Müstəqillik, təhlükəsizlik və inkişaf

Bu gün dünyadakı siyasi, iqtisadi böhranlara baxmayaraq Azərbaycan regionda “sabitlik adası” kimi qalmaqdadır




Prezident İlham Əliyev Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirib. Ölkə rəhbəri Azərbaycanı qüdrətli dövlətə çevirmək məqsədini sadəcə deklorativ bəyanatlarla ifadə etmir, onun konkret icra mexanizmlərinin müəyyənləşdirilməsi istiqamətində də konkret addımlar atır. Fəaliyyətini daim ictimai inam və etimadı doğrultmaq məramı üzərində quran, hakimiyyətin mütəmadi olaraq gördüyü işlərlə bağlı xalqa hesabat verməyi idarəçilikdə mütərəqqi ənənə kimi formalaşdıran Prezident respublikamızın iqtisadi müstəqilliyini də möhkəmləndirib.

Dünyada dərin maliyyə böhranı, xüsusilə Avrasiya məkanında daha ciddi formalar alıb. İstər Avropada, istərsə də Asiyada iqtisadi tənəzzül müşahidə olunur. Lakin iqtisadi böhrana, siyasi və sosial kataklizmlərə baxmayaraq, Azərbaycan bu coğrafiyanın "sabitlik adası” kimi qalmaqdadır. İqtisadi aktivliyin hökumət tərəfindən dəstəklənməsi iqtisadiyyatın inkişaf dinamikasına müsbət təsir göstərmiş, xaricdən gələn müəyyən inflyasiya meyillərinə baxmayaraq, makroiqtisadi sabitlik qorunmuşdur.

Azərbaycanda düşünülmüş, müstəqil siyasət aparılır

Prezident İlham Əliyev bəyan edib ki, qarşımızda duran strateji vəzifə Azərbaycanın müstəqilliyini daha da möhkəmləndirmək və bütün sahələr üzrə onu dünyanın inkişaf etmiş, rəqabətədavamlı ölkələri sırasına çıxarmaqdır. Ölkəmizin iqtisadi inkişaf dinamikası əvvəllər resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru yüksək artım tempinə malikdir. Dünyanın iqtisadi cəhətdən qabaqcıl dövlətlərinin onilliklər boyu keçdiyi inkişaf mərhələlərini qısa zaman kəsiyində sürətlə keçən Azərbaycan azad və mütərəqqi düşüncə tərzinin diktə etdiyi azad bazar iqtisadiyyatı, demokratiya və vətəndaş cəmiyyəti quruculuğu yoluna sadiqliyini sübuta yetirmişdir. Ölkə rəhbərinin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində də məhz milli ideyaların gerçəkləşdirilməsi dayanmışdır.

