Şou-biznes yoxdu deyə, o sahədə susqunluq yaşanır deyə, bizim də o sahədən mövzu götürməyə bir səbəbimiz olmur
Müşfiq Abbasov: “Bu, nə qədər etikdi?
Siz əslində bizdən oğurluq etmiş olursunuz”
Şou-biznes yoxdu deyə, o sahədə susqunluq yaşanır deyə, bizim də o sahədən mövzu götürməyə bir səbəbimiz olmur
Şou-biznes yoxdu deyə, o sahədə susqunluq yaşanır deyə, bizim də o sahədən mövzu götürməyə bir səbəbimiz olmur
Bu günün tamaşaçısını güldürmək əslində o qədər asan deyil. Amma onlar bunu bacarır. "Bu şəhərdə”nin sakinləri Azərbaycan səhnəsində düşündürərək güldürməyi bacarırlar. Yəqin elə bu səbəbdən onların hər konserti böyük anşlaqla keçirir. Bu qədər krizisli dönəmdə belə "Bu şəhərdə”yə tələbat azalmır. Bu günlərdə komanda növbəti uğurlu konsert proqramını tamaşaçılara təqdim etdi.
"Bu şəhərdə” komandasının beş günlük konserti başa çatdı. Komandanın ssenaristi Müşfiq Abbasov tədbirləri ilə bağlı fikrini bölüşüb.
O bildirib ki, bəziləri onlardan dəvətnaməni alıb pulla başqalarına satıb: "Mart konsertimizdə bileti pulla alıb və ya dəvətnamə ilə gələn tamaşaçılarımız var olsun. Amma yalvara-yalvara, alçala-alçala, xahişlə dəvətnamə alıb, sonra onu bayırda ucuz qiymətə satmaq istəyən alçaq, şərəfsiz, ləyaqətsizlərə yazıram: siz alçaq, şərəfsiz və ləyaqətsizsiniz.
Ön sıralarda dəvətnamə ilə gəlib əyləşən, konsertin axırına qədər yerindən durmadan, telefonla danışmadan, pərdə bağlanana qədər oturan, konsert bitdikdən sonra bizə təbrik və təriflə birlikdə nöqsanımızı deyən şou-biznes əhlinə, dostlarımıza təşəkkür edirik. Biz hər şeyi görüb və yadımızda saxlayırıq”.
Müşfiq Abbasovla konsertdən sonra söhbətləşdik. Son konsert proqramında dəvətnamələri onlardan alıb pulla satıldığını iddia edən komandanın ssenaristi maraqlı açıqlama verdi:
"Bu konsertdə bizə bəlli oldu ki, yalvarıb min bir xahişlə bizdən dəvətnamə istəyənlər sonra o dəvətnamələri Sarayın qarşısında pulla satırlar. Sən demə, əvvəlllər də bu kimi hallar baş verib. Bu il bizə o dəvətnamələri satanların şəkilləri də göndərildi. Telefonumuza gələn görüntülərdən də aydın olur ki, dəvətnamələri kassanın yanında baha qiymətə satanlar olub. İnanın, bu bizi məyus edir. Elə insanlar var ki, dəfələrlə mənə zəng edib xahiş edirlər, "anama, atama, qardaşıma dəvətnamə verin”. Üzdən utanıb veririk. Sonra bəlli olur ki, o dəvətnamə pulla satılır. Bu, nə qədər etikdi? Siz əslində bizdən oğurluq etmiş olursunuz. Həm də bu oğurluq çox kreativ tərzdə aparılır. Xahişlə, minnətlə bizdən alınan dəvətnaməni 100 manata satırsız. Buna nə ad vermək olar?”.
- Bu gün tamaşaçını güldürmək o qədər asan olmasa da, siz bunu bacarırsız. İldən-ilə tamaşaçını güldürmək çətin olur, ya artıq bir strategiyanız var?
- Bilirsiz, əslində tamaşaçını ağıllı şəkildə güldürmək həmişə çətin olub. Sadəcə məsuliyyət hiss edib hər proqrama hazırlaşmaq lazımdı. Biz tamaşaçı qarşısında məsuliyyətimizi hiss edirik. Ona görə də hər çıxışımıza ciddi şəkildə hazırlaşırıq. Tələbat var, bu, göz önündədi. Biz bu günə qədər tamaşaçı qıtlığı yaşamamışıq. Çünki düşündürərək tamaşaçını güldürməyə çalışırıq. Biz insanlara yaxın olan problemlərini təqdim edirik. Görünür, tamaşaçıya da ən çox xoş gələn odur ki, sən onun qarşılaşdığı çətinliyi, problemi aktuallaşdıra bilirsən. Biz onları düşündürən məsələlərə üstünlük veririk. Onların içində olub onlardan biri ola bilirik. Bu da insanlara xoş gəlir.
- Əvvəllər tanınmışları parodiya edirdiz. İnciyən də olurdu, normal qəbul edənlər də. Amma son konsertlərdə bu parodiyalara az rast gəlinir.
- Bilirsiz, əvvəllər şou-biznes var idi və orda baş verən maraqlı məqamlardan biz də istifadə edirdik. Hansısa müğənni aktual olurdu, ya hansısa mahnısı maraqlı olurdu. Bu gün Azərbaycanda şou-biznes demək olar yoxdu. Şou-biznes yoxdu deyə, o sahədə susqunluq yaşanır deyə, bizim də o sahədən mövzu götürməyə bir səbəbimiz olmur. Şou-biznesdə heç nə baş vermirsə, onları necə parodiya edə bilərik? Bir arada var idi, biz də istifadə edirdik. İndi sıfır vəziyyətdədi şou aləmi. Biz bu gün daha çox ailə-məişət problemlərinə üstünlük veririk.
- "Bu şəhərdə”nin konsert proqramları davam edəcəkmi?
- Martın 17-18-də Naxçıvan şəhərində konsert proqramı ilə çıxış edirik. Aprelin 22-23-də Moskvada konsert proqramımız olacaq. Mayın 6-da Qarabağda, Ağdamda "Bu şəhərdə”nin konserti olacaq. Yeri gəlmişkən, bunu ilk dəfə sizin qəzetə bildirmiş olduq. Daha sonra bir neçə digər bölgələrdə konsert proqramları olacaq. Yayda dincəlib, bir də payızda, oktyabr ayında "Bu şəhərdə” 17 yaşımızı qeyd edərik. Maraqlı bir proqramla tamaşaçı qarşısına çıxmağı düşünürük.
- Bu illərdə rəqiblərinizlə münasibətləriniz necə olub? "Planet Parni iz Baku” ilə özünüzü rəqib hesab edirsiz?
- Təəssüflər olsun ki, rəqibimiz yoxdu. Rəqibimiz olsaydı, daha çox inkişaf edərdik. Çünki rəqib olanda çalışırsan ki, rəqabətdə qalib olasan, onlardan daha maraqlı işlər ortaya qoyasan. Rəqib olmayanda, özün-özünlə nə qədər çalışsan da, mübarizə apara bilmirsən. Bir az maraqsız görünür. Sən özün özünü necə üstələyə bilərsən ki? Amma rəqib olanda onun yeni işi sənin ondan da maraqlı layihə ortaya qoymağına stimul verir. "Planet Parni iz Baku” ilə bizim aramızda janr fərqi var. Biz onları rəqib görmürük. Çünki fərqli auditoriyalarımız var. Stilistikamız da fərqlidir. Eyni zamanda "Bozbaş” olsun. Onların da yolu fərqlidir. Qaldı tamaşaçı marağına, bizim konsertlər bizə olan marağın göstəricisidi.
Tahirə