Bağçalarda, ən tanınmış restoranlarda belə mənşəyi bəlli olmayan ətlərdən istifadə edilir
“Kənd Soveti Nazirliyinin İdarə rəisi deyir ki, it, eşşək, at əti satmaq olar. Bir şərtlə ki, ətin üstündə hansı heyvanın olduğu yazılsın”
Hələ də bazarlarda at əti satılır. Bu günlərdə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə Qusar rayonunda mənşəyi məlum olmayan külli miqdarda ətin satıldığı barədə məlumat daxil olub. Rayon sakinləri Rudik Haqverdiyev və Mehdi Mehdiyev 1 tona yaxın mənşəyi məlum olmayan əti satmaq istəyən zaman saxlanılıblar. Aşkar edilən ətdən götürülən nümunələr laborator müayinəyə göndərilib. Müəyyən edilib ki, həmin ətlər xəstə və yaşlı at cəmdəklərinə məxsusdur.
Həqiqətən də, son vaxtlar qanunsuz ət satışı, at, eşşək kəsimləri və onların ətinin satış üçün hazırlanması halları çoxalıb. Vaxtaşarı müvafiq qurumlar leş, murdar ətlər aşkar edir. Hər dəfə də bildirilir ki, bu ətlər satış üçün nəzərdə tutulub.
Bəs bu ətlərin alıcısı kimdir? At və ya eşşək ətləri kəsilib satış üçün hazırlanırsa, deməli, alıcı da var. Belə olan halda, o alıcılar niyə aşkarlanmır?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov "Şərq”ə açıqlamasında deyib ki, at ətinin satışı ilə bağlı xeyli müraciətlərin, şikayətlərin olmasına baxmayaraq belə hallar yenə davam edir. Bunun da səbəbi dövlət orqanlarının məsələyə barmaqarası yanaşmasıdır:
"Kənd Soveti Nazirliyinin İdarə rəisi deyir ki, it, eşşək, at əti satmaq olar. Bir şərtlə ki, ətin üstündə hansı heyvanın olduğu yazılsın. Baytarlıq İdarəsi belə işlə məşğul olanları tutur və 200 manat cərimə edir. Sonra da deyir ki, "get yenə sat”. Bu sahədə ən uğurlu işi DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi aparır. Onlar bütün hüquqi addımları atıb, ekspertiza keçirirlər. Düşünürəm ki, problemin uzun illər həll olunmamasına səbəb ölkədə qidanın təhlükəsizliyinə dair qanunun yoxluğudur. Qanun olmayan yerdə mütləq cinayət baş verir.
Bu halların qarşısını almaq üçün cənab prezident 17 fevral 2017-ci ildə Qida Təhlükəsizliyi Agentliyinin yaradılmasına dair fərman imzaladı. Təəssüflər olsun ki, fəaliyyətə başlamış bu Agentlik hadisələrə heç bir reaksiya vermir.
Dəfələrlə Agentliyə məktub göndərib bildirmişəm ki, "sizə təmənnasız olaraq lazımlı köməklik göstərək”. Dünən mətbuat xidmətinin telefonunu tapmışam, lakin bu gün telefona cavab vermirlər. Hazırda cəmiyyətimizdə təhlükəli qidaların, o cümlədən ətlərin istehlakçılara verilməsi halları çoxdur. Bu cür təhlükələrin qarşısını almaq üçün səlahiyyət Qida Təhlükəsizliyi Agentliyindən alınıb Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə verilməlidir. Çünki bu məsələyə polis müdaxiləsi olmasa, problemin qarşısını almaq mümkün olmayacaq”.
E.Hüseynov həmçinin bildirdi ki, mənşəyi bəlli olmayan ətlərin ünvanı uşaq bağçalarından tutmuş ən prestijli restoranlara qədər ola bilər:
"Çünki bu ətlər heç yerdə yoxlanılmır. Uşaq bağçaları üçün əti gedib bazardan alırlar. Nəinki bağçalarda, hər yerdə bu ətlərdən istifadə oluna bilər. Bu vaxta kimi dövlət orqanlarının apardığı işdə çatışmayan bir cəhət var - ətin istifadəçisi tapılmır. Bu, anormal haldır. Bəzən tonlarla əti təşkil olunmuş şəkildə gətirirlər. Amma soruşan yoxdu ki, "sən bu əti hara aparırsan?”. İstifadəçilər tapılmalıdır ki, cəmiyyətdə belə xoşagəlməz hallar birdəfəlik yox olsun”.
Yeganə Bayramova