Azərbaycan iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır

Dövlət başçısının ötən 12 ildə yürütdüyü siyasət deməyə əsas verir ki, respublikamız davamlı iqtisadi inkişafa və demokratiyaya doğru kor-koranə deyil, təkamül yolu ilə irəliləməyə üstünlük verir. Odur ki, ölkəmizin sabit və tarazlı iqtisadi inkişafı yalnız demokratik yeniliklərin geniş tətbiqindən keçir. Dövlət başçısı bu iki təmayülü biri-birindən ayırmadan Azərbaycanın milli strateji inkişafını təmin edib, iqtisadi tərəqqi və demokratikləşmə prosesinin üzvi vəhdətinə nail olmağın vacibliyini dəfələrlə önə çəkib. Avropa ölkələrinin qaçqın böhranı ilə üzləşməsi və iqtisadi sahədə böyük çətinliklərlə üzləşməsi fonunda Azərbaycanda makroiqtisadi sabitliyin qorunması mühüm nailiyyət sayıla bilər. Ölkəmizin demokratik yolla tərəqqisi, inkişaf etmiş dövlətlər sırasına daxil olmağın strateji hədəf kimi qarşıya qoyulması antiazərbaycançı şəbəkəni əməlli-başlı qayğılandırır. Avropada bəzi təşkilatların Azərbaycana qarşı zaman-zaman qərəzli mövqeyinin səbəbləri də kifayət qədər üzdədir. Son illər respublikamız iqtisadi və siyasi baxımdan kifayət qədər güclənərək regionda inkişafını məhz daxili imkanları hesabına təmin edən yeganə dövlətə çevrilib. Qarşıya qoyduğu bütün hədəflərə uğurla çatan Azərbaycan özünəməxsus milli inkişaf modeli ilə müasir dünyanın yeni iqtisadi fenomeninə çevrilmək əzmi nümayiş etdirir. Bu gün dünyada müstəqil siyasət yürüdən ölkəmizə olan qısqanc münasibət açıq-aşkar görünməkdədir. Ölkə rəhbəri Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Azərbaycanın müstəqil dövlət kimi inkişaf strategiyasını belə xarakterizə edib: "Əlbəttə, müstəqil siyasət aparmağımız bizə bəzi problemlər də yaradır. Çünki bu gün dünyada qütbləşmə göz qabağındadır, bu proses gedir. Böyük ölkələr öz təsir dairələrini genişləndirmək istəyirlər və görəndə ki, dünyada müstəqil, öz sözünü deyən, heç kimdən çəkinməyən, prinsipial ölkə var, əlbəttə, bu, onları qıcıqlandırır. Ancaq bu, bizi narahat etməməlidir. Bu məsələlərə, ümumiyyətlə, mən fikir vermirəm. Çünki mənim üçün əsas məsələ ölkəmizin təhlükəsizliyi, inkişafı və sabitliyidir. Ona görə, Azərbaycan bundan sonra da müstəqillik yolu ilə gedəcək. Bu gün dünyada artıq Azərbaycanın inkişaf modeli haqqında danışılır. Həm siyasi sahədə, beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında, multikulturalizmlə bağlı bizim təcrübəmiz öyrənilir. Həm də hesab edirəm ki, iqtisadi inkişaf modelimiz də bu gün bir çox ölkələr üçün cəlbedici ola bilər. Çünki biz şaxələndirmə yolu ilə gedirik. Ölkə iqtisadiyyatı artıq çoxşaxəli iqtisadiyyatdır. Qeyri-neft sektoru ümumi daxili məhsulun təxminən 70 faizini təşkil edir. Biz son illər ərzində aparılan islahatlar nəticəsində bu səviyyəyə qalxa bilmişik. Müstəqillik, müstəqil siyasət, milli maraqlar bizim üçün əsas vəzifədir, əsas məsələdir. Biz bundan sonra da Azərbaycanın seçimini qoruyacağıq, bütün təzyiqlərə, bəzi hallarda təxribatlara baxmayaraq, öz yolumuzdan dönməyəcəyik. Sosial-iqtisadi göstəricilərimiz də bir daha təsdiq və sübut edir ki, biz düzgün yoldayıq”.

Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanları yaradır

Azərbaycan dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliyi sahəsində ən yüksək nailiyyət qazanıb. Şərqi Avropada "yaşıl iqtisadiyyat”ın tədqiqini aparan ilk ölkə olub. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır. Xəzərin zəngin karbohidrogen ehtiyatlarının daha böyük həcmdə dünya bazarlarına çıxarılması ölkəmizin iqtisadi potensialını gücləndirməklə qarşıda yeni perspektivlərə yol açır. Prezidentin yeritdiyi uğurlu diplomatiya sayəsində dünya siyasətinə təsir imkanları getdikcə artan Azərbaycanın bütövlükdə Avratlantika coğrafi arealında sülh, tərəqqi və əməkdaşlıq paytaxtına, habelə beynəlxalq miqyaslı enerji-kommunikasiya layihələrinin lokomotivinə çevrildiyi getdikcə daha qabarıq sezilir. Bu xarici siyasət strategiyası müstəqil dövlətimizin milli mənafelərinə hörmətlə yanaşan bütün beynəlxalq təşkilatlar və xarici dövlətlərlə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi müstəvisi üzərində qurulub. Azərbaycan cəmiyyəti bütün liberal dəyərləri mənimsəmiş, insan hüquq və azadlıqlarının təminatı, demokratikləşmə sahəsində mühüm uğurlara imza atıb.

Qlobal maliyyə böhranı şəraitində Azərbaycanda makroiqtisadi sabitlik təmin edilib

