"Müşfiqin heykəlinin sökülməsini müsibətə çevirmək olmaz"

Aqşin Yenisey: "Lazm olan onun özü ilə bir yerdə edam olunan arzularını yaşatmaqdır"


"Bakıda bu gün minlərlə məktəbli, tələbə var ki, nəinki o abidənin Müşfiqin heykəli olduğunu, heç Azərbaycanın Müşfiq adlı şairinin olduğunu bilmir".

Bunu Sherg.az-a Mikayıl Müşfiqin Bakıdakı büstünün götürülməsindən danışarkən şair, publisist Aqşin Yenisey deyib.

Şair, qeyd edib ki, Müşfiqə gündə on dənə heykəl qoymaq olar, onun heykəlinin sökülməsini, bərpa edilməsini xalqın müsibətinə çevirmək lazım deyil:

" Lazım olan Müşfiqin ideyalarının sökülməməsi, unudulmaması üçün iş görməkdir. Onun özü ilə bir yerdə edam olunan arzularını yaşatmaqdır.

Qeyd edək ki, Mikayıl Müşfiqin büstü onun adını daşıyan parkda yerləşirdi. Büstün "Azəravtoyolservis” tərəfindən götürüldüyü məlum olub. "Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti”nin rəisi Zakir Sultanov APA-ya bildirib ki, "Azəravtoyolservis” məsələ ilə bağlı onlarla razılaşdırma aparmayıb: "Bizdə bu haqda məlumat olmayıb. Mən "Azəravtoyol” servislə danışdım, dedilər, büst dağıdılmayıb, sadəcə, götürülüb və onların bazasında saxlanılır. Hazırda bu məsələni araşdırırıq ki, həqiqəti üzə çıxaraq”. "Azəravtoyolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, büstün dağıdılması haqqında yazılanlar həqiqətə uyğun deyil:

"Büst dağıdılmayıb. Sadəcə, Sovetskidə yenidənqurma və genişləndirmə işləri aparılır. Mikayıl Müşfiqin büstü də həmin ərazidə yerləşirdi. Büst müvəqqəti olaraq götürülüb, təmir işləri başa çatandan sonra yenidən yerinə qaytarılacaq”.

Ayyət Əhməd