“Neftin ucuzlaşma ehtimalı daha çoxdur” – Proqnoz




"Gələn il neftin qiymətinin ucuzlaşma ehtimalı daha çoxdur”.

Bunu "Sherg.az”a neftin qiymətinin bazardakı vəziyyətini dəyərləndirərəkən iqtisadçı-ekspert Natiq Cəfərli bildirb.

Onun sözlərinə görə, dünyada neftin qiymətinə təsir edən əsas iki amil var:

"Bunlardan biri geosiyasi çəkişmələr və siyasətçilərin verbal açıqlamaları, digəri isə iqtisadi amillərdir. Geosiyasi faktorlara nisbətən fundamental iqtisadi məsələlər neftin qiymətinə qalıcı təsir göstərirlər. Soz zamanlar İran ətrafında baş erən olayları siyasi amillər kimi göstərmək olar. 

Bildiyimiz kimi, bir müddət bundan əvvəl ABŞ-ın İrana qarşı sanksiyalar tətbiq etməsi ilə "qara qızıl”ın qiyməti dünya birjalarında 86-87 dollara qədər bahalaşdı. Lakin noyabr ayının 5-də sanksiyaların tətbiq olunacağı gün məlum oldu ki, İran neftinin 90 faizini idxal edən 8 ölkəyə sanksiyalar şamil edilməyəcək. Bu da İranın neft ixrac edəcəyini göstərdi. ABŞ-ın bu addımı bazara ciddi şəkildə təsir göstərdi”.

Ekspert qeyd edib ki, "qara qızıl”ın qiymətini endirən ikinci siyasi faktor Donald Trampın açıqlamaları oldu:

"O, neftin qiymətinin bahalığından şikayətləndi və OPEK-in bazara müdaxilələrini pislədi. ABŞ konqresinə yanvar ayında baxılması üçün "No OPEK” adlı bir qanun layihəsi tətbiq olundu. Bununla da ABŞ-ın hüquqi və fiziki şəxsləri OPEK-ə qarşı yerli məhkəmələrdə təzminat davaları aça biləcəklər. Bu faktor neftin qiymətinin enməsinə ciddi təsir göstərdi. Amma daha çox qalıcı təsirlər iqtisadi amillərdir. OPEK-in və Ümundünya Enerji Agentliyinin verdiyi açıqlamaya, dünyada neftə olan tələbat gözləntilərdən aşağıdır. 

Əsasən də Avropa və ABŞ-da bu məsələ üzünü daha çox büruzə verir. Bu da həmin ərazilərdə enerji tələbatını ödəmək üçün "Yaşıl enerji” siyasətinə keçidin təşviq olunması ilə bağlıdır. Buna paralel olaraq dünyada neft hasilatı da artıb. Sentyabr, oktyabr aylarında Səudiyyə Ərəbistanı 500 min, Rusiya 400 min, ABŞ isə 600 min barelə yaxın hasilatı normadan qaldırıblar. Bu da iqtisadi faktor olaraq bazara ciddi təsir göstərir”.

N.Cəfərli onu da əlavə edib ki, neftin qiymətlərinin hansı səviyyədə irəliləyəcəyini söyləmək çətindir:

"Çünki istənilən siyasi qərarlar, geosiyasi gərginliklər bazara dərhal təsir edir. Amma ilin sonuna kimi neftin qiymətinin artması dinamikasını proqnozlaşdırmaq olar. Yəni gündəlik enmə və qalxmalarının kifayət qədər geniş həcmdə olacağını demək mümkündür. Amma yanvar ayında dünyanın iqtisadiyyatında artım rəqəmləri məlum olduqdan sonra neftin qiymətlərində müəyyən sabitlik yarana bilər. Amma indiki şəraitə görə, qiymətlərin ucuzlaşma riski daha çoxdur. Qiymətlərin 60 dollar civarında stabilləşməsi ehtimal kifayət qədər yüksəkdir”.

Qeyd edək ki, "Brent” markalı neft ucuzlaşıb. Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,39 dollar və yaxud 0,57% azalıb. "Azeri Light” markalı neftin bir barelinin qiyməti67,81 dollar təşkil edib.

Kənan Eynuroğlu