Müstəqilliyin qazanılması çətin tarixi prosesdir
Aydın Mirzəzadə: “1988-ci ildən etibarən müstəqilliklə bağlı təqdim olunan anlaşılmaz, müəmmalı, təhlükəli variantlardan fərqli olaraq, ümummilli lider Heydər Əliyev ən uğurlu modeli irəli sürürdü”
Dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunan rəsmi qəbulda Prezident İlham Əliyevin söylədiyi nitq olduqca əhəmiyyətli idi. Çıxışda həm keçilən yolun bütün sahələri əhatə edildi, həm də qarşıdakı mərhələnin əsas prioritetləri elan olundu. Müstəqillik illərini tarixi cəhətdən 3 dövrə ayıran Prezidentin mülahizələrinin məntiqi nəticəsi isə artıq istiqlal salnaməmizin dördüncü mərhələsinin - Azərbaycanın dünya miqyaslı qüdrətli, nüfuzlu və inkişaf etmiş dövlətə çevrilmə prosesinin başlanmasını göstərir. Prezidentin çıxışının müxtəlif aspektlərdən təhlili vacibdir və bu nitq şübhəsiz ki, gündəmin əsas mövzusu kimi uzun müddət ictimaiyyət arasında, həmçinin nəzəri müddəalarına görə elmi dairələrdə geniş müzakirə ediləcək.
Bir məqamı xüsusi vurğulamalıyıq ki, Prezident İlham Əliyevin o qədər də uzaq olmayan tarixə və birbaşa iştirakçısı olduğumuz faktlara münasibəti obyektiv, ədalətli, səhih və rasional idi. Prezidentin "Biz tarixi bilməliyik, yaddan çıxarmamalıyıq” tezisi müstəqilliyimizin çətin və şərəfli yolunun tam öyrənilməsi üçün bizləri təftişçilikdən uzaq, amma doğru yanaşmaya səsləyir. 1991-ci ildə Azərbaycan SSRİ-nin 15 ölkəsi arasında dövlət müstəqilliyini elan edən 13-cü ölkə idi. Biz heç ilk onluqda da deyildik. İlk üçlükdə olmağı haqq etdiyimizə baxmayaraq, sondan üçüncü idik! Həmin dövrdə xalqın azadlıq mücadiləsinin boğulmasında, 20 Yanvar şəhidlərinin qanının batırılmasında, istiqlal ideyalarını yayanların susdurulmasında, bir sözlə, Azərbaycanın müstəqillikdən uzaq salınmasında yeganə günahkar ölkə rəhbərliyi və əsas müxalifət cinahı idi. Ölkədə iki qrup qarşı-qarşıya dayanmışdı - Ayaz Mütəllibovun timsalında müstəqilliyə qənim kəsilən rəhbərlik və imperiyanın rəsmi buyruqçuları və AXC ətrafında birləşən macəraçılar... Müstəqillik ideyaları mahiyyətcə biri-birindən fərqlənməyən bu iki tərəfin hakimiyyət savaşları fonunda real nəticəyə çatmırdı. Xalqın azadlıq mübarizəsi məhz bu iki qrupun ambisiyalarına qurban gedirdi. Amma Azərbaycanda Ulu Öndər Heydər Əliyevin şəxsində müstəqilliyin əsl fədakarları da var idi. Onlar dünyada və ittifaqda baş verən prosesləri düzgün müəyyənləşdirir, istiqlaliyyətin dərhal elan olunmasını bəyan edir, müstəqil dövlətçiliyə gedilən yolun konkret və əsaslandırılmış formatını göstərir, aydın hədəfləri açıqlayırdılar. 1988-ci ildən etibarən Azərbaycan ictimaiyyətinə müstəqilliklə bağlı təqdim olunan anlaşılmaz, müəmmalı, təhlükəli variantlardan fərqli olaraq, ümummilli lider Heydər Əliyev ən uğurlu modeli irəli sürürdü. 1991-ci ildən isə artıq siyasi fəaliyyətə başlayan Heydər Əliyev həmin dövrdə Dağlıq Qarabağ probleminin həlli kontekstində müstəqilliyin dərhal elan olunmasını israrla tələb edir, bunun yolunu konkret təkliflərlə göstərirdi. Prezident İlham Əliyevin rəsmi qəbulda səsləndirdiyi "ulu öndər Heydər Əliyev Azərbaycanın dövlət müstəqilliyinin təşəbbüskarıdır, onun banisidir” fikrinin isbata ehtiyacı yoxdur. 1993-cü ilin iyununda istiqlaliyyətimiz yenidən iflas həddində olarkən, yeganə xilaskar kimi məhz Heydər Əliyev ortaya çıxdı və müstəqilliyimizi, dövlətçiliyimizi, taleyimizi bu şəxsiyyətə etibar etdik. Bu seçimin nəticəsi isə müstəqilliyin 25-ci ildönümünü misilsiz nailiyyətləri ilə qeyd edən Azərbaycanın mənzərəsidir! Bu baxımdan tam əminliklə söyləmək olar ki, ümummilli lider Heydər Əliyev Azərbaycana real müstəqillik bəxş edən azadlıq hərəkatının şəriksiz lideri, milli mücadilənin öndəridir. Dövlət başçısı İlham Əliyev çıxışında Azərbaycanın 25 illik müstəqillik tarixini üç qrupa ayırdı: - 1991-1993-cü illər - faciəvi dövr, 1991-1992-ci illər - itirilmiş imkanlar dövrü, 1992-1993-cü illər - rüsvayçılıq və fəlakət dövrləri, 1993-2003-cü illərisə inkişaf və sabitlik dövrü adlandırdı. 