Müşavirədən sonra sərt addımlar atılacaq
“Sahəni bilməyən adamların əlindən o vəzifələr alınmalıdır!”
Xəbər verdiyimiz kimi, iyulun 4-də Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirə keçirildi. Müşavirə enerji sistemində yaranmış vəziyyətlə bağlı real mənzərəni ortaya qoydu. Hətta bu sahə haqqında yetərincə bilgisi olmayan insanlara baş verən hadisənin mahiyyətinin ən incə detallarına kimi çatdırılmasına zəmin yaratdı. Müşavirədə nəzərə çarpan ən önəmli cəhətlərdən biri baş verən qəzanın, eləcə də qəza nəticəsində ortaya çıxan digər problemlərin ciddi şəkildə araşdırılması, təhlil olunması, çıxış yollarının tapılması və bütün bunların şəffaf bir şəkildə ictimaiyyətin diqqətinə çatdırılması idi.
Artıq qəza ilə bağlı cinayət işi açılıb. Şübhəsiz ki, istintaqın nəticəsinə uyğun olaraq, müvafiq qərarlar qəbul ediləcək və günahkarlar öz cəzasını alacaq. Müşavirədə qeyd olunduğu kimi, dövlət enerji sektorunun inkişafına böyük investisiyalar yatırsa da, verilən hesabatlardan aydın oldu ki, bu vəsaitlərin təyinatı üzrə xərclənməsində ciddi problemlər olub. "Azərenerji” rəhbərliyi üzərinə düşən vəzifəni yerinə yetirə bilməyib. Dövlət qurumlarının qəza təhlükəsi barədə dəfələrlə etdikləri xəbərdarlıqlara məhəl qoymayıb.
Təmir-bərpa işləri üçün ayrılan vəsaitləri havaya sovurub, səhlənkarlığa, məsuliyyətsizliyə yol verib. Bununla yanaşı, dövlət başçısı qəzanın fəsadlarının aradan qaldırılmasında fəal iştirak edən, vəzifələrini layiqincə yerinə yetirən DİN, FHN və digər dövlət qurumlarının işini yüksək qiymətləndirdi. Bu isə ekstremal vəziyyətlərdə müvafiq dövlət qurumlarının istənilən təhlükəni aradan qaldırmağa, prosesi nəzarətdə saxlamağa hazır olduqlarının prezident tərəfindən vurğulanması idi. Eyni zamanda, cənab Prezidentin müşavirədəki çıxışından bir daha hər kəsə bəlli oldu ki, öz vəzifəsinin öhdəsindən gəlməyən, səhlənkarlığa, məsuliyyətsizliyə yol verən istənilən şəxs kimliyindən asılı olmayaraq, qanun qarşısında cavab verəcək:
"Ciddi araşdırmalar aparılmalıdır və günahkarlar məsuliyyətə cəlb edilməlidir. Əlbəttə, dünyanın heç bir ölkəsi qəzadan sığortalı deyil. Ancaq qəza lokal xarakter daşımalıdır. Bir stansiyada baş vermiş qəza bütün enerji sistemimizə çox böyük zərbə vurdu. Elə bir tədbirlər planı hazırlanmalıdır ki, gələcəkdə biz bu qəzalardan və qəzaların törədə biləcəyi fəsadlardan özümüzü qoruya bilək. Tədbirlər planına müşavirədə səsləndirilən fikirlər, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi salınmalıdır. Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.
