Nadir Qafarzadə: “Məni “Maşın”dan iki telefondan gələn səslərlə uzaqlaşdırdılar”
“Sona Fərda ilə Elcan qalacaq. Elcanın çəkisi, tələbatı onu bəlkə yora bilər. Bu məntiqlə baxanda Fərda mübarizədə daha dözümlü ola bilər”
Nadir Qafarzadə üçün "Maşın” əldən getdi. Əslində "Maşın” realiti-şousu həqiqətən bütün diqqətləri özünə yönəldib. Maşın ətrafında baş verənlər, iştirakçılar arasında çəkişmələrə hərənin öz marağı var.
Son gedən iştirakçılardan biri də Nadir Qafarzadə oldu ki, səsvermə zamanı lazımi səsi toplaya bilmədi.
"Maşın”la bağlı təəssüratlarını Nadir Qafarzadə "Şərq”ə danışdı.
- Maşın ətrafında nə baş verir?
- Maşın ətrafında həqiqətən güclü oyunlar gedir. Kim oynamağı bacarırsa, finala qədər gedə bilər.
- Niyə hədəfin Sərxan oldu? Onu zəif rəqib hesab etdin, ya əksinə, güclü idi deyə onu seçdin?
- Mən ora çıxmağa məcbur qaldım. Maşın ətrafında getdikcə həm də doğmalaşa bilirsən. Bilmirsən kimi kənarlaşdırasan ki, inciməsin. Məni məcbur etdilər ki, ora çıxım. Mən də çıxılmaz vəziyyətdə qaldım, kimi çıxarmağa qərar verə bilmirdim. Ona görə də Sərxana ərk edib adını çəkdim. Mən düşündüm ki, Sərxanla münasibətlərimiz yaxşıdı, o məni başa düşər hər halda. Onsuz da əlini çəkib gedəcəkdisə, məni anlaya bilərdi. Onunla dost idim. O məqamda mənim ərk etdiyim insan idi. Mən bilməzdim ki, məndən inciyə bilər. Mən uduzdum, getdim. Amma xalq səsverməsində uduzduğumu düşünmürəm.
- Yəni deyirsən ki, xalqın göndərdiyi səs səni ordan uzaqlaşdırmayıb?
- Bəli, mən 2-3 insanın səslərinə görə ordan uzaqlaşdırıldım.
- Yəni sifarişlə səslərin gəldiyini iddia edirsən?
- Bəli, orda bu gün qalan iştirakçılardan, bir də çıxanlardan olan insanlar var ki, məhz onların əli ilə "getsin”ə daha çox səs gəldi. Mən bunu dəqiqləşdirdim də. Mənə "getsin”ə bir-iki nömrədən konkret "getsin” üçün səs göndərən olub ki, böyük məbləğ qoyulub. Artıq bilirəm ki, "getsin”ə səs göndərən nömrələrin arxasında duranlar kimlərdi. Mən onlar üçün güclü rəqib idim. Bir də mənə olan paxıllığın nəticəsində işarə etdilər, səs göndərib məni şoudan uzaqlaşdırdılar. Çox güclü surətdə mənim getməyimə iki nömrədən səs gəlirdi. Mən də bunu araşdırdım, bildim ki, kimin adamlarıdı, hansı iştirakçının sifarişi ilə mənə "getsin” deyə səs gəlirdi. Kimin adamıdı bilirəm, o adam bu gün də maşındadı.
- Yəni sənə qarşı bir kampaniya aparıldı ki, gedəsən?
- Bəli, mən xalqın səsi ilə deyil, iki nəfərin göndərdiyi SMS-lər ilə "Maşın”dan getdim. O adam məni güclü rəqib sayırdı. Hədəfi mən idim. Sakitcə məni o şoudan uzaqlaşdırdı. O insan elə bilirdi ki, mən solu göstərib, sağı vuracam. Ona görə də özündən narahat qalmışdı, elə bilirdi səs toplasam onu çıxaracam. Sərxanın adını sadəcə şou xatirinə deyirəm.
- Maşın ətrafında nə qədər maskalanmış simalar var idi?
- İnanın, əksəriyyəti maskalanmışdı. Hələ kameradan kənarda olanlardan tamaşaçı xəbərsizdi. Biri-birini o qədər çirkin təhqir edirdilər ki, mən dəli olurdum. "Sən özünə kişi deyirsən”, "sən kişi deyilsən” deyən adamın maşına görə əlindən öpənlər oldu. Yəni insan nə qədər şəxsiyyətini alçaldar ki, maşına görə təhqiri öpərək qəbul edə bilər. Mən bunlara dözə bilmirdim. "Maşın”da bəzilərinin yerinə xəcalət çəkib utanırdım. Əlimi götürüb gedə bilmirdim, çünki biz ora müqavilə bağlayıb qatılmışıq. Müqaviləyə əsasən maşından əlini bilə-bilə götürmək olmaz.
- Amma götürənlər oldu...
- Oldu. Tolik əsəblərini cilovlaya bilmədi, Sərxan əlini götürdü. Mən axı Murada hörmət edib bu şouya qatılmışam. Səbəbsiz gedişlər şounun gedişatına təsirini göstərə bilir. Mən hörmətsizlik etmək istəmədim.
- Nadir Qafarzadə üçün şouda elə adam oldu ki, simasını itirmiş göründü?
- Bəli, o qədər insan oldu ki, mən onların əsl üzünü görəndə heyrətləndim. Yəni maskalarını görməmişdim. Maskaları cırıldı. "Maşın” bir məktəb oldu həyatımda. Mənə təsirini göstərdi. Mən qərar verdim ki, insan göründüyü kimi olmaya bilərmiş. Əsas maşın deyil. İnanın, o nə qədər bahalı olsa da, dəmir parçasıdır. Ordan simasını itirib gedənlər hansı pulla onu geri almağı düşünürlər? Mən sevinirəm ki, mən ordan simamı itirmədən gedə bildim.
- Proqnozların necədi? Səncə, sona kimlər qalacaq?
- Mənim proqnozuma görə, sona üç iştirakçı qalacaq. İki gün ərzində Oksana və İslam ordan gedəcəklər. Mübarizə Aqil M.Quliyev, Elcan və Fərda arasında aparılacaq. Sona Fərda ilə Elcan qalacaq. Elcanın çəkisi, tələbatı onu bəlkə yora bilər. Yəni çox yeyən, su içən insandı. Çəkisini də nəzərə alsaq, ayaqları onu sonda yora bilər. Bu məntiqlə baxanda Fərda mübarizədə daha dözümlü ola bilər. Fiziki imkanları da buna imkan verir. Mənə elə gəlir ikisindən biri maşının sahibi ola bilər.
Tahirə