"Neftin qiyməti hər an dəyişir" - EKSPERT





"Neftin qiymətləri sabit deyil”

Bu barədə "Sherg.az” neftin qiymətinin 2 dollar artması ilə bağlı danışarkən iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Ekspertin sözlərinə görə, faktiki olaraq neft bazarında qiymətlər hər an dəyişir

:"Bildiyimiz kimi, neftə bir neçə faktorların təsir göstərməsi onun qiymətində müəyyən ucuzlaşma və bahalaşmaya səbəb olur. Həmin faktorlar özünü həm siyasi, həm də iqtisadi cəhətdən göstərir. Neftin qiyməti iqtisadi səbəblərdən çox, siyasi səbəblərdən dolayı dəyişir.

 Bir neçə gün idi ki, neftin qiymətində azalan dinamika müşahidə olunurdu. Bu da müxtəlif səbəblər fonunda baş verirdi. Həmin səbəblərdən biri də OPEK-in neftin hasilatını artırması oldu. 

Bundan başqa, ABŞ-la OPEK arasında baş verən müzakirələr neftin qiymətini ucuzlaşdıran səbəblərdir. Son günlərdə isə qiymətlərdə artım dinamikası müşahidə olunur. Bunu qısamüddətli bir dinamika hesab etmək olar. 

Amma neftin qiyməti OPEK-in yaxın günlərdə verəcək açıqlamasından sonra müəyyən olunacaq. Daha sonra ABŞ və İran arasındakı münasibətlər də qiymətlərə təsir göstərəcək".

Qeyd edək ki, Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,43 dollar, yaxud 1,93% artıb. "Azeri LT CIF" markalı neftin qiyməti 75,42 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Kənan Eynuroğlu