Nalbandyan həyasız və sarsaq açıqlama verdi

Necə yəni Türkiyə Dağlıq Qarabağ probleminə qarışmasın?!




"Türkiyə həmişə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində problem yaradıb”. Bunu Ermənistan XİN rəhbəri Edvard Nalbandyan deyib. Nalbandyan vurğulayıb ki, Türkiyə bir tərəfdən Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın mövqeyini dəstəkləyir və digər tərəfdən isə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin səylərinə qarışır: "Əgər rəsmi Ankara həqiqətən kömək etmək istəyirsə, qoy onda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən uzaq olsun”.

Məsələyə münasibət bildirən politoloq Qabil Hüseynli nazirin açıqlamasını absurd, həyasız və insanı qəzəbləndirən yanaşma adlandırıb: "Belə sarsaq açıqlamanı ancaq erməni siyasətçidən gözləmək olar. Necə yəni Türkiyə Dağlıq Qarabağ probleminə qarışmasın?! Bütün bu ərazilərin hamısı elə türk torpaqlarıdır. Burada səlcuq və qıpçaq türklərinin at nallarının izi var. Türkiyə türkləri ilə Azərbaycan türkləri arasında heç bir fərq yoxdur. Türkiyə dövləti ermənilərin işğal altında saxladığı Dağlıq Qarabağ torpaqlarının mənəvi varisidir. Bu torpaqların təəssübünü çəkməyə onların da mənəvi haqqı çatır. Necə olur ki, Rusiya ermənilərlə birlikdə torpaqlarımızı işğal edəndə və soyqırım törədəndə, düşmənin ürəyinə yağ kimi yayılır, amma canı-qanı eyni olan türk xalqları bir-birinə yardım edəndə buna etiraz edirlər”.

Politoloqun fikrincə, Türkiyə məsələyə daha tez qarışmalı idi: "Prezident Ərdoğan özü də etiraf etdi ki, əgər Türkiyə 1992-93-cü illərdə indiki gücündə olsaydı, qətiyyən erməni təcavüzünün bu şəkildə yayılmasına icazə verməzdi. Ərdoğan tarixi məsuliyyətini dərk edərək bu sözləri dedi. Nalbandyan bilməlidir ki, hayların torpağı nə indiki Ermənistan ərazisidir, nə də ki Dağlıq Qarabağ. Haylar getsin Mesopatomiyadakı ulu babalarının torpaqlarının axtarışında olsunlar. Dağlıq Qarabağ məsələsində bizim nə qədər haqqımız varsa, türklərin də o qədər haqqı var”.

İsmayıl