Artıq başqa ali məktəbə köçürülmə elektron qaydada həyata keçiriləcək
Azərbaycanda tələbələrin bir ali məktəbdən digər ali məktəbə köçürülməsi elektron qaydada həyata keçiriləcək. Təhsil naziri Mikayıl Cabbarov deyib ki, tələbələrin elektron köçürülməsi zamanı məlum meyarlarda köklü dəyişikliklər etmək nəzərdə tutulmadığından cüzi dəyişikliklər olacaq:
"Burada söhbət kordinal dəyişikliklərdən getmir. Tələbə köçürmələri istiqamətində son 3 ildə böyük işlər görülüb. Bu proses tam şəffaflaşmış meyarlara əsasən həyata keçirilir. Prosesin elektronlaşdırılması tələbələrin qəbul imtahanlarında topladıqları ballar əsas götürülməklə, onların ixtisaslarının uyğunluğunu saxlamaqla, prosesin daha da şəffaf olması üçün bu istiqamətdə atılacaq növbəti addımdır”. M.Cabbarov əlavə edib ki, bir neçə il əvvəl bu sahədə qeyri-şəffaf hallara, çətinliklərə rast gəlinirdi. Onun sözlərinə görə, bu da əhalinin, tələbələrin haqlı narazılığına səbəb olurdu: "Meyarların, qaydaların aydın şəkildə tətbiq edilməsi, eləcə də elan edilməsində əsas məqsəd məhz insan faktorundan asılılığın aradan qaldırılması idi. Tələbə-universitet- təhsil sistemi münasibətlərinin sağlamlaşdırılması, şəffaf səviyyəyə çatdırılması üçün hazırda biz bu işin elektron platforma üzərindən həyata keçirilməsini hazırlayırıq. Hesab edirəm ki, bu iş yaxın aylarda yekunlaşacaq”. Elektron köçürmələrdən əvvəlki və sonrakı dəyişiklikləri "Şərq”ə müqayisə edən sabiq təhsil naziri, professor Firudin Cəlilov müsbət dəyişikliyə aparan bu addımın atılmasına çoxdan zərurət yarandığını bildirib: "Ali məktəb dəyişməsi o hallarda baş verirdi ki, qəbul olan tələbə ya qəbul olduğu fakültədən, universitetindən razı qalmırdı, ya da yaşadığı əraziyə uyğun məcburi dəyişməli olurdu. Fikir vermisinizsə, əvvəllər bir ali məktəbdən digər ali məktəbə köçürülməyə çox az hallarda rast gəlinirdi. Bu da prosesin həddən artıq çətin olmasından irəli gəlirdi. Əvvəllər bu köçürülmə prosesi rektorların əli ilə həyata keçirilirdi. Rüşvət və qanunsuzluq şəraitində, tələbələrin süründürülməsilə aparıldığına görə çox tələbə buna istək göstərmirdi. Lakin indi elektronlaşma zamanı bu proses asanlaşdığına görə artıq tələbələr rahat şəkildə universitetlərini dəyişə biləcəklər”. Universitet dəyişilməsi zamanı əsas götürülən meyarlara da toxunan F.Cəlilov indiki şəraitdə əsasən qəbul balları və fakültə uyğunluğu kimi göstəricilərin əsas götürülərək prosesin həyata keçiriləcəyini əlavə edib.
Aysel Aslan