Neft ucuzlaşdıqca manata təzyiqlər olacaq






Son günlər manatın yenidən ucuzlaşacağı barədə şayiələr dolaşmaqdadır. İddia olunur ki, neftin qiymətinin kəskin enməsi fonunda növbəti devalvasiya qaçılmaz olacaq.

Çünki Azərbaycan nefti indi bazarda 57 dollardan satılır, büdcədə isə 90 dollardan hesablanıb. Bir sözlə ölkəyə valyuta gəlmir, ehtiyat valyutaların önəmli hissəsi - təxminən 70 faizi Beynəlxalq Bankın problemli kreditləri hesabına talan edilib. O da söylənilir ki, "Bandotdel”in səylərinə baxmayaraq mənimsənilən kreditlərin çox cüzi bir hissəsini bərpa edə biliblər. Ona görə də hazırda hökumətin devalvasiyadan başqa çıxış yolu qalmır və böyük ehtimalla növbəti devalvasiyadan sonra 1 dollar 1 manat 30 qəpiyə satılacaq. Hətta 1 dolların 2 manata satılmasına da hazır olmaq lazımdır.

Məlumat üçün bildirək ki, son günlər neft 5 dollar ucuzlaşıb. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti ötən günə nisbətdə 1 barrelə görə 2,55 dollar ucuzlaşıb. Ötən gün 1 barreli 55,52 dollar olan Texas neftinin bu günə qiyməti 52,97 dollar təşkil edir. ICE London qitələrarası birjasında Brent markalı neftin də qiymətində də kəskin ucuzlaşma müşahidə edilib. Bu növ neftin 1 barreli 4,93 ucuzlaşaraq 57,14 dollar təşkil edib.

İddiaları dəyərləndirən Milli Məclisin iqtisadi siyasət Komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov "Şərq”ə açıqlamasında qeyd edib ki, manatın məzənnəsi birbaşa neftin qiymətindən asılıdır: "Neftin qiyməti ucuzlaşdıqca, manata müəyyən qədər təzyiqlər olacaq. Hələlik dövlət manatı qoruyub saxlayır. Düşünürəm ki, neftin qiyməti endikcə, manatın növbəti dəfə ucuzlaşması qaçılmazdır. Amma bir dolların 1.30 manata qədər bahalaşacağını heç kim deyə bilməz. Yenə deyirəm, neftin qiyməti düşəcəksə, manat növbəti dəfə devalvasiyaya uğrayacaq”.

Ayyət Əhməd