Hacı İsmayılov: “Əsas odu evim-eşiyim var. Balaca bir maşınım da var, məni harasa apara bilir”“Yüngül seriallara getmək istəmirəm. Mən bilmirəm 50 manata çəkilənlər kimlərdi”
Müsahibim çox təmkinli, səbrli, dinləməyi bacaran, sakit təbiətli bir şəxsiyyətdi. Bəzən bu sözü bu günümüzdə ehtiyatla işlətməyə çalışırıq. Çünki şəxsiyyət olmaq hər kəsin payına düşmür. "Şərq”in budəfəki qonağı sənətkar olaraq da, şəxsiyyət olaraq da özünə hörmət qazana bilən insandı. Sözün böyük mənasında insandı!
Həmsöhbətim Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti, Teatr Xadimləri İttifaqının sədr müavini, sevilən aktyor Hacı İsmayılovdu. Biz onunla səmimi söhbətindən yorulmadıq. Yəqin siz oxucular da onunla olan söhbətimizi maraqla oxumaq istərsiniz...
- Necəsiz? Yeni mövsüm gəlir, təkliflər varmı?
- Şükür ki, yaxşıyam. Yayda dincəldik. İndi artıq yenidən işləmək lazımdı. Mövsüm yeni başlayır. Amma təklif edən olmayıb ki, ay balam, siz də gəlin çəkilin.
- Amma istərdiz ki, filmlərə, seriallara tez-tez dəvət olunasız?
- Əlbəttə istəyirəm. Aktyor filmə çəkiləndə, çəkiliş meydançasında olanda yaşadığını hiss edir.
- Çox bahalı aktyorsuz deyə müraciət edən azdı, ya başqa səbəb var?
- Bahalı aktyor deyəndə ki, elə böyük qonorar da almıram. Bir də mövsüm təzə başlayır. Bəlkə təkliflər gəldi. Ötən il "Bir ailəm var” serialında çəkildim. Bu il hələ heç yerdə çəkilməmişəm. Amma teatrda tamaşalarımız var.
- Bəs təkliflər gələndə Hacı İsmayılovun kriteriyaları nədən ibarət olur? Əsasən şərtiniz nə olur, önəm verdiyiniz məqamlar maraqlıdı...
- Əsas ilk növbədə ssenarini oxuyuram. Mənə uyğundu, ya yox, əsas ona baxıram. Bir də yüngül seriallara getmək də istəmirəm. Bu mənə yaraşmaz da. Mən çox özümə uyğun obrazlara,
ssenarilərə razılıq vermirəm. Bu rolun bir əvvəli, bir ortası, bir sonu olmalıdı. Bir günlük, iki günlük rollara razılıq verə bilmərəm. Seriala çəkilməyin bir yaxşı cəhəti də var ki, aktyor işləyir, çalışır. Sənətinlə məşğul olursan. İnkişaf edirsən, tamaşaçı səni izləyə bilir, sabah üçün nə isə baxmağa ekran əsəri olur. Yenə deyirəm, yaxşı seriallara çəkilərəm, niyə çəkilmirəm?
- Seriallarımızın keyfiyyəti sizi qane edirmi?
- Bəziləri pis deyil. Amma təbii ki, çəkilən serialların hamısını keyfiyyətli ekran əsəri kimi dəyərləndirmək olmaz. Bəziləri qane edir, bəziləri yox. Bu iş artıq bir müddət başlayıb, müəyyən təcrübələr var. Yəqin getdikcə inkişaf da olacaq. Seriallarımız daha inandırıcı, həyati olacaq.
- Elə çıxır ki, bu gün çəkilən serialların əksəriyyəti inandırıcı deyil, həyatı əks etdirmir. Bəlkə buna görə tamaşaçı türk serialına daha çox maraq göstərir?
- Sizinlə bu baxımdan tam razıyam. Tamamilə doğrudur.
- Bəs niyə inandırıcı çəkə bilmirik? Aktyorlarımız zəifdi, ya ssenarilər çox bəsitdi?
