"Münaqişəyə dair danışıqlarda separatçı rejim iştirak edə bilməz" - Politoloq




"Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü baş tutarsa, erməni tərəfinə başa salmalıyıq ki, danışıqlar prosesində yalnız iki tərəf və Minsk qrupunun vasitəçi həmsədrləri iştirak edə bilər”.

Bunu "Sherg.az”a Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşündən gözləntilərini şərh edərkən professor, politoloq Fikrət Sadıqov söyləyib. 

Onun sözlərinə görə, Ermənistan rəhbərliyi anlamalıdır ki, danışıqlarda heç bir separatçı rejim iştirak edə bilməz:

"Görüşdə belə bir fikir səslənməlidir ki, münaqişənin dinc yolla həllinə nail olmaq üçün Azərbaycan torpaqları işğaldan azad edilməlidir. Artıq bu proses uzadıla bilməz. Məlumdur ki, bizim hərbi potensialımız, gücümüz var. Müxtəlif vasitələrdən istifadə edərək, həm hərbi əməliyyatlar, həm də addım-addım irəliləyiş üsulundan yararlanmaqla torpaqlarımızı işğaldan azad edə bilərik.

Onu da nümayiş etdirməliyik ki, Ermənistandan fərqli olaraq, bizim münaqişədə mövqeyimiz prinsipialdır. Əgər ermənilər rahat nəfəs almaq, dinc yaşamaq istəyirlərsə, hərbi ritorikadan, siyasi oyunlardan əl çəkməlidirlər. Ermənistan qoşunları mərhələli şəkildə ərazilərimizdən çıxarılmalıdırlar”.

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri İqor Popovun sözlərinə görə, həmsədrlər hələlik Dağlıq Qarabağ münaqişəsi ilə bağlı hər hansı açıq bəyanatlardan çəkinirlər. Buna baxmayaraq, həmsədr XİN rəhbərlərinin görüşünün planlaşdırıldığını diqqətə çatdırıb.

Aysel Aslan