Neftin indiki qiyməti manatı möhkəmləndirəcək

Amma optimist, nikbin ssenari neftin qiymətinin 60 dollardan yüksək olmasıdır




Dünya birjalarında neftin qiyməti sürətlə bahalaşır. Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,29 dollar artaraq 44,47 dollar təşkil edib. ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,32 dollar artaraq 46,12 dollar olub. Məlumat üçün bildirək ki, brent neftinin qiyməti ötən ilin dekabr ayından etibarən ilk dəfə olaraq 45 dolları ötüb.

Azərbaycanın "Supsa”, "Batumi” və "Ceyhan” limanları vasitəsilə dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF” markalı xam neftin bir barelinin qiyməti isə 1,01 dollar yaxud 2,33 faiz qalxıb. Hazırda "Azeri LT CIF” markalı neftin bir barelinin qiyməti 44,43 dollara bərabərdir. Şübhəsiz ki, neftimizin qiymətinin artması milli valyutamızın dollar qarşısında möhkəmlənməsi məsələsini gündəmə gətirib. Maraqlıdır, görəsən, neft hansı həddə qədər bahalaşsa, manat dirçələ bilər?

Sualımızı cavablandıran iqtisadçı-ekspert Vüqar Bayramov "Şərq”ə söyləyib ki, neftin indiki qiyməti manatın qismən möhkəmlənməsinə təsir göstərəcək: 

"İkinci devalvasiyadan əvvəl təşkilatımız manatın məzənnəsi, neftin qiyməti ilə bağlı ssenarilər hazırlamışdı. Aprel ayının əvvəlində yayımlanan hesabatımızda üç ssenari üzrə neftin dünya bazarında qiymətinə baxılması və buna uyğun manatın məzənnəsini proqnozlaşdırmağı təklif edirdik. Onlardan pessimist ssenari neftin dünya bazarında qiymətinin 40 dollardan aşağı olduğu ssenari idi. Bu müddətdə manatın stabilliyi ilə bağlı problem olacağını bildirmişdik. Bu halda manatın stabilliyini qoruyub saxlamaq olduqca çətindir. Çünki Azərbaycan hətta güzəştli idxalı çıxsaq belə, qeyri-real idxalın cəmi təxminən 9 milyard dollardır. Yəni o deməkdir ki, hər il 9 milyard dollar vəsait lazımdır ki, Azərbaycana məhsullar idxal edilsin. Bizim 9 milyard dollar valyutamız ən azı idxal üçün olmalıdır. Bu, olmasa, proses nəticə etibarı ilə manatın məzənnəsinin aşağı düşməsinə gətirib çıxaracaq. O baxımdan, neftin dünya bazarında qiymətinin 40 dollardan aşağı olması birmənalı şəkildə manata təzyiqi artırır. Azərbaycan üçün manatın məzənnəsi baxımından normal və ya orta ssenari neftin qiymətinin 40-60 dollar arasında olmasıdır. Bu, orta ssenaridir. Bu halda manata təzyiqlər kəskin azalır. Amma təbii ki, manat tam olaraq rahat nəfəs ala bilmir. Xarici iqtisadi təzyiqlər azalır. Bu halda manatın stabilləşməsi mümkündür. Söhbət manatın bazar tərəfindən möhkəmlənməsindən gedirsə, optimist, nikbin ssenari neftin qiymətinin 60 dollardan yüksək olmasıdır və uzun müddət bu intervalda qalmasıdır. Neft 60 dollardan yüksək olarsa, manata təzyiq praktik olaraq aradan qalxır. Çünki ölkəyə daxil olan valyutanın həcmi artır və manat rahat nəfəs ala bilir. Manatın möhkəmlənməsi o zaman mümkündür ki, neftin dünya bazarında qiyməti istehsalçı ölkələr üçün daha cəlbedici olan 80 dollardan yüksək olsun və artıq həmin intervalda bərqərar ola bilsin. Artıq manatın 80 dollardan yüksək olarsa və bir müddət belə qalarsa, manat dollara nisbətən məzənnəsinin möhkəmlənməsi mümkündür”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban isə bildirib ki, neftin hansısa həddə qalxmasının manatı dirçəldəcəyini ehtimal etmək artıq çətindir: "Bir qədər əvvəlki situasiya ilə sırf analogiya aparmaq artıq düzgün deyil. Yəni söhbət 2014-cü ildəki kimi və yaxud ondan əvvəlki kimi neftin qiymətinin yüksək olduğu zamanlardan gedir. O zaman neftin qiyməti yüz dollar idi, manat stabil idi. Neftin bareli yüz dollardan aşağı düşdü, manatın sabitliyinə təhlükə yarandı. Milyardlarla manat interverensiya gedirdi manatın kursunun sabit saxlanması üçün. İndi neftin qiyməti aşağı düşüb, yuxarı qalxdıqca, manat yenidən ona müvafiq olaraq artacaq deyə bir fikir yoxdur. Artıq vəziyyət başqadır. Azərbaycan iqtisadiyyatı əvvəlki ölçüdə deyil. Bu lokomotiv əvvəlki gücdə deyil ki, iqtisadiyyatı arxasınca çəkib apara bilsin və manat da yüksəlsin. Artıq neftin bahalaşması 50-60, hətta 70 dollara çatsa belə, bizim manatı möhkəmləndirəcək səviyyədə deyil”.

Ayyət Əhməd