2003-cü ildən başlanan mərhələni isə sürətli inkişaf dövrü kimi qələmə verdi. Üçüncü dövrü ikinci dövrün məntiqi davamı sayan Prezidentin mülahizələrini təhlil etsək, əslində, məmləkətimizin dördüncü mərhələyə qədəm qoyduğunu da tam əsasla söyləyə bilərik. İlk üç mərhələnin - ötən 25 ilin məntiqi nəticəsi Azərbaycanın dövlət müstəqilliyinin daimiliyinin, dönməzliyinin tam təsbitidir! Yəni, artıq Azərbaycanın müstəqilliyi tam gerçəkləşib, müqəddəratı heç bir mübahisə doğurmur, gələcəyi ciddi təhlükələrdən xilas olub! Bu, Heydər Əliyev siyasi kursunun və İlham Əliyevin prezidentlik fəaliyyətinin ən böyük nailiyyəti, Azərbaycana bəxş etdikləri ən möhtəşəm üstünlükdür! İlham Əliyevin liderliyində Azərbaycan 25 illik müstəqillik tarixinin şərəfli dövrlərinə böyük qürurla yekun vuraraq, istiqlalının daha müasir hədəflərini əks etdirən yeni inkişaf salnaməsini yazmağa başlayır. Müstəqilliyin dördüncü mərhələsi də ənənəvi olaraq, üçüncünün - sürətli inkişaf dövrünün məntiqi davamıdır. Ümumdünya böhranı şəraitində milli inkişafını qoruyub saxlaya bilən Azərbaycan yeni qlobal çağırışlara uyğun modern islahatlara başlayıb. Bu islahatları uğurla sonlandırmaq, ölkənin sosial-iqtisadi inkişafını yeni dövrün tələbləri səviyyəsində daha da sürətləndirmək hakimiyyətin əsas məramıdır. Beynəlxalq birliyin nüfuzlu üzvünə və bölgənin şəriksiz liderinə çevrilən Azərbaycanın əsas hədəflərindən biri inkişaf etmiş dövlətə çevrilməkdir. Demokratiya yolunda qazanılan nailiyyətlərin miqyasını genişləndirərək bu sahədə də ən mükəmməl modeli yaratmaq iqtidarın məqsədidir. Bunlar müstəqilliyinin növbəti mərhələsinin əsas istiqamətlərinin bir qismidir. Bu mərhələnin əsl adını da yəqin ki, 10 ildən sonra - onun hesabatını verərkən müəyyənləşdirəcəyik. Lakin indidən aydındır ki, bu dövr də tarixə sürətli inkişaf, modern islahatlar mərhələsi kimi həkk ediləcək. Şəksiz olan bir həqiqət də var: bugünkü nailiyyətlər qarşıdakı 25 illik müstəqillik dövrünün də böyük uğurlarının təməli olacaq!
Millət vəkili Aydın Mirzəzadə də 18 Oktyabrın Azərbaycan üçün tarixi gün olduğunu vurğulayıb: "Müstəqilliyin qazanılması çətin tarixi prosesdir və şübhəsiz, vətənimizin istiqlaliyyətinin yenidən qazanılmasında sovet Azərbaycanına rəhbərlik edən, daha sonra SSRİ-nin rəhbərliyində təmsil olunan ümummilli liderimiz Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz onun respublikaya rəhbərlik etdiyi dövrdə Azərbaycanın gələcək müstəqilliyini təmin edə biləcək bütün resurslar səfərbər edildi, təşkilatlandırıldı. Təəssüf ki, müstəqilliyin bərpasının ilk dönəmlərində - 1991-93-cü illərdə ölkəyə rəhbərlik etmiş siyasi qrupların səriştəsizliyi Azərbaycanı bir sıra çətin problemlərlə üz-üzə qoydu. Lakin 1993-cü ildə Heydər Əliyevin yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycanın müstəqillik yolunda real inkişafı başladı, ölkənin neft və digər mühüm sahələr üzrə inkişaf strategiyaları hazırlandı, həyata keçirilməyə başladı. Ümummilli liderimizdən sonra xalqın iradəsi ilə hakimiyyətə gəlmiş cənab Prezident İlham Əliyev bu xətti davam və inkişaf etdirdi. Bunun nəticəsində Azərbaycan öz müstəqil siyasəti ilə nəinki regionda, bütün dünyada söz sahibi olan nüfuzlu dövlətə çevrilib. Mən şübhə etmirəm ki, cənab Prezidentin rəhbərliyi ilə bu inkişaf tendensiyası davamlı olacaq”.
İsmayıl