“Neyləmişəm?”

Fikrət Əmirovu rahat buraxın...
Onun mahnısını kim istəsə oxuya bilər, Azərbaycan incəsənətinin yeganə hüquqi varisi bu xalqdır




1988-ci ildə SSRİ Ali Sovetinin iclasında Dağlıq Qarabağ məsələsi müzakirəyə çıxarılmışdı və Azərbaycanın ziyası Mirzə İbrahimov çıxışı zamanı ermənilərə xitabən, hələ də çoxlarının yaddaşında əbədiləşmiş bu ifadəni işlətmişdi; "Koqda Boq nakazıvaet çeloveka, sperva otbirayet u neqo um...” Mirzə İbrahimovun nə demək istədiyi qayət açıq idi.

Azərbaycanın və Dağıstanın Xalq artisti, "Şöhrət” və "Şərəf” ordenli, sayı durmadan artan taclar sahibi, "Primadonna” İlhamə Quliyeva "Fikrət Əmirovun mənə yazdığı mahnıları heç kim ifa edə bilməz” deyib iki ayağını bir başmağa dirəmək istədiyini seyr edəndə mərhum Mirzə İbrahimovun o hikmətli sözləri yadıma düşdü. Həqiqətən də, tək öz zamanında deyil, bütün dövrlər və zamanlar üçün keçərli olacaq doğru ifadəymiş. İlhamə Quliyeva niyə əsəbiləşir və bir zamanlar ifa etdiyi mahnının başqa bir müğənni tərəfindən səslənməsi ilə niyə barışmaq istəmir? Nəyi çatmır İlhamə xanımın?.. Etiraf edim ki, bu cümlələri yazanda, gülməyim gəlirdi; Məşədi İbad yadıma düşmüşdü. "Məşədi İbadın nəyi və harası Rüstəm bəyin xoşuna gəlib ki, öz qızı, madmuazel Gülnazı, ona ərə verir?” deyib sonra da eyhamlarla şərhini verən Həsən bəyin (Mustafa Mərdanov) ədalı obrazı gözlərimin önünə gəlmişdi. Yazının ritorikası həmin mənzərəni xatırladırdı da ondan...

Eyni tərzdə biz də sual edə bilərik; Brilliant Dadaşovanın (və ya bir başqasının -red) nəyi və harası İlhamə Quliyevanın xoşuna gəlmir? İlhamə xanım 30 il bundan əvvəl yazılmış və ifa edilmiş mahnıların başqa müğənnilər tərəfindən ifa edilməsinə niyə bu qədər qızır? Bəlkə mahnıdakı "qaşqabağın yerlə gedir, de görüm, neyləmişəm?” sözləri İlhamə xanımı qıcıqlandırır? Amma nahaq. Maşallah, namxuda, İlhamə xanımın səsi elə indi də ən yüksək tondadır. Hər halda özü belə deyir. O zaman nə əngəl var? Oxusun yenə. Göstərsin ki, bu mahnıları ondan yaxşı oxuyan yoxdur. Sübut etsin. Təbii, istəyirsə əgər. Səsinin gücü yetəcəksə. Daha niyə "embarqo” qoymaq yolunu tutur, həm də buna heç bir hüquqi üstünlüyü olmadan? İllah da ki, "Fikrət Əmirov bu mahnıları mənə yazıb”, deyib durub. Daha bir işdi olub. Dünya şöhrətli karifey sənətkarımızın ruhunu rahatsız etməyinə dəyməz. Həm bu ölkədə, həm də onun hüdudlarından çox-çox uzaqlarda, Fikrət Əmirovun bəstələdiyi hansısa mahnını yalnız bir müğənninin oxumasına icazə verəcək bir dünyagörüşünə malik insan ola biləcəyinə kimsə inanmaz. Düz də edər. Fikrət Əmirov o gözəl əsərləri bəstələyəndə İlhamə Quliyeva "Primadonna” deyildi. Ordenləri də yoxdu. Heç əməkdar artist adı da almamışdı. Sovet illəri İlhamə xanımın gənclik çağları idi. Yaxşı bilirdi, asan deyil, fəxri ad almaq. O zaman İlhamə xanım indiki kimi kiminləsə qovğaya çıxa bilməzdi, "mənim mahnımı oxuma” deyə. Onun yalnız Flora Kərimova ilə münaqişəsi vardı, onun da səbəbləri bəlliydi zatən... Və hətta bu münaqişə də üzdə yox, arxada, gizli şəkildə sürdürülürdü, çünki "sovet insanı” münaqişə etməməliydi. Amma elə ki, əl-qolumuz açıldı, keçmişdəki qalmaqallar da üzə çıxdı, gizlinlər açıldı, müğənnilərimiz də özlərinə güvən subyektləri tapdılar və aşkar şəkildə biri-birinin üzərinə yeriməyə başladılar. "Asaram, kəsərəm” tonu hakim oldu. "Dədəm mənə kor deyib, gəlib-gedəni vur deyib” misalı... Bəziləri də əsil "vor-zakon”luq edir. Bəs sizlər "sülh səfirləri” idiniz, nə oldu? Bir mahnıya görə həmkarını hədələyən, ultimatum göndərən birisinə çevrildiniz?! Amiranə tonlar, "icazə vermirəm” tərzi də nərdən çıxdı? İnsafən, Brilliant Dadaşova "Neyləmişəm” mahnısını yaxşı da oxuyur. İlhamə Quliyeva ilə Brilliant Dadaşovanın səs tembrləri də, ifa tərzləri də fərqlidir. Stilləri də. Məsələn, Brilliant Dadaşovanın "Vokaliz”ini İlhamə Quliyevanın səsində təsəvvür etmək çətindir. Amma bəstəkar mahnıları elədir ki, onları fərqli səsə və fərqli ifa tərzinə malik müğənnilər ifa edə bilirlər. Azərbaycan ifaçılıq sənətində bir mahnının fərqli müğənnilər tərəfindən səslənməsi adi haldır. Məsələn, görkəmli sənətkarımız Zeynəb Xanlarovanın ifasında "Tarla qızları” daha şux səslənirdi, nəinki İlhamə xanımın. Şübhəsiz bu, bir az da fizionomiya ilə bağlıdır. Zeynəb xanım hələ indiyədək bir dəfə hansısa müğənniyə "filan mahnı mənə yazılıb, onu heç kim oxumasın” ultimatumu verməyib. Bu da şəxsi keyfiyyətlərə bağlıdır. Yaxud, Fikrət Əmirovun "Gülərəm, gülsən” mahnısını vaxtilə dahi Bülbül ifa edib, sonra mərhum Gülağa Məmmədov. İlhamə Quliyevanın boyuna biçilməyib ki, bu mahnılar... "Bir xumar baxışla” mahnısını rəhmətlik Hüseynağa Hadıyev də ifa edirdi. Ürəyəyatımlı da səsi vardı. Hansı biri İlhamə Quliyevadan aşağı səviyyədə ifa edib? İndi də həmin ifalar "Qızıl fond”da qorunur. Elza İbrahimovanın "Bilməzdim” mahnısı üstündə də vaxtilə İlhamə Quliyeva ilə Flora Kərimova arasında qırğın gedirdi. Bu deyirdi, mahnı mənimdi, o deyirdi, yox, mənimdi. Təbii, aşkar deyişmirdilər, sovetizm idi, çəkinirdilər. İndiki asudəlik olsaydı, yəqin qırğına çıxardılar. Düzünü desək, ikisi də gözəl ifa edirdi. Amma fərqli ifalardır, təbii ki.

