Heç bir qanunda yazılmayıb ki, məktəbli formaları mütləq Tikiş Evindən alınmalıdır
Yeni dərs ilinin başlamasına 1 aydan da az vaxt qalıb. Bu aydan etibarən valideynlər ticarət mərkəzlərində büdcələrinə uyğun alış-veriş edirlər. Məktəbə hazırlığın ən vacib elementi isə təbii ki, məktəbli formalarıdı. Amma bu gün məktəbli forması valideynlər üçün sanki bir problem halını alıb. Çünki bəzi valideynlər qiymətlərin baha olmasından narazıdır.
Qeyd edək ki, ölkəmizdə məktəbli formalarının tikilişi ilə əsasən Bakı Tikiş Evi (BTE) məşğul olur. Müəssisədə aşağı siniflər üçün bir dəstin qiyməti 40 manat, yuxarı sinif şagirdləri üçün isə 46 manat təşkil edir. Buna baxmayaraq valideynlər bir çox bazarlarda BTE-nin satış qiymətindən daha ucuz məktəbli formasının olduğunu və bu formaları əldə etməyin düzgünlüyünü bildirirlər. BTE-dən verilən məlumata görə isə, satışda olan ucuz məktəbli formaları mənşəyi bilinməyən, saxta və keyfiyyətsizdir. Ona görə də valideynlərə məsləhət görülür ki, övladları üçün məktəbli forması seçərkən BTE-nin emblemi olan məhsullara üstünlük versinlər, əks halda aldana bilərlər.
Bəs görəsən, bu məsələdə valideynlərə haqq qazandırmaq olarmı? Şagirdlər üçün nəzərdə tutulan məktəbli formalarının yalnız BTE tərəfindən satışının düzgün olmadığını deyən təhsil üzrə ekspert Əjdər Ağayev "Şərq”ə açıqlamasında bildirib ki, bazar iqtisadiyyatı şəraitində rəqabət mövcuddur. Ola bilsin ki, BTE hər yaşa uyğun keyfiyyətli məktəbli formasının tikilməsində ixtisaslaşıb. Lakin bu o demək deyil ki, məktəbli formalarını yalnız BTE bazara çıxarmalıdır:
"Kapitalizm və iqtisadi münasibətlər tələb edir ki, istehsal müəssisələri rəqabətə girsin və satışla məşğul olsun. Əslində məsələ bu formada da qurulmalıdır. Hər şeyi BTE ətrafında birləşdirmək bizim bazar iqtisadiyyatı şəraitimiz üçün uyğun deyil. Mütləq rəqabət olmalıdır, əgər rəqabət olsa, o zaman qiymətlərdə də ucuzlaşma olar. Satış bazarında olarkən valideyn baxmalıdır, əgər həmin ucuz formalar keyfiyyəti təmin edirsə, formanı əldə edə bilər.
Heç bir qanunda yazılmayıb ki, məktəbli formaları mütləq Tikiş Evindən alınmalıdır. Valideynlər əsasən məhsulun keyfiyyətinə, paltarın duruşuna, əyində oturuşunda fikir verməlidir. İndi o qədər bahalıqdır ki... Dərmanlarda, mağazalarda, hər yerdə qiymətlər bahadı. Bütün valideynlər bu bahalığa tab gətirə bilmir. Ona görə axtarırlar ki, harda ucuzu varsa, onu əldə etsinlər. Bu məsələdə mən valideynlərin haqlı olduğunu düşünürəm”.
Yeganə Bayramova