Milli Məclisin deputatı, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib ki, hadisənin baş verməsi bir sıra məsələləri üzə çıxardı:
"Dövlət başçısı məsələlərin baş vermə səbəblərinin araşdırılması ilə bağlı Dövlət Komissiyası yaratdı. Heç şübhəsiz, bu komissiya yekun nəticələrlə bağlı həm Azərbaycan Respublikasının Prezidentini, həm də cəmiyyəti məlumatlandıracaq. Son 15 il ərzində ölkəmizdə 2500 meqavat gücündə yeni elektrik stansiyaları tikilib. Hazırda Azərbaycanın enerji potensialı 6400 meqavata bərabərdir ki, bu da çox ciddi bir rəqəmdir. Bu potensial, bu imkanlar nəinki istehlakçıların enerji tələbatını ödəməyə, eyni zamanda elektrik enerjisi ixracı üçün də şərait yaradır. Lakin çox təəssüf ki, enerji sektorunda çalışan bəzi şəxslərin yol verdiyi nöqsanlar nəticəsində yeni yaradılan və lokal enerji mənbələrinin fəaliyyətini koordinasiya etmək mümkün olmayıb. Beləliklə, sadəcə bir blokda baş verən qəza bütün ölkənin elektrik təchizatına mənfi təsir göstərib”. H.Babaoğlunun sözlərinə görə, Prezident İlham Əliyev müşavirədə bu məsələyə də diqqət çəkərək bildirdi ki, bunun səbəbləri aydınlaşdırılmalıdır və bu vaxta qədər yol verilmiş nöqsanlar aradan qaldırılmalıdır: "Enerji sektoru mürəkkəb bir sektordur. Ayrı-ayrı enerji istehsal edən mənbələrin fəaliyyətinin koordinasiya olunması üçün də yeni planların və layihələrin hazırlanması bu gün daha aktualdır. Dövlət başçısı qeyd etdi ki, Bakıda, Sumqayıtda, Şirvanda, Astarada, Xaçmazda, Şəkidə və s. rayon və bölgələrdə elektrik stansiyaları yaradılıb. Amma bunların fəaliyyəti arasında görünür, koordinasiya düzgün müəyyənləşdirilmədiyinə görə Mingəçevirdəki İstilik Elektrik Stansiyasına alternativ ola biləcək yardımçı təsərrüfatların istismarının düzgün təşkil olunmaması bu cür fəsadlara gətirib çıxarıb”.
Millət vəkili vurğulayıb ki, hadisə həm də Azərbaycanda elektrik enerjisi sisteminin sınağı idi. Qəza nəticəsində mümkün və mövcud olan boşluqlar üzə çıxdı: "Bunların aradan qaldırılması ilə bağlı dövlət başçısı müşavirədə qeyd etdi ki, bütün strateji obyektlər mobil elektrik generatorları ilə təmin edilsin ki, gələcəkdə belə hallar baş verərsə, birinci dərəcəli strateji obyektlərin mühafizəsi daima diqqət mərkəzində saxlanılsın. Eyni zamanda, ölkəmizin enerji təchizatı sistemi xarici auditorlar tərəfindən qiymətləndirilsin, problemlər həll edilsin. Bütün bunlar şübhəsiz ki, enerji sektorumuzun sağlamlaşdırılmasına xidmət edəcək və gələcəkdə bənzər problemlərin baş verə bilmə ehtimalının qarşısını alacaq”.
Millət vəkili Fazil Mustafa da deyib ki, ölkə prezidenti bu məsələdə hamıdan çox narahatlıq keçirən şəxsdir. Çünki ən kiçik elektrik stansiyasının açılışında belə Prezident özü iştirak edərək, enerji sahəsinə nə qədər böyük diqqət yetirdiyini göstərib:
"Prezident bərpa olunan enerjinin yaradılması istiqamətində addımlar atır, layihələrin həyata keçirilməsinə vəsait ayırır. Amma bu sahəyə uyğun olmayan adamların çoxu bu vəsaitin real sektorda tətbiqinə mane olur. Buna görə də bu gün enerji sahəsində olan natamamlıqların, problemlərin olmasına da birinci hiddətlənən şəxs ölkə Prezidenti oldu. Prezident müşavirədə sərt şəkildə öz fikirlərini dilə gətirdi. Fikrimcə, bu müşavirədən sonra artıq işin işbilənlərə tapşırılması prosesi başladılacaq. Ölkədə müəyyən dərəcədə ixtisaslaşmış yanaşma özünü göstərməlidir”. Deputat bildirib ki, Azərbaycanda hamı bir-biri ilə bağlıdır, hamı hamının eyibini ört-basdır etməklə məşğuldur. Ona görə də həqiqətləri ortaya çıxarmaq çətindir: "Hesab edirəm ki, bu hadisə ölkədə ciddi silkələnmənin baş verməsinə gətirib çıxarmalıdır. Hadisə Azərbaycanda böyük bir kadr dəyişikliyinin başlanğıcı ola bilər. Sahəni bilməyən adamların əlindən o vəzifələr alınmalıdır. Sahənin mütəxəssisləri, ixtisasına uyğun, peşəsinə uyğun adamlar vəzifəyə gətirilməlidir”.
