində mövcud hərbi vəziyyət gərginləşir. Donetsk ərazisində bu yaxınlarda genişmiqyaslı döyüşlərin başlayacağı bildirilir. Hətta dəqiq tarix də göstərilir - 15 iyul. Rusiyalı
müxbirlər cəbhə xəttinin hər iki tərəfində olublar. Onlar bildirirlər ki, müharibə mifi insanları təşvişə salıb, Mariupolda hamı narahatdır. Şəhərə "Qrad” qurğuları yağıb, evlər dağıdılıb, kənd sakinləri təxliyyə edilib. Şəhərdə yalnız ATƏT-in əməkdaşları qalıblar.
Məlumata görə, son günlər rusiyameyilli separatçı qüvvələr Mariupol şəhərinə hücumlar təşkil edərək dinc sakinlərin ölümünə səbəb olublar. Kəşfiyyat qruplarının hər iki tərəfin müharibəyə fəal hazırlığı haqqında hər gün yeni xəbərlər verməsi savaşın yaxınlaşdığını göstərir: "İyulun əvvəllərində taktiki təlimləri başa çatdıracaqlar. Hələ ki, bütün kartları açıqlamırıq. Dəqiq məlumatımız var ki, 15 iyulda hücuma hazırlaşırlar”. Ukrayna Silahlı Qüvvələrinin kəşfiyyat bölüyünün komandiri, leytenant İqor Mazur da Moskvanın müharibəyə hazırlaşdığını iddia edib.
Tərəflər arasındakı gərginliyi şərh edən "REGİON” Beynəlxalq Analitik Mərkəzinin rəhbəri, politoloq Razi Nurullayev deyib ki, Rusiya və Ukrayna arasında hər zaman müharibəyə çevrilə biləcək gərginlik davam etməkdədir: "Tərəflərin münasibətinin normallaşması üçün heç bir zəmin görmürəm. Rusiyanın açıqlamalarında və mövqeyində heç bir pozitivlik yoxdur. Ukrayna da öz növbəsində işğal olunmuş ərazilərin qaytarılmasını, həm də daha çox ərazilərin zəbt olunmasına qarşı çıxmağa çalışır. ABŞ və Avropa Birliyi ölkələri də iki dövlət arasındakı gərginlikdən xəbərdardır. Ancaq Qərb dairələri müharibənin başlanması ehtimalından çox da narahat olmurlar. Buna görə də müharibə ehtimalına qarşı Rusiyaya qarşı sanksiyalar tətbiq etməkdən o tərəf keçmirlər. Bir aydır gərginlik davam edir. Tərəflər arasında ölümlə nəticələnən hadisələr və silahlı qarşıdurmalar baş verir. Əgər "Normand dördlüyü” vaxtında və təsirli qərar qəbul etməzsə, Rusiya-Ukrayna müharibəsi hər an başlaya bilər. Fikrimcə, ukraynalılar ərazi itirməklə barışmayacaq. Eyni zamanda separatçı qruplar da zəbt etdikləri ərazilərdən çıxmaq, elan etdikləri "müstəqillikdən” vaz keçmək niyyətində deyillər. Əlbəttə, belə bir şəraitdə müharibə təhlükəsi hər zaman var.
Hazırda Poroşenkonun da əvvəlki qədər populyarlığı qalmayıb”.
Politoloqun sözlərinə görə, Rusiyanın hərbi əməliyyatlara başlaması rəsmi Moskvanın üzərinə o qədər də böyük yük qoymur: "Rusiya çox az sayda hərbi qüvvə göndərir. Kremlin separatçılara əsas dəstəyi hərbi texnika göndərmək və separatçı qüvvələrə yardım etməkdir. Tarixdən görürük ki, Rusiya heç vaxt iqtisadi sanksiyalara boyun əyməyib. İqtisadi sanksiyalar, sosial çətinliklər rusları yolundan döndərə bilməz. Rus milləti hər zaman ekstremal şəraitdə mübarizə aparmağı sevib, oxuya-oxuya ölümə gedib və dona-dona döyüşüb. Bu baxımdan iqtisadi böhranla Rusiyanı militarist maraqlardan geri çəkindirmək mümkün deyil. Kifayət qədər diplomatik üsullarla və müəyyən mənada Rusiyanı inandırmaqla münaqişəni həll etmək olar. Əslində Qərb ölkələrinin, elə Ukraynanın özündə Rusiya ilə müharibə etmək fikri yoxdur. Bunu Rusiya da bilir, ona görə də əli-qolu açıqdır”.
İsmayıl