- Ssenarilər çox bəsit, primitiv, həyatdan bir az uzaqdı. Əslində yaxşı aktyorlar var.
- Bəlkə seriallarda 50 manatlıq aktyorları çəkirlər deyə bu da keyfiyyətə təsirini göstərir?
- Mən bilmirəm 50 manata çəkilənlər kimlərdi. Onu deyə bilmərəm ki, kimə nə qədər pul verilir. Sadəcə arzu olunur ki, hər nə çəkilirsə sanballı, səviyyəli, maraqlı olsun. Türk seriallarına baxırsan, onların arasında çox böyük peşəkarlıqla çəkilənlər var.
- Hansısa seriala baxırsız?
- Yox, düzünü desəm, mənim serialları izləməyə vaxtım olmur. Serial elə bir film janrıdır ki, onu gərək tam izləyəsən. Mənim buna zamanım yoxdu. Amma hərdən təsadüfən bir bölümü izləyəndə görürsən ki, peşəkarcasına çəkilib. Mən daha çox idman verilişlərini izləyirəm.
- İdmanla özünüz necə, məşğul olursuz?
- Yox. Bu yaşda idmanla məşğul olmaq çətindi.
- Niyə ki? Siz yaşda olanlar var ki, hələ də idmanla məşğuldular.
- Mənim idmanım səhnədir. Mən səhnədə idman da edirəm, yorğunluğumu da çıxarıram. Bu yaşda nə idmanla məşğul olum?
- Hacı müəllimin elə bir məşğuliyyəti, hobbisi varmı ki, vaxt tapanda onunla məşğul olur?..
- Mən Akademik Milli Dram Teatrının aktyoru ola-ola, eyni zamanda Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun müaviniyəm. Yaradıcılıq işləri üzrə müavini. İttifaqda da tədbirlər keçiririk, yubileylər olur, tamaşalar oynayırıq, qastrol səfərlərinə gedirik. Yəni işim çoxdu.
- Şəxsi həyatınız necədi?
- Sadə aktyor həyatı. Səhər məşqə gedirik, axşam tamaşa oynayırıq.
- Yəni bir çoxlarından daha sadə yaşam tərziniz var.
- İnanın, adi insanların yaşadığı sadə aktyor həyatı yaşayıram. Vaxt məhdudiyyəti olur. Əksər hallarda ailəyə diqqət ayıra bilmirəm.
- Neçə övladınız var?
- 2 övladım, 3 nəvəm var. Uşaqlarıma, nəvələrimə vaxt ayıra bilmirəm, bəzən bu məni üzür.
- Hacı İsmayılov necə babadı? Nəvələriniz sizdən razı qalır?
- (Gülür) Baba olaraq, tərif olmasın, yaxşı. Həm də çox yaxşı babayam. Nəvələrim məni çox istəyir. Bu də məni yaşadır. Görürəm də, nəvələrim də mənə bağlıdı.
- İllərin sənətkarısız. Bəs niyə bu qədər sadə həyat tərzi yaşamalı olmusuz? Misal üçün, Türkiyədə sizin kimi sənətkarların bahalı evləri-filan var.
- (Sakitcə gülərək.) Nə bilim, vallah. Ola bilər onlar həmişə bir sistemdə yaşayıblar. Biz isə iki sistemdə yaşadıq. Sovet vaxtının öz qanunları var idi, bu gün başqa qanunlar var. Qazandıqlarım mənə kifayət edir. Əslində xaraktercə də çox iddialı insan deyiləm. Yəni deyim ki, villa istəyirəm, cip sürmək arzum var. Yox. Qətiyyən. Əsas odu evim-eşiyim var. Balaca bir maşınım da var, məni harasa apara bilir. Birdəki, bu gün şəhərdə balaca maşın sürmək daha sərfəlidir. Yanacağı azdı, parkovkası asandı. Elə gərək mütləq cip sürəsən? Mən iddiasız insanam.
