Müharibədə hərbi texnika qədər döyüş taktikası da vacibdir

Qələbəyə nail olmaq üçün zabitlərin hansı dövlətin hərb təcrübəsinə sahib olması mühüm şərt deyil, əsas olan zəruri hərbi biliklərə sahib olmaqdır



"Azərbaycan Rusiyadan silah və hərbi texnika almalıdır, buna sözüm yoxdur. Hətta bu hərbi texnikadan istifadə etmək üçün hərbçilərimizin Rusiyada kurs keçmələri də bəlkə lazımdır. Ancaq müdafiə naziri Zakir Həsənovun Moskvada dediyi kimi, Azərbaycandan xeyli zabit və kursantın Rusiyanın hərbi təhsil müəssisələrində təhsil almasını anlamaqda çətinlik çəkirəm”.

Bu sözləri "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu özünün feysbuk hesabında yazıb. Xeyli gəncimizin Türkiyənin hərbi akademiyalarında təhsil alıb, geri qayıtdıqlarını vurğulayan E.Şahinoğlu sual edir ki, indi NATO standartları ilə təhsil alanlarla Rusiyanın hərbi sistemini mənimsəyib təhsil alanlar bir-birləri arasında necə uyum saxlayacaqlar, sistemlərdə fərq yoxdurmu? Yaxud da sabah ordumuz hücuma keçəndə hansı sistem əsas tutulacaq və sistemlər arasında mübahisə və ziddiyət yaranmayacaq ki?

Politoloq hesab edir ki, Türkiyədə hərbi akamediyaları bitirənlərdən bir qisminin Rusiya hərbi sistemini mənimsəmələri üçün Moskva və ya Sankt-Peterburqda bilik və bacarıqlarını artırması daha doğru olar.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli isə hesab edir ki, hərbiçilərimizin fərqli yerlərdə təhsil alması döyüş zamanı heç bir ziddiyyət və ya problem yaratmır. Onun sözlərinə görə, işinin peşəkarı olan zabit müxtəlif dövlətlərin döyüş taktikasını, hərb sistemini öyrənib, özü üçün ümumi nəticə çıxarmağı bacarmalıdır. Yəni bu məsələlər fərdi olduğu üçün hər şey peşəkarlıqdan asılıdır: 

"Bilirsiniz ki, müharibədə ən az hərbi texnika qədər döyüş taktikası da mühüm əhəmiyyət kəsb edir. Amma qələbəyə nail olmaq üçün zabitlərin hansı dövlətin hərb təcrübəsinə sahib olması mühüm şərt deyil, əsas olan zəruri hərbi biliklərə sahib olmaqdır. Elxan Şahinoğlunun politoloji şərhlərində Rusiya ilə bağlı mövqeyinə və tənqidi fikirlərinə haqq verirəm. Ancaq indiki məqamda hesab edirəm ki, onun bu açıqlamasında sətiraltı olaraq Rusiyanın hərbi sisteminə qarşı bir subyektiv yanaşma sərgiləyib. Heç bir halda Rusiyanın müdafiəçisi kimi görünmək istəmirəm, ancaq rus əsgərinin keçdiyi döyüş təcrübəsi və müvəffəqiyyətləri bütün dünyaya bəllidir. 

Bəlkə də, dünyada ən çox müharibə təcrübəsi olan hərbi birləşmələr Rusiya ordusuna məxsusdur. Reallıq odur ki, son 400 ildə rus əsgərləri bu və ya digər formada iştirak etdiyi bütün müharibələrdən qalib çıxıb. Azərbaycanlı əsgərlər də üzü çar Rusiyasından sovet Rusiyasına qədər əhatə olunan müddət ərzində Rusiya ordusunun tərkibində olub, onların hərbi biliklərinə yiyələniblər. Azərbaycanda hərb elminə dərindən bələd olan generalların, zabitlərin, nüfuzlu hərb xadimlərnin əksəriyyəti rus-sovet hərb məktəbinin nümayəndələri olub. Bu mənada Rusiyanın hərbi sisteminin aşağı səviyyədə olmasını iddia etmək doğru deyil. 

Çox güman ki, Elxan Şahinoğlu bu məsələni qabartmaqla hərbiçilərimizin Rusiyaya meyilli olmasına və müəyyən hallarda onların təsiri altına düşməsinə işarə edib. Ancaq eyni təhlükə Türkiyədə təhsil alan gənclərimiz üçün də keçərlidir. Siyasi və dini təlatümlərin baş verdiyi bir mühitdə təhsil alan zabitlərimizin mənəvi baxımdan hansı təhlükələrlə üzləşdiyini deyə bilmərik. Türk ordusunda NATO dövlətlərinin, Amerikanın maraqlarına xidmət edən çoxlu sayda zabitlərin olduğunu biz gördük baş verən həbslər fonunda. Legitim dövlətin əleyhinə çıxan türk zabitləri ilə bizim Türkiyədə təhsil alan zabitlərimiz bir yerdə oxuyublar. Təhlükədən heç bir halda sığortalanmaq olmur”.

Fərqli ölkələrdə təhsil almağın orduda heç bir narahatlıq yaratmadığını vurğulayan icmalçının sözlərinə görə, Rusiyanın və NATO-nun hərbi biliklərinə eyni anda sahib olmaq Azərbaycanın silahlı qüvvələri üçün əksinə bir stimuldur.

Şəymən