Çünki dünyada neft hasilatı Doha görüşünün nəticələrini gözləmədən azalmağa başlayıb
Aprelin 17-si Azərbaycan da daxil olmaqla, neft hasil edən 17 ölkənin nümayəndə heyətlərinin iştirakı ilə Dohada neft hasilatının dondurulması ilə bağlı rəsmi görüş baş tutub. Lakin görüşdə heç bir saziş imzalanmayıb.
Qeyd edək ki, Doha görüşməsini neft qiymətinin taleyini həll edəcəyindən dünya eləcə də neft ölkəsi Azərbaycan cəmiyyəti bu görüşmənin nəticəsində maraqlı idi. Doha görüşünün nəticəsiz bitməsindən sonra ekspertlər neftin sonrakı taleyi haqqında müxtəlif proqnozlar veriblər.
Millət vəkili Əli Məsimlinin sözlərinə görə, Azərbaycanda ümumiyyətlə neft hasilatı aşağı düşdüyü üçün OPEC ölkələri və OPEC-ə üzv olmayan ölkələrin neft hasilatını artırmamaq barədə qərarı Azərbaycan üçün prinsipial əhəmiyyət kəsb etməyən məsələdir: "Azərbaycanın özünün hasil etdiyi, özünəməxsus, SOCAR-ın payına düşən neftlə yanaşı, xarici şirtəttlərin payına düşən neft də var. Azərbaycan özü barədə qərar çıxarda bilər, amma xarici şirkətlər barəsində əlavə danışıqlara ehtiyac yoxdur”.
Ə.Məsimli OPEC-ə üzv olan və olmayan dövlətlərin neft hasilatını "dondurmaq” barədə qərarlarının qiymətə əhəmiyyətli təsir etməyəcəyini qeyd edib: "Neftin qiymətinin aşağı olması ilə bağlı OPEC-ə üzv olan və üzv olmayan dövlətlər bir araya gəlirlər, hasilatın "dondurulması” istiqamətində addımlar atırlar, əlavə razılaşmalar etmək istəyirlər. Belə bir razılaşma əldə olunsa, neftin qiymətinin kəskin surətdə aşağı düşməsi ehtimalları aradan qalxmış olar. Lakin bu, neftin qiymətinin kəskin surətdə artmasına gətirib çıxarda bilməz”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə Dohada alınan qərarlara rəğmən dünya bazarında neftin qiymətinin daha çox ucuzlaşmasına inanmadığını deyib: "Bu gün (dünən) Brent markalı neftin ən aşağı qiyməti 40.16 dollar olub. Hazırda isə 41.13 dollardır. Reallıq onu göstərir ki, Doha görüşü ərəfəsində neftin 45-ə qədər artması "bazarın qızdırılması” effekti idi. Hazırda neftin köpüyü bazardan yığışdırılır və real qiyməti bərqərar olur. Bu da 40 dollar ətrafında olan bir göstəricidir.
Düşünmürəm ki, neft yanvar ayında olduğu kimi 30 dollara qədər ucuzlaşsın. Bunun iki obyektiv səbəbi var: birincisi, dünyada neft hasilatı Doha görüşünün nəticələrini gözləmədən azalmağa başlayıb, istər OPEC ölkələri üzrə olsun, istərsə də qeyri-OPEC ölkələri üzrə. İkincisi, İran neft ixracatını artırmaqla bağlı bəyanatlar yayır, əslində həmin neftin həcminin tərkibində kifayət qədər kondensat həcmi var ki, əvvəllər də bazara çıxarılırdı, ancaq adı "dəftərə” qeyd olunmurdu. Yəni İranın dünya bazarına təsir edəcək imkanları əslində şişirdilib”.
Şəymən