Müsbət dəyişikliklərin şahidi olacağıq
Vətəndaş ödədiyi artıq pulun qarşılığında yüksək xidmətdən yararlana biləcək
Tarif Şurasının nəqliyyat xidmətlərinin qiymətinin tənzimlənməsinə dair qərarından sonra sosial şəbəkədə və anti-Azərbaycan qüvvələrin ruporu kimi çıxış edən mətbuat vasitələrində hədyanlar yayılmağa başladı. Nəinki iqtisadiyyatdan, tarifdən, qiymətlərin tənzimlənməsindən, heç adi hesablamalardan da başı çıxmayan "mütəxəssislər” cəmiyyətə dərs verməyə çalışdılar. Lakin heç biri Tarif Şurasının qərarının əsassız olduğunu "sübut etmək” üçün konkret arqumentlər gətirə bilmədilər.
Müxtəlif dünya ölkələrində analoji xidmətlərə görə ödəmə haqqı ilə Azərbaycandakı vəziyyətin müqayisəli təhlilindən də söz açan tapılmadı. Sadəcə gözü yumulu alınan qərarın "yanlış” olduğunu isbat etməyə çalışdılar. Bu qərarın əsaslı olduğunu deyən iqtisadçılar, həqiqi mütəxəssislər isə konkret faktlara, rəqəmlərə istinad edərək qiymət artımını əsaslandırdılar.
Tarif Şurasının qiymət artımı ilə bağlı qərarına münasibət bildirən yol və nəqliyyat üzrə ekspert Azər Allahverənov "Şərq”ə açıqlamasında deyib ki, qiymət artımından əldə olunan vəsait nəqliyyat sahəsində infrastrukturun yenilənməsinə yönələcək. Bu da həmin sahədə müsbət dəyişikliklərə səbəb olacaq. Ekspertin sözlərinə görə, dövlət subsidiyaları olmadan nəqliyyat vasitələrinin, xüsusən metropelitenin fəaliyyəti mümkün deyil: "Həmin subsidiyalar hesabına yeni qatarlar alınır, müasir texnologiyalar tətbiq olunur.
Sərf olunan vəsaitin çox az hissəsi vətəndaşlardan toplanan gəlir hesabına təmin olunursa, böyük hissəsi dövlətin büdcəsindən ayrılan subsidiyalar hesabına təmin edilir. Məlumdur ki, metropolitendə zaman-zaman qiymət artımı baş verib. Xatırlayırsızsa, metroda gediş haqqı əvvəl 15 qəpik idi, daha sonra 20 qəpik oldu. Bildiyimiz kimi, 2015-2017- ci illərdə yanacağın qiymətində artım baş vermişdi. Bu, devalvasiyadan sonra baş verən proseslər idi. O zaman nəqliyyat sahəsində qiymət artımı gözlənilən idi, lakin bu, baş vermədi.
İnsanların üzərinə əlavə yük qoyulmadı. Uzun müddətdir bununla bağlı müzakirələr aparılırdı və bu məsələ gündəmdə saxlanılırdı. Bununla yanaşı Bakıətrafı qəsəbələrdə fəaliyyət göstərən marşrut avtobusları rentabelli işləmədiyinə görə, sahibkarlar nəqliyyat parkını yeniləyə bilmirdilər. Bu da insanların narazılığına səbəb olurdu. Əlbəttə, burada "Baku Bus” istisnadır. Ancaq nəzərə alaq ki, "Baku Bus” dövlətin maliyyəsi hesabına yaradıldığı üçün keyfiyyətli xidmət verir”.
Ekspert vurğulayıb ki, vətəndaş ödədiyi artıq pulun qarşılığında yüksək xidmətdən yararlana biləcək. Yüksək keyfiyyət müqabilində müəyyən qədər xərc çəkmək mümkündür.
Düşünürəm ki, belə də olacaq. Artan qiymət infrastruktur yenilənməsinə və keyfiyyət artımına yönələcək və bu da vətəndaşlar tərəfindən rəğbətlə qarşılanacaq. Tarif Şurası bu qərarı verməyə məcbur olub”.
A.Allahverənov vurğulayıb ki, qiymət artımı alternativ marşrut xətlərinin qurulmasına şərait yaradacaq: "Məsələn, mərkəzlə ətraf qəsəbələri əlaqələndirən sürət qatarları şəbəkəsinin qurulması. Hərcənd ki, bu sahənin inkişaf etdirilməsi hazırda gündəmdədir. Bakı ilə Sumqayıt arasında sürət qatarı fəaliyyət göstərir. Məsafə nöqteyi-nəzərindən sürət qatarında qiymətlər aşağıdır.
İnsanlar böyük məmnuniyyətlə istifadə edə bilərlər. Belə olduğu halda, bu, onların məsrəflərinin azalmasına gətirib çıxardır. Ümid edirəm ki, bu qiymət artımı keyfiyyətin daha da artmasına gətirib çıxaracaq və insanların ixtiyarına alternativ xidmətlər veriləcək. Bir şeyi də qeyd edim ki, xarici ölkələrdə insanlara güzəştli paketlər təklif olunur. Məsələn, tələbələr, əlillər və aztəminatlı ailələrin nümayəndələri üçün gediş haqlarında güzəştlər tətbiq olunur. Bu məsələ də gündəmdə saxlanıla bilər. Qiymət artımı baş verir, lakin əhalinin müəyyən təbəqəsi üçün güzəştlər olur”.
İlahiyyatçı Əkrəm Həsənov da bəyan edib ki, ölkə üçün heç bir əmək sərf etməyən bəzi insanlar sosial şəbəkədə ağıllarına gələni yazırlar: "Dünya ölkələri ilə müqayisədə rəsmi xəbərlərdən götürdüyüm rəqəmləri yazanda acıqlarını məndən çıxırlar. Məsələn, indi desəm ki, ən ucuz metro qiyməti bizim ölkədədir, yenə də üstümə gəlməyə başlayacaqlar. Siz bilirsinizmi ki, hazırda MDB məkanında ən ucuz metro Azərbaycandadır. Belarusda metroda gediş haqqı 55 qəpik, Kiyevdə 47-50 qəpikdir. Rusiyada isə dəfələrlə bahadır. Avropadakı qiymətlərlə isə müqayisə etməyə belə dəyməz. Onu da nəzərə alaq ki, ölkəmizdə metroda bir sərnişinin daşınması 47 qəpiyə başa gəlir. Yəni gediş haqqının qiyməti 30 qəpiyə qaldırılsa da, bir sərnişinin metroda daşınma xərcinin 17 qəpiyini yenə dövlət özü ödəyir”.
İsmayıl