“Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir”

“Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir”Prezident: “Şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır”
"Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq”
Dünən Bakıda Azərbaycan xalqının milli bayramı - Novruz münasibətilə ümumxalq şənliyi keçirilib. Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva, ailə üzvləri, dövlət və hökumət nümayəndələri şənlikdə iştirak ediblər. Prezident İlham Əliyev Novruz tonqalını alovlandırıb.
Kosa və Keçəl prezident İlham Əliyevi və ailə üzvlərini bayram münasibətilə təbrik ediblər. Dövlət başçısı keçəllə yumurta döyüşdürüb.
Ulu babalarımızdan bugünkü nəslə yadigar qalan qədim el sənətlərinin nümayiş olunduğu şənlikdə, həmçinin Novruz bayramının rəmzi olan müxtəlif şirniyyat nümunələri də təqdim edilib.
Dövlət başçısı bayram şənliyində nitq söyləyib.
"Dağlıq Qarabağ münaqişəsinin hələ də həllini tapmaması təəssüf doğurur. Müxtəlif səviyyəli görüşlərin keçirilməsinə baxmayaraq, Ermənistan hələ də təxribatçı hərəkətlərindən əl çəkmir”.
Prezident qeyd edib ki, şəhidlərimizin qanı yerdə qalmamalıdır və yerdə qalmır: "Təmas xəttində ordumuz vəziyyətə tam nəzarət edir, ordumuz Vətəni ləyaqətlə qoruyur. Mən tam əminəm ki, biz istədiyimizə nail olacağıq, tarixi ədaləti, öz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınan ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Ondan sonra biz azərbaycanlılar bütün öz qədim torpaqlarımıza - İrəvana, Göyçəyə, Zəngəzur mahalına qayıdacağıq. Bu torpaqlar bizim qədim torpaqlarımızdır. Gənc nəsil də bilməlidir ki, bizim torpaqlarımız sadəcə, bugünkü müstəqil Azərbaycanın torpaqlarından ibarət deyil. Biz o torpaqlara da qayıtmalıyıq və qayıdacağıq. Hər gün çalışmalıyıq ki, o günü yaxınlaşdıraq”.
Dövlət başçısı qeyd edib ki, ordu quruculuğu əsas vəzifədir. O, Azərbaycan Ordusunun bu gün dünyada öz gücü, texniki təchizatı ilə fərqləndiyini də vurğulayıb.
"İqtidarla xalq arasında möhkəm birlik var”
"Azərbaycanda iqtidarla xalq arasında möhkəm birlik var”.
Bunu da prezidenti İlham Əliyev Novruz bayramı münasibətilə Bakıda keçirilən ümumxalq şənliyində çıxışı zamanı deyib.
Bir neçə gün əvvəl təməli qoyulan TANAP layihəsindən söz açan prezident İlham Əliyev qeyd edib ki, Azərbaycan öz enerji təhlükəsizliyini təmin edib: "Azərbaycanda hasil olunan qaz dünya və Avropa üçün böyük əhəmiyyət daşıyır. Görülən işlər Azərbaycanın geosiyasi əhəmiyyətini də artırır”.
Dövlət başçısı vurğulayıb ki, Azərbaycanın yürütdüyü siyasət ədalətlidir: "Azərbaycan bu gün dünya miqyasında nümunəvi ölkə kimi tanınır. Bakının inkişafı ilə əlaqədar həyata keçirilən tədbirlər bu gün paytaxtımızı dünya miqyaslı şəhərə çevirib”.
Biz müstəqil siyasət aparırıq
"Novruz bayramı bizim milli sərvətimizdir. Novruzun yalnız müstəqillik dövründə milli bayram kimi qeyd olunmasına başlanılıb”.
Dövlət başçısı qeyd edib ki, Azərbaycan müstəqillik illərində çətin sınaqlardan keçib, bununla belə, yalnız bu dövrdə xalqımız yüksək zirvələrə çatıb: "Hazırda dünya siyasətində ikili standartlar hökm sürür. Buna baxmayaraq, Azərbaycan inkişaf yolu ilə uğurla gedir. Biz müstəqil siyasət aparırıq. Müstəqillik bizim üçün ən böyük sərvət, ən böyük dəyərdir.
Əsrlər boyu xalqımız başqa dövlətlərin, imperiyaların tərkibində yaşayıb, ancaq öz milli xüsusiyyətlərini qoruyub saxlaya bilib. İlk növbədə milli dəyərlərimizə, bayramlarımıza, ədəbiyyatımıza, incəsənətimizə, doğma ana dilimizə görə biz xalq kimi özümüzü qoruya bilmişik. Bu gün isə biz azadıq, Azərbaycan xalqı öz taleyinin sahibidir. Bu günün reallıqları göstərir ki, yalnız müstəqillik dövründə xalqımız yüksək zirvələrə çata bilər”.
Dövlət başçısı qeyd edib ki, tariximizi nəzərə alsaq, bugünkü dövr ən sürətli inkişaf dövrüdür: "Biz bundan sonra da müstəqilliyimizi, xalqımızın rahat yaşamasını təmin edəcəyik”.