Nazirlər parlamenti saya saymır

Vahid Əhmədov: “Günah bizdədir. Milli Məclis qanun çərçivəsində öz hörmətini saxlamalı, əvvəlki nüfuzunu qaytarmalıdır”



Milli Məclisin ötən günlərdə keçirilən iclasında hakim Yeni Azərbaycan Partiyasından olan millət vəkili Siyavuş Novruzov hökumət üzvlərini tənqid edib. O bildirib ki, iqtisadiyyat, təhsil, kənd təsərrüfatı və digər sahələri təmsil edən nazirlər iclasa qatılmayıblar:

"Bu nazirlərdən kimsə ezamiyyətdədirsə, müavinləri burada olmalıdır. İclasda büdcəyə yeniliklər, xərclər müzakirə olunur. Hamı ölkədə bu gün büdcə ilə maraqlanır. Maliyyə naziri Samir Şərifov xərclər barədə məlumat verdi. Amma bu, Samir Şərifovla Elman Rüstəmovun büdcəsi deyil ki, ancaq onlar iştirak edirlər. Hamının o nazirlərə sualı var. Mənim də sualım var. Amma burda yoxdurlar deyə, sualımı verə bilmirəm. Dövlət başçısı bizim qarşımızda yeni tələblər, vəzifələr qoyur. Onların bu cür yanaşması, bu müzakirələrdə iştirak etməməsi, büdcə ilə maraqlanmaması, bu mənada düzgün deyil”. Deputat Milli Məclis sədri Oqtay Əsədova müraciət edərək, iclasın gedişi ərəfəsində o nazirlərin iclasa çağırılması məsələsini qaldırıb. O.Əsədov isə bildirib ki, deputatın tələbi aidiyyəti üzrə çatdırılacaq.

Millət vəkilinin iradlarını dəyərləndirən deputat həmkarı Vahid Əhmədov bildirib ki, bu məsələdə S.Novruzovla həmfikirdir: "Nazirlərin bir çoxu səfərdə olsa da, onların müavinləri iclasda iştirak edə bilərdilər. Amma onlar da gəlmədilər. Büdcə müzakirəsi zamanı bir, iki nazirdən başqa heç kim yox idi ki, sualları cavablandırsın. Təəssüflər olsun, Milli Məclisə qarşı xoş olmayan münasibət göstərilir. Hesab edirəm ki, ölkə üçün əhəmiyyətli məsələlərin müzakirəsinə hər kəs qatılmalıdır. Nazirlər, hökumət rəsmiləri gəlib suallara cavab verməlidirlər” - deyə millət vəkili vurğulayıb”.

Parlamentarinin qənaətincə, parlament əvvəlki hörmətini geri qaytarmalıdır: "Günah bizdədir. Milli Məclis qanun çərçivəsində öz hörmətini saxlamalı, əvvəlki nüfuzunu qaytarmalıdır. Belə olmaz. Bütün millət vəkilləri bu məsələdə həmrəy olmalıdırlar”.

Ayyət Əhməd