Vurğun Əyyub: “Nəyinə baxacaqlar?! Bu, sadəcə olaraq, məntiqsizlikdir”Nüşabə Sadıqlı: “Vurğun Əyyubun namizədliyinin Məclisdə təsdiqlənməsi bir kənara qalsın, onun özünün Məclis üzvlüyündən çıxarılması gündəmdədir”
Müsavat Partiyası başqanlığına keçmiş namizəd Qubad İbadoğlunun sədri olduğu Azərbaycan Demokratiya və Rifah Hərəkatının üzvlərinin deputatlığa namizəd göstərilməsi Müsavatda qıcıqla qarşılanıb. Partiya rəhbərliyində təmsil olunan şəxslər bəyan ediblər ki, Müsavatın hansısa rayon təşkilatının və qurumunun namizəd irəli sürməsi hələ həmin şəxsin seçkilərdə namizəd olacağı anlamına gəlmir. Onların fikrincə, verilən siyahı sonda Məclisdə təsdiq olunmalıdır.
Partiya üzvlərindən kimlərin deputatlıq arzusunda olduğu və ya adının ilkin siyahıda yer aldığı hələlik bəlli deyil. Müsavatın İcra Aparatının rəhbəri Gülağa Aslanlı da qeyd edib ki, dəqiqləşmə aparılmadığından siyahı açıqlanmır. Lakin həm Müsavat üzvü olan, həm də ADR Hərəkatında təmsil olunan iki şəxs barəsində artıq Müsavat Partiyasına sənəd təqdim olunub. Bu haqda onların özləri də mediaya məlumat veriblər. Müsavat Qadınlar Birliyinin sədri Ellada Məmmədli həmin birlik tərəfindən, Vurğun Əyyub isə Müsavatın Suraxanı rayon təşkilatı tərəfindən deputatlığa namizəddir. Müsavat rəhbərliyini qıcıqlandıran isə bu iki şəxsin ADR Hərəkatında təmsilçiliyi, ən önəmlisi isə hər ikisinin rəhbərlikdə təmsil olunmasıdır. Müsavat Məclisinin sədri Nüşabə Sadıqlı isə deyib ki, hələ V.Əyyubun namizədliyinin Məclisdə təsdiqlənməsi bir kənara qalsın, onun özünün Məclis üzvlüyündən çıxarılması gündəmdədir: "Nizamnamə bütün partiya üzvlərinə, o cümlədən Vurğun Əyyuba şamil olunur. Məclisin legitimliyini tanımayan bir şəxsin onun üzvü olması məntiqsizdir”. Onun sözlərinə görə, aprelin 4-də keçiriləcək Məclisin toplantısında Vurğun Əyyubun çıxarılması gündəmə gələcək: "Vurğun Əyyub Müsavat Məclisinin üzvü olmadığını bəyan edir, həmçinin, iclaslarda iştirak etmir. Onun yerinə hansısa digər partiya üzvü burada təmsil oluna və partiyanın işinə yaxından töhfə verə bilər. Nəyə görə bu şəxs legitimliyini tanımadığı Məclisdə saxlanılmalıdır?”.
Vurğun Əyyub isə onun Məclis üzvlüyündən çıxarılmasına bu cür reaksiya verib: "Mənim Müsavat Partiyası Məclisinin üzvlüyündən çıxarılmağımı müzakirə etmək, sadəcə, məntiqsizlikdir. Qurultaydan keçən müddət ərzində deyirəm ki, mən özümü Məclis üzvü hesab etmirəm. Bunlar da deyir ki, "yox, biz onun məsələsinə baxacağıq”. Nəyinə baxacaqlar?! Bu, sadəcə olaraq, məntiqsizlikdir. Mən Müsavat Partiyasının rəhbərliyini legitim hesab etmirəm, ümumi Müsavat Partiyasını deyil”.
İsmayıl