Narkoz dərd deyil...

Estetik əməliyyatların sayı artıb, özəl klinikalarda səriştəsiz həkimlər işləyir



Daha bir gənc həkim məsuliyyətsizliyinin qurbanı olub. Hadisə martın 18-də "StarMed” klinikasında qeydə alınıb. Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi olan Mürsəlova Leyla Namiq qızı dünən burnundan plastik əməliyyat olunmaq istəyib. Lakin tələbə qıza əməliyyat üçün narkoz verilən kimi o, dünyasını dəyişib. İlkin olaraq, qızın narkozun dozasının yüksək olması səbəbindən öldüyü ehtimal edilir.

Qeyd edək ki, burun əməliyyatı zamanı baş verən ölüm faktı ilə bağlı cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, həmin faktla bağlı

Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədi ilə məhkəmə-tibbi ekspertizası təyin edilib, əməliyyatı aparan həkim və klinikanın digər həkimləri iş üzrə dindirilib. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Hadisəni şərh edən tibb elmləri doktoru estetik-rekonstruktiv cərrah Adil Qeybulla isə hesab edir ki, ölümə səbəb narkozun dozasının artıq olması yox, narkozun tərkibinin bir-birinə adekvat olmaması ola bilər: "Əməliyyat masasında xəstənin dünyasını dəyişməsi artıq məhkəmə təbabətinin predmeti hesab olunur. İlk növbədə, əməliyyat zamanı anestesioloji vəziyyət dəqiqləşdirilməlidir. Həmçinin cərrahi əməliyyat zamanı həkimin hansısa qüsurlara yol verib-vermədiyi öyrənilməlidir. İndidən baş verən hadisə ilə bağlı konkret rəy bildirmək çətindir. Hər şey ekspert rəyindən sonra aşkara çıxacaq. Amma istənilən halda gənc qızın ölümü səbəbsiz deyil və bu hadisə obyektiv şəkildə araşdırılmalıdır”.

Azərbaycanda estetik əməliyyatların xüsusi çəkisinin xeyli dərəcədə artdığını vurğulayan professorun sözlərinə görə, əməliyyat zamanı müəyyən ağırlaşmalar, fəsadlar, pasiyentlər tərəfindən əsaslı və ya əsassız şəkildə qaldırılan iddialar və nəhayət, ölüm halları da göstərir ki, plastik əməliyyatların xüsusi çəkisi ümumi cərrahi əməliyyatlar sırasında xeyli artıb: "Gənc bir qızın əməliyyat zamanı dünyasını dəyişməsi təbii ki, sıradan bir hadisə deyil. Ola bilsin ki, qızın özündə hansısa xəstəlik olub. Bütün bunlar araşdırmalardan sonra ortaya çıxacaq və yalnız ekspertizanın rəyindən sonra hadisənin məhkəmə perspektivinin olub-olmaması müəyyən olacaq”.

Gənc qızın narkozun dozasının yüksək olması səbəbindən ölmə ehtimalına toxunan A.Qeybulla vurğulayıb ki, narkoz dozası düzgün ifadə deyil: "Narkoz üç komponentdən ibarət olur. Analgeriya, anesteziya və miorelaktasiya mərhələsi olur. Bu komponentlərin üçü də adekvat olanda əməliyyat zamanı xəstə üçün heç bir həyati təhlükə olmur. Odur ki, qızın ölümünə də narkozun dozasının artıq olması yox, bu komponentlərin adekvat olmaması səbəb ola bilər. Həmçinin ölümə narkoz aparatındakı müxtəlif texniki qüsurlar da səbəb ola bilər”.

Plastik əməliyyatların nə dərəcədə təhlükəli olduğuna gəldikdə isə A.Qeybulla deyib ki, burada söhbət əməliyyatın sona çatmasından yox, prosesin özündən gedir: "Əməliyyat zamanı qarşısı alınmayan qanaxma ola bilər. Həm də istənilən halda cərrahi əməliyyat prosesində hansısa ağırlaşma və ölüm hadisəsi baş veribsə, bu zaman narkozun gedişi ayrılıqda, cərrahi əməliyyatın gedişi isə ayrılıqda araşdırılmalıdır”.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin sözlərinə görə, nazirliyin sərəncamı ilə klinikanın fəaliyyəti və hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma başlayıb. Klinika ilə bağlı müvafiq qərar araşdırmalar başa çatandan sonra veriləcək.

Şəymən