Müşfiq Abbasovu “topa” tutdular

“Paxıl olma, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim”




Son günlər Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki gərginlik hər bir Azərbaycan vətəndaşını narahat etdiyi qədər də, həm də qürurlandırdı. Təmas xəttində 4 gün ərzində əldə etdiyimiz qələbə bir daha Azərbaycan Ordusunun qüdrətini, şücaətini sübut etdi. Ermənilər Azərbaycan Ordusunun əzmini, Azərbaycan əsgərinin rəşadətini görüb qorxuya düşdülər.

Son günlər təmas xəttində yaşanan gərgin döyüşlər hər bir azərbaycanlıda həm də ruh yüksəkliyi, qələbə əzmi yaratdı. Təbii ki, təmas xəttində olan, cəbhə bölgələrində yaşayanlara dəstək olmaq, onlara baş çəkmək üçün paytaxtdan yüzlərlə insan Tərtər, Ağdam, Füzuli istiqamətinə üz tutdular. Elə tanınmışlar da təmas xəttində yerləşən hərbi hissələrə, əsgərlərə, yerli sakinlərə baş çəkməklə sanki bir az da olsa təsəlli tapmış oldular. Tanınmışların cəbhə bölgələrinə getməsi, instaqram səhifələrində əsgərlərlə, yerli sakinlərlə görüşlərindən xatirə şəkillərini paylaşması isə ictimaiyyətdə heç də birmənalı qarşılanmadı. Bəziləri bunun reklam xarakteri aldığını deyərək tanınmışları ittiham etdilər. Biz deyə bilmərik ki, bu məqamda kim haqlıdır, həqiqətən gedənlər yalnız reklam xatirinə əsgərlərin yanında oldular, ya yox. Amma bir həqiqət var ki, içində vətən sevgisi daşıyan hər bir vətəndaş əsgərlərimizə, ordumuza dəstək olmalıdır. Çox güman ki, tanınmışlar arasında da həqiqətən içində vətən, torpaq sevgisi daşıyanlar oldu. Və bu səfər, cəbhə bölgələrinə üz tutmaq təkcə reklam xarakteri daşımırdı.

İstənilən halda isə tanınmışların, şou-biznes nümayəndələrinin cəbhə bölgələrinə üz tutması müzakirə predmetinə çevrildi.

"Bu şəhərdə” komandasının prodüseri Müşfiq Abbasov cəbhə bölgəsinə yollanan və fotolarını sosial şəbəkədə paylaşan sənət adamlarını tənqid edib. Prodüser onları özlərini reklam etməkdə günahlandırıb: "Bu günlərdə bizləri bir çox həmvətənlərimiz, igidlərimiz, qəhrəmanlarımız ruhlandırdı. Yüz faiz qələbələrə əmin və zamin etdi. Amma fürsətdən istifadə edərək bəzi gədə-güdələr, alçaqlar, səviyyəsizlər özlərini reklam etməklə ifrat hissi oyatdı. Min şükür ki, kişilər "o” birilərdən çoxdur. Var ol Azərbaycan, var ol cənab Ali Baş Komandan, var ol cənab müdafiə naziri, var ol Azərbaycan zabiti və əsgəri”.

Müşfiq Abbasov "Şərq”ə açıqlama verib: "Mənim sözlərim həqiqət olduğu üçün bir çoxlarını yandırmış oldu. Bəli, yenə də qeyd edirəm ki, cəbhə bölgələrinə gedən şou əhli bununla özlərini reklam etməyə çalışdılar. Vətənpərvərlik insanın ürəyində, ruhunda baş qaldırmalıdı ilk əvvəl. Gedib orada bir-iki selfi çəkdirmək və bunu sosial şəbəkələrdə bol-bol yaymaq vətənpərvərlik deyil. İnandırım sizi, əgər həqiqətən səfərbərlik elan olunsa, müharibə başlasa, bu şou əhlindən orda bir "kişi”ni tapmaq mümkün olan deyil. Hamı qaçıb gizlənəcək. Əgər bu qədər vətən eşqi ilə yanırlarsa, onların içində özlərinə kişi deyənlər vaxtında vətən qarşısında borclarını verib əsgər gedəydilər də. Qaldı qadın sənətçilərə elə onlar da özlərini reklam etdilər ki, biz cəbhə bölgəsinə getdik. Əgər reklam məqsədi ilə getmirdilərsə, əsgərlərə sakitcə baş çəkəydilər, şəkil filan də çəkib sosial şəbəkədə paylaşmayaydılar. Desinlər də. Əsas odu hərə öz payına cəbhə bölgəsinə gedərək dəstək olmağa çalışdı. Birdə ki, bizim o qədər qüdrətli, nizamlı ordumuz var ki, onların şou-biznes əhlinin dəstəyinə də, köməyinə də ehtiyacı yoxdu. Düz söz acı soğan kimidi, adamı göynədir. Göynəməsinlər mən olanı dedim”.