Qlobal maliyyə böhranının yeni mərhələyə keçdiyi bir şəraitdə Azərbaycanda görülən qabaqlayıcı tədbirlər sayəsində makroiqtisadi sabitlik təmin edilib. Maliyyə resurslarının səmərəli realizəsi hökumətin qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına da əlverişli imkanlar yaradıb. Bu baxımdan 2015-ci ilin ilk doqquz ayında da ölkə iqtisadiyyatında müsbət meyillər davam edib. 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunları ölkə iqtisadiyyatında heç bir geriləmənin olmadığını göstərib. Bütün bunlar ölkə rəhbərinin müəyyənləşdirdiyi iqtisadi prioritetlərin dayanıqlı əsaslara söykəndiyini, respublikanın gerçək potensialı ilə uzlaşdığını təsdiq edir. Ötən müddətdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar cənab İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin əməli fəaliyyətə, praqmatizmə söykəndiyini göstərib. Hökumətin çevik və işlək fəaliyyət mexanizmlərinə əsaslanmaqla müəyyənləşdirdiyi sığortalayıcı mexanizmlərin hər bir mərhələ üzrə işə salınması, daxili maliyyə mənbələrinin bu destruktiv prosesə qarşı səfərbər edilməsi son nəticədə respublikanın qlobal böhrana potensial müqavimət əzmini gücləndirib.

Ölkəmizdə dayanıqlı və sabit inkişaf üçün proqressiv proqram və konsepsiyalar həyata keçirilir

Cənab İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq, hökumətin fəaliyyəti ilə bağlı müntəzəm hesabat verməsi cəmiyyətdə şəffaflığın və sosial ədalət normalarının qorunmasını təmin edir, dövlət məmurlarının xalq və Prezident qarşısında məsuliyyətini artırır, onları qarşıya qoyulmuş vəzifələrin uğurla həyata keçirilməsi üçün daha səylə çalışmağa sövq edir. 2015-ci ilin doqquz ayında iqtisadi siyasətin prioritet istiqamətləri olan makroiqtisadi sabitliyin möhkəmləndirilməsi, qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, regionların tarazlı inkişafı təmin edilib. Dünyada neftin qiymətinin kəskin aşağı düşməsi müəyyən çətinliklər yaratsa da, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlar ölkəmizin dayanıqlı inkişafını təmin edib. Bu da respublikada iqtisadi sahədə həyata keçirilən siyasətin kifayət qədər praqmatik olduğunu və reallıqlara əsaslandığını, detallarına qədər uzaqgörənliklə düşünüldüyünü təsdiqləyir.

Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə lider mövqeyini qoruyur

Prezident İlham Əliyevin düşünülmüş və uzaqgörən siyasəti sayəsində yaradılmış siyasi və makroiqtisadi sabitlik, güclü iqtisadi potensial, vaxtında aparılan islahatlar sahibkarlığın inkişaf etdirilməsi mümkün olmuşdur. Bir neçə gün əvvəl dərc edilmiş Qlobal Rəqabət Qabiliyyəti hesabatında Azərbaycan iqtisadiyyatı rəqabət qabiliyyəti səviyyəsinə görə 140 ölkə arasında 40-cı yerdə qərarlaşaraq MDB məkanında 7 ildir lider mövqeyini qoruyub. "G-20”yə üzv olan 8 ölkəni qabaqlayıb, "Makroiqtisadi vəziyyət” göstəricisi üzrə 10-cu yer tutub, biznesin təkmilləşdirilməsi, əmtəə bazarının səmərəliyi, daxili bazarın həcmi, infrastruktur göstəriciləri üzrə əhəmiyyətli irəliləyişlərə nail olub. Avqust ayında "Fitch” beynəlxalq reytinq agentliyi ölkəmizin reytinqini investisiya səviyyəsində bir daha təsdiq edərək proqnozu "sabit” saxlayıb. Bu günlərdə Beynəlxalq Valyuta Fondu Azərbaycanın 2015-ci il üçün iqtisadi artım proqnozunu 4 faizədək yüksəldib. Cari ilin 9 ayında ümumi daxili məhsul 3,7 faiz artıb. Aparılan şaxələndirmə siyasətinin nəticəsidir ki, qeyri-neft sektorunun real artım tempi 6,4 faiz olub. Ümumilikdə qeyri-neft sektorunda yaradılan əlavə dəyər 2003-cü illə müqayisədə 8 dəfədən çox yüksəlib. Qeyri-neft sektorunun ümumi daxili məhsulda payı 69 faizə çatıb. Bütün sosial proqramlar uğurla yerinə yetirilib. Azərbaycanda qlobal böhran şəraitində mühüm dövlət proqramlarının icrasının davam etdirilməsi ölkəmizdə aparılan uğurlu iqtisadi siyasətdən xəbər verir. Bütün bunlar isə deməyə əsas verir ki, dövlət başçısı İlham Əliyevin uğurla yürütdüyü iqtisadi siyasət qarşıdakı illərdə də müsbət nəticələrini verəcək, respublikamız ən qısa zamanda inkişaf etmiş ölkələrin səviyyəsinə yüksələcək.

İsmayıl