Nəticəsiz 1 il: “Paşinyan bir şeyi hesablamağı unutdu” - ŞƏRH

“Regionda stabil siyasət və etibarlı sülh sazişi olmadan heç kim bu ölkəyə sərmayə yatırmayacaq. Ermənistan əvvəlki kimi Rusiyanın baxımsız əyaləti səviyyəsində qalmaqda davam edəcək”
"Ermənistan baş naziri Nikol Paşinyanın hakimiyyətə gəlişinin bir il tamam oldu. Lakin Paşinyanın seçki öncəsi xalqa verdiyi vədlər hələ də öz həllini gözləyir”.
Bunu "Sherg.az”a açıqlamasında politoloq Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, Ermənistan rəhbərinin ölkədə radikal və köklü dəyişikliklər etmək niyyəti var və bu istiqamətdə çalışır: 
"Paşinyanın ökəni böhrandan çıxarmaq planının əsas ana xətti ilk növbədə ölkəyə investisiyanın gətirilməsinə nail olmaq idi. Ona görə də seçildiyi ilk aylardan Qərbə üz tutaraq dəstək axtarmağa başladı. Erməni lobbisinin və diasporasının fəaliyyətinin güclü olduğu ölkələrə səfər etdi. Hətta Qərb dairələri Paşinyana Ermənistanı fəlakətli vəziyyətdən qurtaracaqları ilə bağlı söz də verdilər. Lakin Paşinyan bir şeyi hesablamağı unutdu. Regionda stabil siyasət və etibarlı sülh sazişi olmadan heç kim bu ölkəyə sərmayə yatırmayacaq. Ermənistan əvvəlki kimi Rusiyanın baxımsız əyaləti səviyyəsində qalmaqda davam edəcək”.
Analitikin sözlərinə görə, Paşinyan əvvəlki erməni rəhbərlərindən bir qədər fərqli görünür:
 "Ola bilsin, Paşinyan bütün bunları hesablayır və Ermənistanın inkişafının Azərbaycanla əlaqələrin düzəlməsindən keçdiyini çox yaxşı anlayır. Bu isə yalnız Dağlıq Qarabağın işğaldan azad olunması prosesinin başlanması ilə hissə-hissə reallaşa bilər. Lakin problem Paşinyan üçün də süni olaraq yaradılıb. Real hakimiyyətini itirmiş "Qarabağ klanı” öz məğlubiyyətini Paşinyana siyasi təzyiqlər etməklə kompensasiya etməyə çalışır və gələcəkdə yenidən hakimiyyətə gəlmək planlarını qurur. Təbii ki, bütün bu proseslər Rusiyadan idarə olunur və Kreml tərəfindən dəstəklənir”.
İsmayıl