Nazirlərin bölgələrə səfərləri çox yaxşı tendensiyadır

Dövlət bununla dəyişdirici və tarazlaşdırıcı funksiyasını yerinə yetirir


Azərbaycanda nazirlərin, yüksək çinli məmurların regionlara səfərləri və sıravi vətəndaşlarla görüşüb, onların problemlərini dinləyib, yerindəcə göstəriş vermələri ənənə halını alıb. Məsələn, elə dünən Azərbaycan Gənclər və idman naziri Azad Rəhimov Göyçay rayonunda vətəndaşları qəbul edib.

Məlumata görə, qəbula Mingəçevir, Yevlax, Ağdaş, Ağsu, Bərdə, Göyçay, Kürdəmir, Tərtər, Ucar, Zərdab şəhər və rayonundan 30-a yaxın vətəndaş gəlib. Heydər Əliyev Mərkəzində baş tutan qəbulda vətəndaşlar gənclər, idman sahələri, işlə təminat, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul, ipoteka kreditlərinin verilməsi və s. ilə bağlı müraciət ediblər.

Ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə meydana gəlmiş bu tendensiyanı müsbət dəyərləndirən siyasi elmlər doktoru Cümşüd Nuriyev qeyd edib ki, hər bir dövlətin 3 funksiyası -toplayıcı, tarazlayıcı və dəyişdirici - var. Əgər dövlət regionların durumunu yaxşılaşdırmaq istəyirsə, mütləq dəyişdirici və eyni zamanda tarazlayıcı funksiyaları həyata keçirməlidir. Dövlət bir növ xalqla olan işi tarazlayır. Respublika sözü fransız dilindən götürülüb, mənası "xalqla ümumi iş” deməkdir. Bunu yalnız Prezident etməməlidir. Bölgələrdə olan müəyyən narazılıqların aradan qaldırılması baxımından yaxşı təşəbbüsdür. Nazirlər rayonlarda olanda sakinlərin əksəriyyəti öz problemlərini çatdırır. Doğrudur, bəzi adamlar iddia edirlər ki, rayon icra başçıları nazirlərin görüşünə yalnız təşkilatlanmış adamları çıxarır. Amma bu, doğru yanaşma deyil. Kimlərsə, bu işə kölgə salmağa çalışır. Hətta eləsi var ki, öz şəxsi biznes problemlərini həll etməyə çalışırlar. Bu fikirləri yayan həmin adamlardır. Onlar iddia edirlər ki, guya onlara imkan vermirlər nazirlərlə görüşməyə. Bunlar əvvəlcədən mətbuatda dərc olunur. Hansı gün hansı nazirin harada olmasına dair mətbuatda xəbər dərc olunur. Əvvəlcədən də nazirin köməkçiləri orda olub, siyahı tuturlar. Nazirlərin köməkçisi hansısa rayonda kimlərisə tanımır axı. Ona görə də hesab edirəm ki, o cür iddialar qaragüruhdan başqa bir şey deyil. Əksinə, nazirlərin bölgələrə səfərləri çox yaxşı tendensiyadır. Dövlət bununla dəyişdirici və tarazlaşdırıcı funksiyasını yerinə yetirir. Ola bilər ki, müəyyən çatışmazlıqlar olsun. Amma bu o demək deyil ki, məlum tendensiya dayandırılmalıdır. Düşünürəm ki, proses davamlı xarakter almalıdır. Çünki nazirlərin insanlarla birgə işləməsi dövlətin maraqlarına xidmət göstərir. Ona görə də, bunu dayandırmaq olmaz”.

Ayyət Əhməd