Ekspertlər səfirliyin gecikmiş bəyanatını səmimilikdən çox uzaq açıqlama hesab edirlər
İranın Azərbaycandakı səfirliyi Nardaran hadisələri ilə bağlı bəyanat yayıb. Bəyanatda bildirilib ki, İran heç vaxt Azərbaycanın daxili işlərinə qarışmaq məqsədi güdməyib və Nardaran hadisələrinin baş verməsində heç bir rolu olmayıb. "İran daim dost ölkələrdə sabitliyin və əmin-amanlığın bərqərar olunmasını istəyib və prinsipial bir siyasət olaraq problemlərin, ixtilafların zorakı yollarla həllinə qarşı olub.
Təbii ki, İranın Azərbaycanın daxili işlərinə qarışması barədə Azərbaycanın rəsmi orqanları tərəfindən hər hansı sübut və dəlil təqdim olunduğu təqdirdə məsələ mütləq araşdırılacaq. Biz əminik ki, bu barədə heç bir sənəd və dəlil yoxdur. İranın bütün ölkələrə, xüsusilə qonşulara və özəlliklə də Azərbaycana qarşı xarici siyasəti daim mehriban qonşuluq, konstruktiv əməkdaşlıq və daxili işlərə qarışmama prinsiplərinə əsaslanıb, bu siyasəti əməldə də icra edib”.
Səfirin açıqlamasına münasibət bildirən "Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı "Şərq”ə söyləyib ki, bu işdə İranın birbaşa "əli”var. Təşkilat sədrinin sözlərinə görə, adıçəkilən qəsəbə sanki İranın vilayəti, sakinləri isə o ölkənin vətəndaşlarıdır: "Hansı ölkə etiraf edər ki, Azərbaycanda qan tökülməsində və polisin öldürülməsində "əl”im var. Səfirin bunu etiraf etməsi artıq iki ölkə arasında böyük bir böhran yaradar. Əlbəttə, etiraf etməzlər. Buna rəğmən hər kəs yaxşı bilir ki, Nardaran sakinləri İranın dedikləri ilə oturub dururlar. Bu məsələ vaxtında çözülməli idi ki, bunlar belə kök salmasın”.
Politoloq Qabil Hüseynli də söyləyib ki, Nardaranda baş verən hadisələrdə İranın izinin olması danılmazdır: "İran dövləti, hələ də, bizim müstəqilliyimizi qəbul edə bilmir. Orada təxribat törədən şəxslər İranın agentləridir”.
Ekspertin qənaətincə, Nardaranda dini təxribatla məşğul olan şəxsləri İran maliyyələşdirir: "Çünki gizli çəkilmiş videokadrlardan da görünür ki, Taleh Bağırov iranlı ayətullahların əllərini əyilərək öpür. Nardaran İranla sıx əlaqədə olan kənddir. Orada keçirilən tədbirlərdə Azərbaycan bayrağına, Azərbaycanın simvollarına rast gəlmək çox çətin olur. İran və ya dini xarakterli bayraqlara daha çox rast gəlinir”.
Q.Hüseynli hesab edir ki, son hadisələr Nardaran sakinlərinin silahlandığını göstərdi: "Onlar bu silahları haradan alıblar? Kim verib? Görünür, kimsə Nardaran sakinlərinin silahlanmasında maraqlı görünür. Guya onların məqsədi dinə əsaslanan şəriət dövləti yaratmaqdır. Nardaran İran inqilabının ixracına bənzəyən modelidir. Nardaran ciddi şəkildə nəzarətə alınmalıdır. Hadisələr bu həddə gəlib çıxmamalıydı, əvvəlcədən profilaktik tədbirlər görülməliydi”.
Politoloqun fikrincə, "Müsəlman birliyi "təşkilatı” "Müsəlman qardaşları təşkilatının” prototipidir və rayonlarda yayılıb: "Bu hadisəni dövlətçilik üçün, millətin gələcəyi üçün təhlükəli addım hesab edirəm. Fikrimcə, ciddi tədbirlər görülməlidir. İmkan vermək lazım deyil ki, bu kimi dini provakatorlar əhalinin gözünü boyasın”.
Həmsöhbətimiz onu da əlavə edib ki, tutulan Taleh Bağırzadə və onun dəstəsi İrandan maliyyə dəstəyi alaraq, dövlətə qarşı təxribata əl atmaq niyyətində olub: "Dini savadı kifayət qədər olmayan bir şəxsin bahalı maşınlarda gəzməsi nəyin hesabına başa gələ bilər? Təbii ki, pulun. Pul da müxtəlif mənbələrdən, İrandan gəlir”.
Ayyət Əhməd