O ipi “dar ağacı”na necə keçirdi?..

8 yaşlı uşağın özünü öldürməsi intihar deyil, təqliddir
"Hansısa problemi olan uşaq qorxulu filmlərə baxdıqdan sonra orada izlədiyi intihar metodlarını öz üzərində yoxlamaq qərarına gəlir"



"Ən əsası da odur ki, intihar etmək istəyən uşaqlar əvvəlcədən valideynlərinə özlərini öldürəcəklərini demirlər. Ancaq isterik xarakterli uşaqlar valideynlərinə bu cür hədə-qorxu gəlirlər"

"Mobil telefonlara, kompüterə, planşetlərə yüklənən əksər oyunların sonu ölümlə, qətllə bitir. "Ölən" adam yenidən dirilir, oyun davam edir. Bu da uşaqların təsəvvüründə ölümlə bağlı yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxarır"

Ötən gün Zaqatala şəhər sakini 8 yaşlı Eşqin Əhmədov özünü ağacdan asaraq intihar edib. Eşqinin meyiti yaxınları tərəfindən şəhərin Azərbaycan prospektindəki fərdi yaşayış evlərinin birinin həyətyanı sahəsindəki ağacdan asılı vəziyyətdə aşkarlanıb. E.Əhmədovun intihar etməsinin səbəbi hələ ki, məlum deyil. Həm səbəb bəlli olsa, nə olacaq? 8 yaşlı bir uşağın intiharına bəraətmi qazandıracağıq? Hər şeyi anlamaq, başa düşmək, yola vermək olar, amma 8 yaşlı bir uşağın canına qəsd etməsi … Hələ dünyanı dərk etməyən, həyata oyuncaq kimi baxan yaşında bu uşaq niyə özünü öldürüb? 8 yaşında hansımız intihar haqqında düşünürdük? Heç ölümün nə olduğunu belə bilmirdik. Axı o yaşda bir uşaq üçün ölüm sadəcə uzaqlardan ibarət olmalıdır. 8 yaşlı Eşqin intiharı dərk edəcək yaşa necə çatdı? Bapbalaca əlləri ilə boynundan asılan o ipi "dar ağacı”na necə keçirdi? Suallar çoxdur, baş verən hadisənin isə heç bir təsəllisi yoxdur. Uşaqlar bizim üçün saflıq, xoşbəxtlik simvoludur. 8 yaş deyəndə bizim ağlımıza əynində məktəbli forması, kürəyində çantası ilə məktəbdən evə tələsən, çatan kimi çantasını evə atıb həyətdəki oyun meydançasına düşən bir uşaq canlanır gözümüzün önündə. Boynuna bağladığı kəndirlə ağacdan asılı qalan buz parçası olmaq yaraşmır uşaqlara. Ölümün nə olduğunu dərk etməyən çağında olan uşaqlar necə ölə bilər?

Böyüklər arasında baş verən özünəqəsdlərin səbəblərini başa düşürük. Bəzən ağır maddi durum, bəzən də zorakılığa qarşı dözümsüzlük onları ölümə vadar edir. Bəs qayğısız sandığımız uşaqlar niyə özünəqəsd yolunu seçir? Və yaxud onları özünü öldürmə həddinə çatdıran səbəblər hansılardı?
Mütəxəssislərin fikrincə, 8 yaşlı uşağın özünü asaraq intihar etməsi heç də real görünmür.

Azyaşlı uşaqlar arasında intihar hallarının tez-tez müşahidə edildiyini deyən psixoloq Narınc Rüstəmovanın fikrincə, uşaqları intihara vadar edən əsas səbəb ailə-məişət zorakılığı, ailədaxili münasibətlərdə soyuqluq, şiddətdir. Həmçinin də televiziyaların xüsusi rolu var: 

"Şiddətə meyilli filmlər, intihar səhnəsi olan kinolara uşaqların baxması məsləhət deyil. Hansısa problemi olan uşaq qorxulu filmlərə baxdıqdan sonra orada izlədiyi intihar metodlarını öz üzərində yoxlamaq qərarına gəlir. Bu isə bir çox hallarda ölümlə nəticələnir”.

