“Nenkejan” jurnalında Mətbuat Tarixi Muzeyi haqqında məqalə dərc edilib




105 ildən sonra ilk sayı Krımda 2011-ci ilin 3 mart tarixində işıq üzü görən türk dünyasının ədəbi-bədii və elmi məqalələr toplusu olan ilk qadın dərgisi "Nenkejan” son sayını Azərbaycan Cümhuriyyətinin 100 illiyinə həsr edib. Bu əsnada "Nenkejan”ın səhifələrində ölkəmizlə bağlı bir çox məqalələr dərc olunub. Məqalələrdən biri də, "Şərq” qəzetinin redaksiyasında yaradılan Azərbaycan Mətbuat Tarixi Muzeyinə həsr edilib.

Qeyd edək ki, bu il Bakıda olan jurnalın baş redaktoru Zera Bekirova Mətbuat Tarixi Muzeyinə də baş çəkərək, buradakı eksponatlarla tanış olmuşdu.

Jurnalın son sayında muzeylə bağlı təəsüratlarını bölüşən Zera Bekirova yazır ki, bu məkan illərdir maddi və mənəvi çətinliklər hesabına toplanan və bu gün də toplanması davam edən nadir və qiymətli eksponatlarla ərsəyə gətirilib: "Muzeyi ərsəyə gətirən, Azərbaycan mətbuatının tarixini bu günümüzdən gələcəyə ötürmək üçün bu işləri də məhz "Şərq” qəzetinin qurucusu, araşdırmaçı jurnalist Akif Aşırlıdır. Bu böyük bir işdir. Şəxsən mən belə bir muzey yarada bilməzdim” - deyə xanım Bekirova məqaləsində qeyd edib. 

Jurnalist həmçinin muzeydə nümayiş edilən eksponatlar haqqında da məlumat verib.

Yaxın günlərdə "Nenkejan” jurnalının Azərbaycanın Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş nömrəsinin Bakıda təqdimatı keçiriləcək.