Bir də, nəyə lazımdı, bu qovğalar, qorunmayan mahnılarımız, sənət əsərlərimiz olduğu halda. Bədnam qonşularımızın oğurladığı, qardaşlarımızın "anonim” adı altında ifa etdiyi və bir də özümüzünkülərin "aranjeman” deyib bel-buxununu sındırdığı mahnılarımız. Örnəyi Elza Seyidcahanın "Yenə o bağ olaydı” bəstəsi. Elə bir zamana gəlib çatmışıq ki, bir balaca imkanı olan dahilərin şeirlərindən, onların sözlərinə yazılmış bəstələrdən də sui-istifadə edirlər. Nakam Mikayıl Müşfiqin varisi yoxdur deyə, onun şeirlərindən kim necə istədi, bəhrələnməlidirmi? Faiq Ağayev də, Eyyub Yaqubov da görkəmli sənətkarımız Əlibaba Məmmədovun möhür vurduğu mahnıları ifa etdilər. Necə ifa etdilər, bunu xalqın öhdəsinə buraxaq. Hər bir müğənninin öz sevənləri var. Könül, zövq işi, iştə... Əlibaba Məmmədov bir dəfə etiraz etmədi ki, ay uşaq, bu mahnıları niyə əzib-büzürsünüz?.. Boş verdi. Xalqın gözü tərəzidi, onsuz da. Peşəkar ifaçı, estradamızın karifeylərindən Mübariz Tağıyev mahnılarının möhürünü silir, könüllü şəkildə gənc ifaçılara ərməğan edir. Hələ bir müəllimlik də edir - burasını belə oxu, filan... İlhamə xanım da əndişələnməsin. Bica yerə özünü yormasın və sözü kəsərsiz birisi halına gəlməsin. Üstəlik, "idol” kimi tapındığı Fikrət Əmirovun oğluna da əbəs yerə qıcanmasın. Xalqın sərvəti xalqa mənsubdur. Fikrət Əmirov, haşa, İlhamə Quliyevaya mənsub olmadığı kimi, mahnıları da onun mülkiyyəti deyil. Məleykə Əsədova da istəsə oxuya bilər, Brilliant Dadaşova da, Rəqsanə də, nura, sura, suli, niyam, siyam... A-dan Z-yə hər kim istəsə. El seçəcək, kim yaxşı oxuyur, kim pis.

Azərbaycan ədəbiyyatının, incəsənətinin yeganə hüquqi varisi bu xalqdır, gərək hamımız onun təəssübünü çəkək. Təhlükə varsa, əlbəttə. Amma bu, heç bir halda, bəstəkar mahnılarının müğənnilər tərəfindən ifasına münasibətdə uyğulanmamalıdır. Bəstəkar həyatdasa və hansısa mahnısının oxunmasını qadağan edirsə, bəli, hökm qüvvədədir. Amma yenə də, yalnız o halda ki, bəstəkar həmin mahnının müəllif hüququna dair rəsmi sənədə malik olsun. Fikrət Əmirov dünyasını dəyişib. Azərbaycan xalqı üçün əvəzsiz sənət əsərləri miras qoyaraq. Və indi İlhamə Quliyevanın "o mahnılar mənimdir, mən onların oxunmasına icazə vermirəm” deməsi, həqiqətən, ağıl qaçırmaya oxşayır. Adamdan soruşarlar, sənin nə haqqın çatır, kiməsə qadağa qoymağa? Heç bir!.. Çünki belə bir təcrübə yoxdur. Örnək də yoxdur. Bu hal yaşanmayıb. Olacağı mümkün də görünmür. Baş tutmayacaq sevdalarla uğraşınca, real işlərlə məşğul olun, lütfən. Və özünüzü ucuzlaşdırmayın.

Məlahət Rzayeva