"Ölkə başçısının ani baş verən hadisələrə operativ yanaşması, dəqiq, dolğun məlumat əldə etməsi və yaşananlara dair müşavirənin keçirilməsi göstərir ki, cənab Prezident hər zaman Azərbaycan xalqı ilə birlikdədir”.
Bunu "Sherg.az”a Mingəçevridəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar yaradılan Dövlət Komissiyasının fəaliyyəti haqqında danışarkən millət vəkili Aydın Hüseynov deyib.
O vurğulayıb ki, ölkə başçısının tapşırığına əsasən yaradılan komissiya hadisənin səbəblərini araşdıracaq:
"Həmçinin prezident İlham Əliyev gələcəkdə bu cür halların baş verməməsi üçün məmurlara xəbərdarlıq etdi. Eyni zamanda, ötən gün müşavirə keçirildi və bu cür qəza hallarında məsuliyyətli olan hər kəsin vəzifələrini dərk etməsi mövzusunda müzakirə aparıldı. Cənab prezident qəti mövqeyini bildirdi ki, yaranmış vəziyyətlə bağlı məsuliyyətsiz davranan şəxslər cəzalandırılacaq.
Dövlət Komissiyası Prezidentin müəyyənləşdirdiyi istiqamətdə öz fəaliyyətini quracaq. İlk növbədə ölkənin dayanıqlı, fasiləsiz enerji ilə təmin olunması istiqamətində işlər görüləcək. Bu hadisə göstərdi ki, enerji təminatında yaranan adi problem belə vətəndaşların gündəlik həyatına təsir göstərir. Hətta ölkənin iqtisadiyyatında problemlər yarandı.
Ona görə, ölkənin enerji təchizatı ilə bağlı müasir texnologiyalar öyrənilib, tətbiq edilməlidir. Nəzarət sistemi daha da təkmilləşdirilməlidir. Alternativ enerji mənbələrindən istifadə olunması ilə bağlı kompleks tədbirlər görülməlidir. Bütün bunlarla bağlı prezident İlham Əliyev müvafiq tapşırıqlarını verdi”.
A.Hüseynov xüsusi qeyd edib ki, ölkənin enerji təchizatında Mingəçevir İES-dən olan asılılıq mütləq aradan götürülməlidir:
"Paralel şəkildə digər enerji mənbələri, stansiyalar hər zaman işlək vəziyyətdə olmalıdır. Düzdür, enerji təchizatı konkret bir mənbədən asılı deyil. Sadəcə, bütün stansiyaların bir-biri işləməsi, işinin dayanıqlı elektrik təminatını həyata keçirməsi vacibdir”.
Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 3-də imzaladığı sərəncama əsasən Mingəçevirdəki İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyası yaradılıb. Sərəncamda vurğulanır ki, dövlət komissiyasının məqsədi baş vermiş hadisənin səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaqdır.
Aysel Aslan