Cəbhə bölgəsinə ilk üz tutan sənətçilərdən biri də xanəndə Zemfira İbrahimova idi. Zemfira "Şərq”ə açıqlamasında "mən hələ də başa düşə bilmirəm ki, bizim cəbhə bölgəsinə getməyimiz, güllə-baran altında yaşanan kənd əhlinə baş çəkməyimiz niyə bu qədər müzakirə olunur. Biz nə qəbahət iş tutmuşuq axı? Hər birimizin içində bir vətən sevgisi, bir qələbə ümidi var. Biz də bu dövlətin vətəndaşıyıq. Acısı da bizimdi, sevinci də. Heç kim bizi ora zorla aparmayıb. Nə də ora kamera götürüb klip çəkdirməyə getməmişdik. Sadəcə, bir az içimiz rahatlasın, yerli sakinlərə mənəvi dəstək olsun deyə, əsgərlərimiz bizi görüb bir qədər də ruhlansınlar deyə Tərtərə üz tutduq. Mən inanmıram ki, cəbhə bölgələrinə bu günlər üz tutan, əsgərlərimizdə ruh yüksəkliyi yaratmaq üçün bir xoş söz belə deyən insan bunu reklam üçün etmiş olsun. Belə məqamda kim reklamı düşünə bilər ki? Hərə öz düşüncəsi daxilində danışır. Hərənin bir baxış bucağı, bir məqsədi var. Mən cəbhə bölgəsinə gedəndə kiməsə xoş olsun deyə getməmişdim. Mən vicdanım rahat olsun deyə getmişəm. Eləcə də ora gedən digər sənətçi dostlarımızın adından da deyə bilərəm ki, biz ora ürəyimizin səsinə QULAQ asıb getdik. Ola bilər, elə böyük bir köməyimiz dəymədi, amma əsgərlərimiz bizi görüb sevindilərsə, bir ağız muğam oxumaqla onlara ruh yüksəkliyi verə bildimsə, buna şükür edirəm. Mən Vətənimi sevirəm. Vətənim var olsun deyirəm!”

M.Abbasovun bu sözləri müğənni Xatirə İslamı özündən çıxarıb. İfaçı prodüserin bu ittihamlarına sərt cavab verib: "Bu yazını gördüm və həyatı boyu inanmıram ki, bunu Müşfiq yazıb. Başa düşmədim insanların şəhid evlərinə, yaralılara baş çəkməsi, niyə Müşfiqə pis təsir edib ki? Bəlkə bir az getməyə gecikib deyə, əsəbidir. Vallah, bilsəydim təklif edərdim birlikdə gedərdik. Ay Müşfiq, sənət adamlarının oralara qədər gedib çıxması və bunun instaqrama verilməsi nə qədər oğullarımızda ruh yüksəkliyi yaratdı bilirsən? Bu paxıllığa son qoyun, bəsdirin. Bircə onu bilirəm ki, mən getdim və sonra bütün millət ayağa qalxdı. Bəli, kişilərimiz çoxdur, amma səni Tərtərdə görmədim. Gördüm, sən getmirsən, mən getdim də, bunun nəyi pisdir? Müğənniləri, prodüserləri pisləmək sənə yaraşmaz. Əzizim, ssenarində bir dəfə müğənniləri parodiya etmə, onları ələ salıb xalqa güldürmə. Görüm onda zalı doldura bilirsən? Kişi nədir, qadın nədir? Bu nə cinsiyyət söhbətləridir edirsiniz? Yığışın gedin, yas mərasimlərində iştirak edin. Artıq-əskik danışmayın, düşməni güldürməyin. Sözlərim xoşuna gəlməsə, yığarsan daha ətraflı başa salaram. Hörmətlə, Xatirədən "Bu şəhərdə” Müşviq Abbasova”.

