“Müsavatın tarixinə ləkə düşüb...”

Zakir Hüseynov: “İsa Qəmbər və Arif Hacılının sülaləsi əməllərinə görə, Məhəmməd Əmin Rəsulzadənin ruhu qarşısında, müsavatçılar qarşısında mütləq cavab verəcəklər”



Azərbaycan Demokratiya və Rifah (ADR) Hərəkatının sədri Qubad İbadoğlunun Müsavat rəhbərliyini tənqid etməsi, qarşı tərəfi də hərəkətə gətirib. Partiyanın Məclis üzvü Mustafa Hacıbəyli qurultayla bağlı məhkəməyə müraciət edənləri ittiham edib və onların əlində heç bir əsas olmadığını iddia edib. Bununla yanaşı, Müsavat rəhbərinin müavini Elman Fəttah da mətbuata açıqlamasında ADR hərəkatına qarşı ciddi ittihamlar səsləndirib.

Bu isə Hərəkat üzvlərinin etirazına səbəb olub. Səslənən ittihamlarla bağlı "Şərq”in suallarını cavablandıran Azərbaycan Demokratik Rifah Hərəkatının Füzüli Rayon Təşkilatının sədri, məhkəmə müraciətinə imza atan Müsavat üzvü Zakir Hüseynov iddiaların tamamilə əsassız olduğunu deyib.

- Mustafa Hacıbəyli deyib ki, qurultaydan xeyli vaxt keçəndən sonra bir qrup şəxsin məhkəməyə müraciət etməsi çox qəribədir. Əgər belə iddiaları var idisə, onda niyə bu qədər gözləyirdilər?

- Mustafa Hacıbəylinin həqiqətdən çox uzaq və absurd olan sualına cavab olaraq bildirirəm ki, hüquqdan bir az anlayışı olan hər kəs bilir ki, istənilən məsələni məhkəmədə mübahisələndirmək üçün bir ay müddətində müraciət edilməlidir. Əks təqdirdə, məhkəmə iddia ərizəsini qəbul etmir. Hazırda məhkəmə çəkişməmiz davam etdiyindən qarşı tərəfin fikirləri əsassızdır.

- İddia edilir ki, sizin məhkəməyə müraciətiniz Ədliyyə Nazirliyi Razi Nurullayevin təşkilatına dair işi araşdırmağa başlayandan sonra baş verib. Bu iddiaya münasibətiniz necədir?

- Əsası olmayan qərəzli fikirlərə vaxtımı sərf etmək istəmirəm. Amma, mətbuat nümayəndələrinin iştirakı ilə qarşı tərəflə istədiyiniz zamanda, istənilən məkanda debata hazıram. Özündə qüvvət, cəsarət tapan olsa, buyursun gəlsin.

- Üçüncü bir iddia da odur ki, məhkəmədə hakim sizdən sübut tələb edib, amma yetərli sübutları təqdim edə bilməmisiz? Bu nə dərəcədə realdır, əlinizdə kifayət qədər əsas-sübut varmı?

- Əgər bu fikirləri "Ailə Partiyasının” hüquqlarını müdafiə edən vəkil Osman Kazımov səsləndirsəydi, bəlkə də söz demək xatirinə deyilmiş bu fikirlərə inanardım. Amma həqiqət odur ki, Müsavat rəhbərliyi Qurultaya qədər və qurultay zamanı edilən saxtakarlıqların gizləndiyi 4 sənəddən 3-nü bu günə kimi məhkəməyə təqdim edə bilmir. Əgər 12 fevralda hakim Abbas Rzayevin sədrliyi ilə keçiriləcək iclasda tələb olunan sənədlər gətirilməsə, məsələ tam aydın olacaq. Tələsməyək, məhkəmənin son qərarını gözləyək.

- Partiya funksioneri deyib ki, Qubad İbadoğlu ADR-i yaradanda Müsavata qarşı fəaliyyət göstərməyəcəyini söyləyib. Belə bir "söz” olubmu?

- Qarşı tərəfin bu müddət ərzində kişi kimi işlətdiyi yeganə düzgün fikirdir. Bəli, elədir.

- Elman Fəttahın Hərəkat üzvlərini ittiham etməsi ilə bağlı fikirləriniz nədir? Əslində "hakimiyyətə işləmək” iddiası tez-tez gündəmə gəlir, sanki bundan özünü müdafiədə bir silah kimi istifadə edirlər.

- Mən səviyyəmə uyğun olmayan birisinin səviyyəsiz fikirlərinə münasibət bildirmək istəmirəm. Əgər Elman Fəttah mənimlə qabaq-qabağa bu fikirləri səsləndirsəydi, mütləq tutarlı cavabını verərdim.

- Mübarizənizin nəticə verəcəyinə inanırsızmı? Sizcə növbədənkənar qurultayın çağırılması baş tutacaqmı?

- Ölkədəki məhkəmələrin durumunu nəzərə alsaq, bəri başdan nəticə barədə nəsə demək çox çətindir. Müsavat Partiyasının tarixinə qara salmış İsa Qəmbər və Arif Hacılının sülaləsi əməllərinə görə, Məhəmməd Əmin Rəsulzadənin ruhu qarşısında, Azərbaycan xalqı və əsl müsavatçılar qarşısında mütləq cavab verəcəklər. Əmin olsunlar, 27 sentyabr 2014-cü il tarixinin (qurultay günü) qara ləkəsini Müsavatımızın şanlı səhifəsindən siləcəyik. Ümid edirik ki, 8-ci Qurultayın nəticələri ləğv olunacaq və yeni Qurultay çağırılacaq. Bunun üçün bütün imkan və bacarıqlarımızı səfərbər edib, Avropa Məhkəməsinə kimi gedəcəyik. Tək qalsam belə, bunu edəcəm.

- Qarşılıqlı sərt ittihamlar olmasaydı, tərəflər arasında ortaq dil tapmaq mümkün olardımı? Ümumiyyətlə, bununla bağlı tərəflərin biri-birinə müraciəti olubmu?

- Ortaq dil tapmağın yolu bu gün də var. Bunun üçün İsa Qəmbər başda olmaqla, Arif Hacılı komandası istefa verməli, işğal etdiyi ünvanı və məkanı tərk etməlidir. Vəssalam.

İsmayıl