Millət vəkili Elman Nəsirov bildirib ki, son günlər əhalinin elektrik enerjisi və su ilə təminatında, habelə bundan qaynaqlanaraq bir sıra digər kommunal sferalarda yaranmış problemlər artıq öz həllini tapmaqdadır. Ajiotaj üçün heç bir əsas yoxdur:
"Həllini gözləyən bütün məsələlər cənab prezidentin tam nəzarətindədir. Bununla bağlı xüsusi Dövlət Komissiyası da yaradılıb. Yaranmış problemlərin səbəb və motivləri araşdırılır və bundan irəli gələn təxirəsalınmaz tədbirlər görülməkdədir. Heç şübhəsiz, günahkarlar cəzalandırılacaq. Bu həqiqəti bir aksiom kimi qəbul etmək lazımdır. Məni bu sətirləri yazmağa vadar edən başqa bir məsələyə mövqe bildirmək istəyirəm. Bəzi radikal ünsürlər baş vermiş bu kommunal problemlərə siyasi don geydirmək istəyir, rəngləri tündləşdirir, özləri üçün dividendlər əldə etməyə çalışırlar. Əvvəla, onu xüsusi olaraq vurğulamaq istəyirəm ki, belə antimilli ünsürlərin Azərbaycanı xaosda görməklə bağlı arzuları həmişə olduğu kimi, yenə də gözlərində qalacaq. Ölkəmizdə səfərbər olunmuş cəmiyyət var. Vətəndaş həmrəyliyi mövcuddur. Xalq-hakimiyyət birliyi sarsılmazdır. Xalq öz prezidentinin arxasındadır. Prezident də yalnız öz xalqına güvənir və onun mənafeyindən çıxış edir. Sabitliyimizin əsasında duran əsas amil də məhz bununla bağlıdır. Öz-özlüyündə ciddi narahatlıq doğuran son kommunal problemlər belə, məlum həqiqəti bir daha təsdiqlədi ki, xalq dövlətimizin başçısına inanır, güvənir və onun iradəsini müdafiə edir”.
"Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev deyib ki, Prezident İlham Əliyevin yanında ölkənin enerji sistemində vəziyyətlə əlaqədar müşavirənin keçirilməsi göstərdi ki, Azərbaycanın təhlükəsizliyi ilə bağlı bütün məsələlər dövlət başçısının nəzarətindədir:
"Ölkə rəhbərinin Mingəçevir İstilik Elektrik Stansiyasında baş vermiş qəza ilə yaxından maraqlanması Azərbaycan Prezidentinin ölkədə baş verənlərə nə qədər həssaslıqla yanaşdığının əyani sübutudur. Prezidentin tapşırığı ilə yaradılan Dövlət Komissiyası və bu komissiyanın üzərinə qoyulan vəzifələrin əsas məqsədi qəzanın başvermə səbəblərini araşdırmaq və hadisədə məsuliyyətli olan şəxslərin cəzalandırılmasıdır. Heç bir ölkə bu cür hadisələrdən sığortalanmayıb. Dünya təcrübəsində belə hadisələrin olduğunu görmək mümkündür. Hətta ABŞ-da, Avropa ölkələrində belə qəza səbəbindən elektrik enerjisi saatlarla dayandırılıb. Lakin ölkə başçısının ötən gün keçirilən müşavirədə də qeyd etdiyi kimi, hazırda qarşıya qoyulan məqsəd qəzaya qədər həyata keçirilən işlərdə yanlışlıqların araşdırılması və burada günahkarların məsuliyyətə cəlb olunmasıdır”. Ekspert söyləyib ki, Prezident İlham Əliyevin ötən gün müşavirədə vətəndaşların qəza nəticəsində nə qədər əziyyət çəkdiyini xüsusi vurğulaması, dövlət başçısının həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayandığını bir daha göstərmiş oldu: "Prezident hər zaman olduğu kimi bu məsələdə də vətəndaşların yanında oldu və onlara çətin sınaqda həmrəylik göstərdiklərinə görə təşəkkürünü bildirdi. Ölkə başçısının müşavirədə söylədiyi kimi, həqiqətən də dövlət qurumlarının və vətəndaşların həmrəylik göstərməsi nəticəsində Azərbaycan cəmiyyəti çətin sınaqdan şərəflə çıxa bildi”.
İsmayıl