Xatirə İslam sosial şəbəkədə ünvanına yazılan tənqidlərə cavab verib. İfaçı həmin kəslərə xəbərdarlıq edib: "Yuxudan durub "İnstaqram”a qaçırsız, izlədiyiniz adama xoş olmayan tikanlı atmacalar atırsız. Əlinizə nə keçir? Ermənilər bizim burada qırğınlarımıza baxırlar, bəlkə də gülməkdən ölürlər. Allah hamını bilir, ürəklərinə görə verir. Bu qurdluluqdan əl çəkin. Biri yazır ki, qazandığınız pulları əsgərlərə verin, digəri isə onlara ucuz siqaret aldığıma görə tənqid edir. Başqaları isə səngərə getmə səbəbimin reklam olduğunu bildirir.

Ay savadsız insan, mən reklam edirəm? Reklam etdiyimi harda görmüsən? Sən də qeyrətə gəl, bir siqaret alıb həmin ərazilərə get. Yanımda top atıldı, tank gördüm, daha sonra sizin yazılara fikir verdim. Yolda 180-lə sürərək qadın və uşağa yol verməyənləri görəndə... Kim olursan ol, amma insan ol. Allah köməyimiz olsun”.

Son günlər cəbhə bölgəsində gedən döyüşlərdə əsgərlərə dəstək olmaq məqsədi ilə müğənni Manaf Ağayev də təmas xəttində yerləşən hərbi hissədə olaraq əsgərlərə baş çəkib. Onunla bir yerdə qiraət ustası Pünhan İsmayıllı da əsgərin görüşünə gedənlər arasında olub. Onlar Horadiz şəhərində yerləşən "N” saylı hərbi hissəyə əsgərlərin istifadəsi üçün gərəkli olan ləvazimatlar göndəriblər. Yeri gəlmişkən, Manaf Ağayev təmas xəttinə iki oğlu Müşfiq və Elçinlə birgə yollanıb. Həmçinin, Manaf Ağayev sosial şəbəkələrdə Azərbaycan ordusuna dəstək olaraq "Vətən oğlu” mahnısı ilə əsgərləri qələbəyə səsləyib. Manaf Ağayev digər sənətçiləri də bu kampaniyanı davam etdirməyə dəvət edib.

Prodüser Tarix Əliyev də (Tolik) M.Abbasovun bu sözlərini qınayıb: "Bunu Müşfiq yazıbsa, məncə böyük səhv edib. Belə baxsan, Müşfiqdən çox əsgər yanına getmişik, yardımlar da etmişik. Hələ bu günə qədər heç bir yardım kampaniyasında nə Müşfiqi, nə də komandasını görmüşəm. Konsert verib, cibini doldurmaqla deyil, sən də belə yaxşı "kişisən”... Özün yazdığın kimi "o” dediklərin səndən yaxşı oldu getdi. Tərtər əsgərləri də onu səndən yaxşı qəbul etdi. Ən əsas da bunu etdi. Yaxşı ki, bunların yanında eyib işimiz yoxdur, özləri evdə oturub kişilikdən dəm vururlar. Edənləri də bəyənmirlər. Kişilikdən danışanlar, bəlkə əyninizə hərbi forma geyinib, könüllü gedəsiniz? Ali Baş Komandana yaltaqlanmaq lazım deyil. Onsuz da bəzilərinə ad verməyəcək. Bir də yadıma düşdü: kişiliyimə şübhəsi olanlar, hələ bəziləri kimi başqasının qarşısında təlxəklik etmirəm. Kişilik əməldə olmalıdır...”.

Qeyd edək ki, son günlər baş verənlərlə əlaqədar prodüser Tolik, müğənnilər Elton Hüseynəliyev, Xatirə İslam, Manaf Ağayev, Nadir Qafarzadə, Aysel Əlizadə, Sevil Səfərova, Zemfira İbrahimova, idmançı Kamil Zeynallı və başqaları əsgərlərə dəstək üçün cəbhə bölgəsinə yollanmışdı.

Tahirə