Təbrizdə mehmanxanada özünü asan şəxs Azərbaycan vətəndaşı olub
Hikmət Hacıyev: “Mərhumun cənazəsinin ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün tədbirlər həyata keçirilir”
Azərbaycan vətəndaşı İranda intihar edib. İlkin məlumata görə, Təbrizin İmam Xiyabanında yerləşən "Cəhhənamə” otelində bir nəfər özünü otağın pəncərəsindən asıb.
Özünü öldürən şəxsin Bakıdan olduğu bildirilir. Ölüm hadisəsi Baş Konsulluq tərəfindən nəzarətə götürülüb və hazırda vətəndaşın kimliyi barəsində araşdırma aparılır. Hadisənin təfərrüatı ilə bağlı "Şərq”ə açıqlama verən Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib ki, 2015-ci ilin iyulun 6-da Təbriz şəhərində yerləşən "Cəhhənamə” mehmanxanasında bir nəfər şəxsin asılmış vəziyyətdə cəsədi tapılıb. Tapılan şəxsin Azərbaycan Respublikasının vətəndaşı olduğu müəyyən edilib: "Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu İranın aidiyyəti orqanları ilə əlaqə saxlayıb və məlum olub ki, həmin şəxs 1969-cu il təvəllüdlü Azərbaycan vətəndaşı Həşimov Ədalət Həsən oğludur. Hazırda Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına konsulluq tərəfindən lazımi dəstək göstərilir”. H.Hacıyev bəyan edib ki, Baş Konsulluq meyitə baxışın keçirilməsi və eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir.
İsmayıl