NATO Qarabağ münaqişəsinin həllinə yardım edə bilməz
Təşkilat, sadəcə həyəcan siqnalı çalır ki, Cənubi Qafqazda böyük bir savaş təhlükəsi çıxa bilər
Ermənistanda səfərdə olan NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay NATO-ya üzv bütün ölkələrin Cənubi Qafqaz regionundakı silahlanmanın artmasından narahat olduğunu deyib.
Onun sözlərinə görə, bu hal siyasi gərginliyə səbəb olur: "Bildiyiniz kimi, NATO-ya üzv iki ölkə - ABŞ və Fransa ATƏT-in Minsk Qrupunun həmsədrləridir. Onlar Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prinsipinə sadiqdirlər.
Bu sahədə NATO-nun mövqeyi aydındır. Biz gərginliyin azaldılması, hərbi fəaliyyətlərin səviyyəsinin məhdudlaşdırılması və sülh prosesinin aparılmasını istəyirik”.
Regionda təhlükəsizlik məsələsini yaxından izlədiklərini söyləyən NATO təmsilçisi deyib ki, hazırda NATO ölkələri arasında narahatlıq kifayət qədər yüksəkdir. Bu yaxınlarda bu ərazidə toqquşmalar baş verib, kəskin bəyanatlar səsləndirilib, xəsarət alanlar olub. NATO birbaşa prosesə cəlb olunmayıb. Bizim mövqeyimiz Minsk Qrupuna kömək etməkdir. NATO tərəflər və Minsk Qrupu həmsədrləri tərəfindən problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara kömək göstərməyə davam edəcək.
Ceyms Appaturayın açıqlamasını şərh edən Azərbaycan Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri Natiq Miri isə "Şərq”ə açıqlamasında deyib ki, Cənubi Qafqaz NATO üçün kifayət qədər əhəmiyyətli bölgə olduğu üçün zaman- zaman təmsilçiləri öz narahatlıqlarını ifadə edirlər.
Azərbaycan və Ermənistanın daxil olduğu bu region bilavasitə Avropa məkanına daxildir. Bu məkanın isə əksər ölkələri NATO üzvləridir. Əgər Dağlıq Qarabağdakı münaqişə ocağı yenidən alovlansa, bu savaş sadəcə Azərbaycan və Ermənistan arasında məhdudlaşmayacaq.
Çünki bu prosesin arxasında maraqlı olan tərəflərdən biri dünya güclərindən hesab olunan Rusiyadır. Türkiyə isə qardaş ölkə olaraq Azərbaycanı müdafiəsiz qoymayacaq. Bu isə son nəticədə qlobal savaş təhlükəsi yaradır.
Dağlıq Qarabağ münaqişəsinin həllində NATO-nun hər hansı rol oynaması və bu təşkilatın hansısa təsir vasitələrindən istifadə etməsi məsələsinə gəldikdə isə N.Miri deyib ki, sözügedən təşkilat dəfələrlə problemin yalnız ATƏT-in Minsk Qrupu çərçivəsində həll olunmasının vacibliyini və NATO-nun bu prosesə qarışmadığını bəyan edib. Ona görə də, onlardan heç nə gözləməyə dəyməz: "İndiki şəraitdə, nə Ermənistan, nə Azərbaycan NATO-nun üzvüdür. Bu səbəbdən NATO-nun bu iki dövlət arasındakı hərbi münaqişənin həllinə çalışması, münaqişənin həlli üçün ya Ermənistana, ya da Azərbaycana təzyiq göstərməsi real deyil.
Hətta bu təşkilatın əlində hər hansı təsir imkanları olsa belə, təşkilatın bu cür addım atmasını gözləmək lazım deyil. Sadəcə NATO həyəcan siqnalı çalır ki, Cənubi Qafqazda böyük bir savaş təhlükəsi çıxa bilər. NATO üzvləri çox gözəl anlayır ki, alınan silah şəkil çəkdirmək üçün alınmır, nə vaxtsa həmin silahlar böyük hərb meydanında açılacaq. Xüsusilə də torpaqlarımızın işğal faktoru davam etdikcə, Azərbaycan bu siyasətlə barışmayacaq. Mütləq şəkildə bir gün öz torpaqlarını azad etmək üçün genişmiqyaslı əməliyyatlara başlayacaq. NATO məhz buna görə narahatdır”.
Dağlıq Qarabağ münaqişəsinin bu qədər uzanmasının məhz ATƏT-in problemi olduğunu vurğulayan politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu həmsədrləri bu münaqişənin həllində ikili standartlardan istifadə etdiyi üçün problemi həll edə bilmir: "Dağlıq Qarabağ probleminin həlli ilə bağlı BMT-nin mandat verdiyi ATƏT-in Minsk Qrupu məşğul olur.
Bu Minsk Qrupunda 3 həmsədr dövlət iştirak edir. Elə bu həmsədrlər özləri də dünyanın güc mərkəzləridir. Yəni, əlavə olaraq NATO-nun bu prosesə qarışması, tərəflərdən hansısa birinə təzyiq etməsi və yaxud da prosesə stimul verməsi, mənə elə gəlir ki, doğru olmazdı.
Təbii ki, bunu NATO rəhbərliyində anlayırlar. ATƏT-in Minsk Qrupunun həmsədr dövlətlərinin isə hər üçü Dağlıq Qarabağı bir müstəqil subyekt olaraq görmək istəyirlər. Münaqişənin 25 ildir uzanmasının əsas səbəbi də Azərbaycanın bu yöndə güzəştə getməməsi ilə bağlıdır. Əgər biz problemin həllinin həmsədrlərin fəaliyyəti çərçivəsində gözləyiriksə, daha 25 il də gözləməli olacağıq.
Artıq şərtləri Azərbaycan özü müəyyən etməli və onun üçün çəkilən dairə çərçivəsində hərəkət etməməlidir.
Əks halda bizim üçün yaradılan prosesin arxasınca sürünmək məcburiyyətində qalacağıq. Özümüz elə bir proses yaratmalıyıq ki, Minsk Qrupu həmsədrləri və digər beynəlxalq təşkilatlar real addımlar atmaq məcburiyyətində qalsınlar. Bütün münaqişələrdə beynəlxalq hüquq tətbiq olunsa da, Dağlıq Qarabağ münaqişəsinə gəldikdə dünya gücləri selektiv yanaşma sərgiləyir”.
Şəymən