- "Həm ziyarət, həm ticarət” filmindəki sadə, iddiasız müəllim obrazı həyatdakı Hacı İsmayılova çoxmu bənzəyir?
- Əslində o obraz mənim xarakterimə daha yaxındı. Demək olar mən həm də özümü oynamışam o filmdəki obrazda.
Həyatda da iddiasız biriyəm. Əgər rol sənin xarakterinə uyğundusa, sənə yaxındısa, onu oynamaq daha rahat olur. Mənim oynadığım obrazlar daha insani, daha gözəgəlimlidi. Həyatda bəzən mənim özümün belə sahib olmadığım insani kefiyyətlər bəzən obrazlarımda var.
- Hacı İsmayılovun qadınlara münasibəti necədir?
- Çox yaxşı. Qadınsız, xanımsız bu dünyanın nə ləzzəti var? Allahın yaratdığı ən gözəl məxluq elə qadındı. Qadın sevgidi, məhəbbətdi. Qadın qurucudu. Qadın həyatın özüdü. Qadınsız həyatın mənası olmazdı.
- Dediniz qadın sevgidi. Sevgiyə dəyər verənsiz?
- Təbii. Həyatda ən gözəl hiss sevgini yaşamaqdı. Əgər bir insan sevgi yaşamayıbsa, demək ki, heç yaşamayıb.
- Sevgini həqiqətən yaşaya bilmisiz?
- Vay o adamın halına ki, sevginin dadını bilmir. Deməli, həyatda yaşamayıb.
- Tanınmış bir insan olmusuz. Sevgi macəranız olubmu?
- Qadınların, qızların mənə sevgisi ancaq sənətimlə bağlı olub. Bəlkə o qədər yaraşıqlı olmadığım üçün xanımlar mənim böyük mənada pərəstişkarım da olmayıblar. Yəni sevgi macəram olmayıb. Etiraf edirəm.
- Arzulamısızmı o həyəcanı yaşayasız?
- Düzü istəmişəm. Kənarda elə sevgi macərası yaşayan olmamışam. Amma sevgiyə dəyər verən insanam.
- Var-dövlət həyatda nələri dəyişə bilir?
- Bilirsiz, pul insanı narahat edən məsələdi. Rahat ola bilmirsən, rahat yaşaya bilmirsən. Var-dövlətin dərdi adamı xəstə də edə bilir. Qorxu-hürkü ilə yaşayırsan. Həyatda yaşamaq üçün normal yaşam tərzin olsun. Bu bəs edir. Onsuz da qonağıq, o dünyaya da heç kim var-dövlət aparmayıb. Çoxun da olsa, bu dünyada qalacaq, azın da olsa. Var-dövlət xəstəsi də deyiləm. Var-dövlət sahibi olanlar rahat yaşaya bilmirlər. Mən rahat yaşamaq istəyirəm. Sakit həyatı yaşamaq daha xoşdu.
- Bu qədər sakit təbiətli Hacı İsmayılovu nə özündən çıxara bilər?
- Riyakarlıq, haqsızlıq. Mən nə qədər sakit təbiətli insan olsam da, haqsızlığa susa bilmirəm.
- Özünüzlə təklikdə çoxmu söhbətiniz olur?
- Əslində onunla söhbətimiz olur. Sadəcə, daxilimdə bir insan yaşayır, o məndən daha müdrik, daha üstün, daha düzgün qərar verməyi bacaran biridi. Hərdən onunla üzləşirəm. Düzünü desəm, o mənə həmişə üstün gəlir. Nəsə etməyə çalışıram. O mənim əlimi çəkir ki, dayan, eləmə. Sonra görürəm ki, əslində o yenə haqlıdı. Yaxşı ki, ona qulaq asmışam. Çox vaxt deyirəm bunu edəcəm. Daxilimdəki səs deyir ki, bunun eləmə, olmaz. O məni qoruyandı. Mən ona tabeyəm.
Tahirə Məmmədqızı