"Münaqişəsinin həlli beynəlxalq hüquq normaları çərçivəsində baş tutmalıdır"





"Azərbaycan bütün dünyanın diqqətini beynəlxalq hüquq normalarının kobud şəkildə pozulmasına yönəldir”.

Bunu "Sherg.az”a prezident İlham Əliyevin dünən Müqəddəs Ramazan ayı münasibətilə təşkil olunan iftar mərasimində çıxışı zamanı səsləndirdiyi "Biz ardıcıl siyasət aparmaqla ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik” fikirlərinə münasibət bildirərkən millət vəkili Asim Mollazadə deyib. 

O xatırladıb ki, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri, Avropa Şurasının Parlament Assambleyasının müvafiq qətnamələri kağız üzərində qalıb:

"Azərbaycanın tələbi isə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində beynəlxalq hüquq normalarını bərqərar etmək, işğalçıya müvafiq sanksiyaların tətbiq edilməsidir. Bununla dövlətimiz işğal altındakı torpaqlarımızın azad edilməsinə nail ola bilər. Azərbaycana təcili sülh lazımdır. Ölkəmiz beynəlxalq layihələri, iri tədbirləri həyata keçirir. Ona görə, bölgədə sülh və əməkdaşlıq olmalıdır. Dağlıq Qarabağ münaqişəsinin həlli isə beynəlxalq hüquq normaları çərçivəsində baş tutmalıdır. Azərbaycan mütəmadi olaraq, bu istiqamətdə ciddi işlər aparır. Belə tədbirlər davamlı olacaq. Həmçinin, Azərbaycan öz iqtisadi inkişafına güvənərək, silahlı qüvvələrin gücü hesabına sülhü təmin etmək naminə hər bir addıma hazırdır”.

Qeyd edək ki, Prezident İlham Əliyevin sözlərinə görə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız beynəlxalq norma və prinsiplər əsasında həll olunmalıdır.
Dağlıq Qarabağ bizim tarixi torpağımızdır, biz bunu, bu həqiqətləri bütün dünyaya çatdırırıq.
Əminəm ki, biz ardıcıl siyasət aparmaqla istədiyimizə nail olacağıq, ölkəmizin ərazi bütövlüyünü bərpa edəcəyik. Buna mənim şübhəm yoxdur. Həm tarixi həqiqətlər, hüquqi baza, BMT Təhlükəsizlik Şurasının qətnamələri, digər təşkilatların qərar və qətnamələri, bizim iqtisadi gücümüz, hərbi gücümüz və bölgədə mövcud olan real vəziyyət bunu deməyə əsas verir.

Aysel Aslan