Nardaranın qaranlıq pərdəsi aralandı
Artıq qəsəbə müasir Azərbaycanın içində özünə yer alacaq
Nardaran qəsəbəsi uzun müddət spesifik "qanunlar”la yaşayıb və Azərbaycanın sosial-mədəni mühitindən təcrid olunub. Bu yaşayış məskəni orta əsrlər "anklavı” təəssüratı bağışlayırdı. Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizləndi və öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarıldı.
Son günlər qəsəbədə bərpa və quruculuq işlərinin sürətləndirilməsi, mədəni-sosial həyatın canlandırılması, sakinlərin sosial rifahının yaxşılaşdırılması istiqamətində də addımlar atılmaqdadır. Belə ki, nəqliyyat sistemi yenidən təşkil edildi və böyük miqdarda borclara baxmayaraq, 1000-ə yaxın ailəyə işıq verilməsi bərpa olundu. Hökumət "Azərişıq”, "Azərsu” Açıq Səhmdar Cəmiyyətləri, "Azəriqaz” İstehsalat Birliyi və "Azəravtoyolservis” Səhmdar Cəmiyyəti rəhbərlikləri qarşısında qəsəbənin sosial problemlərinin həlli istiqamətində konkret tapşırıqlar qoyuldu. Bununla yanaşı, Prezident İlham Əliyevin sərəncamına əsasən Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədi ilə 12 milyon manat məbləğində vəsait ayrıldı. Məlumat üçün bildirək ki, bu, ilkin məbləğdir. Qəsəbənin problemlərinin həlli, abadlıq-quruculuq işləri, mədəni həyatın inkişafı, sosial rifahın artırılması istiqamətində bundan sonra da müvafiq addımlar atılacaq.
Nardaranla bağlı atılan addımları "Şərq”ə dəyərləndirən millət vəkili, Fəzail Ağamalı deyib ki, Prezident Azərbaycanın bütün yaşayış məskənlərinin abadlaşdırılmasına, müasirləşməsinə son dərəcə ciddi əhəmiyyət verir: "Etiraf olunmalıdır ki, Nardaran müəyyən səbəblər ucbatından Azərbaycanın ümumi inkişafından kənarda idi. Çünki Nardaranda müəyyən qüvvələr təcrid siyasəti həyata keçirirdi. Xarici anti-Azərbaycan qüvvələrinin təsiri altında olan, reallığı başa düşməyən, savadsız şəxslər Nardaran camaatını cəhalət və qaranlıq içində saxlayırdı. Əlbəttə, bunu qəbul etmək olmazdı. Çünki Nardaran digər yaşayış məntəqələrimiz kimi bizə doğmadır, əzizdir. Kənd sakinləri bizim soydaşımızdır. Onlar Azərbaycanın ümumi inkişafının içərisində olmalı idilər. Uğurlarımız Nardaranın inkişafına da öz təsirini göstərməli idi. Lakin cəhdlərə baxmayaraq, bu, reallaşmadı. Nəhayət, Azərbaycan dövləti öz sözünü dedi və qara qüvvələrə, xarici ekstremist dairələrə qarşı öz iradəsini ortaya qoydu. İnanıram ki, artıq Nardaran orta əsrlər qaydası ilə idarə olunmaq ənənəsinə son qoyacaq”.
Deputatın sözlərinə görə, ayrılmış vəsait Nardaranın abadlaşmasına, sosial problemlərin həllinə, orada iş yerlərinin açılmasına və həyat şəraitinin yüksəlməsinə xidmət edəcək: "Prezidentin atmış olduğu bu addıma qarşılıq Nardaran camaatı onları cəhalətdə, əsarətdə saxlamaq istəyənlərə yox deməlidir. Qoy, əhali kənddə iradə nümayiş etdirsin və müasir Azərbaycanın içində yer alsın. Bunun üçün Nardaran ağsaqqallarının sözünə ehtiyac var. Azərbaycan dünyəvi dövlətdir və hər bir vətəndaşımız konstitusiyaya hörmət etməyə borcludur. Ümidvaram ki, Nardaran əhli Prezidentin onlara doğru atdığı humanist addımı yüksək səviyyədə qiymətləndirəcək”.
BAXCP sədr müavini, politoloq Elçin Mirzəbəyli də bildirib ki, hüquq-mühafizə orqanlarının həyata keçirdiyi əməliyyatdan sonra qəsəbə onu girovluqda saxlayan terror qruplaşmasından təmizlənib, öz dinc həyatına, ümumazərbaycan mühitinə qaytarılıb. Onun sözlərinə görə, insanlar artıq Azərbaycan dövlətinin bütün qanunlarının Nardaranda işlədiyini hiss etməyə başlayıblar: "Həmçinin, onlar dövlətin qayğısını öz üzərlərində hiss edirlər. Azərbaycan dövləti, Prezidenti öz vətəndaşlarına hər zaman qayğı ilə yanaşır. Təbii ki, Nardaranda sosial problemlərin həlli istiqamətində atılacaq addımları hər kəs gözləyirdi. Prezidentin sərəncamına əsasən, Nardaran qəsəbəsinin abadlaşdırılması, qəsəbədəki sosial-mədəni infrastrukturun yenilənməsi, qəsəbənin sosial problemlərinin həlli məqsədilə 12 milyon manat məbləğində vəsait çox əhəmiyyətlidir. Azərbaycanın digər bölgələrində olduğu kimi, Nardaranda da ölkənin sosial-iqtisadi inkişafından burada yaşayan insanların pay alacağı şübhəsizdir. İnsanlar artıq özlərini daha təhlükəsiz hiss etməyə başlayıblar. Nardaranda sosial-iqtisadi inkişafın təmin edilməsi, problemlərin həlli istiqamətində atılan addımların böyük töhfə verəcəyinə inanıram”.
İsmayıl