Azyaşlı və yeniyetmə dövründə olan uşaqların ancaq seçilmək, özünü təsdiq eləmək istədiyini vurğulayan psixoloq deyib ki, buna nail ola bilməyəndə isə artıq həyatdan əlini üzür və tək çarəsinin ölmək olduğunu düşünür. Bəzən də bununla ətrafındakı insanları cəzalandırmaq istəyir: "İndiki dövrdə 8 yaşlı uşaqdan bu addımı gözləmək olar. Amma əsas problem həmin uşağı bu həddə çatdıran mühitlə bağlıdır. 8 yaşlı bir uşağın həyatında nə baş verib ki, o, özünü asmaq qərarına gəlib?”.

Böyük yaşlı insanların adətən intihara affekt halında olarkən cəhd etdiyini qeyd edən psixoloq deyib ki, azyaşlı uşaqlar əvvəlcədən intihar üçün hazırlıq planları qururlar. "Bu səbəbdən də uşaq intiharlarında əsas məsuliyyət valideynlərin üzərinə düşür. Çünki intihar fikrinə düşən uşaqların hərəkətlərində, davranışlarında istər-istəməz bu durum hiss olunur. Heç bir uşaq depressiv fondan sığortalanmayıb. Ən əsası da odur ki, intihar etmək istəyən uşaqlar əvvəlcədən valideynlərinə özlərini öldürəcəklərini demirlər. Ancaq isterik xarakterli uşaqlar valideynlərinə bu cür hədə-qorxu gəlirlər. Hansı ki, onlar heç də intihar etmək niyyətində deyil. Sadəcə olaraq, diqqət çəkmək və istədiklərinə nail olmaq üçün ailəsini şantaj edir. İstənilən halda uşağın fərqli davranışı valideynləri narahat etməli və onlar psixoloji dəstək almalıdırlar”.

Psixoloq Orxan Oruc "Şərq”ə açıqlamasında azyaşlıların intiharının acı təəssüf doğurduğunu bildirib: 

"Yetkin insan, yaşlı bir adam, hətta gənc, yeniyetmə intihara əl atırsa, bunun hansısa səbəblə bağlı olduğu üzərində düşünülür. Deyək ki, yetişkin birisinin sosial problemi ola bilər, ailəsində münaqişə yaranar, gənc, tutalım, nakam hesab etdiyi sevgiyə görə, bəzən imtahanlarda uğursuzluğa görə, yəni, hansısa bir səbəbə, hətta bu səbəb ətrafdakılara əsassız, boş və mənasız görünsə də, yenə də səbəb adlandırılacaq, intihar edir. Amma 8 yaşlı uşağın intihara əl atmasının köklü bir səbəbi ola bilməz. Çünki bu yaşda uşaq, uşaqdır. Uşaq, intiharın nə olduğunu dərk etmək iqtidarında deyil. Uşaq evdə əziyyət də çəkə bilər, valideynləri ilə münasibətləri yaxşı olmaya da bilər, məktəbdən, sinif yoldaşlarından, kənd uşaqlarından, kimdənsə narazı da olar. 

Hansısa istəyi, arzusu yerinə yetməz. Amma bunların heç biri 8 yaşlı uşağı intihara apara biləcək səbəb deyil. Uşaq həyatı anlamadığı kimi, ölümü də anlamır. Deməli, uşaqların intiharı təqlid xarakteri daşıyır. Bu gün Azərbaycan telekanallarında işarəli filmlər, proqramlar varmı? Hansı film, proqram, veriliş "+ altında” və ya "+ üstündə” işarəsi ilə verilir? Azərbaycan telekanallarında buna rast gəlinmir. Amma qonşu ölkələrin telekanallarına baxaq.

 Türkiyədə bütün filmlər başlamazdan əvvəl onun hansı kateqoriyaya aidliyi xüsusi işarə ilə verilir. Bu, izləyiciyə mesajdır. O mesaja valideyn diqqət göstərə bilər də, bilməz də. Bizdə elə ailələr var ki, filmlərə, proqramlara birlikdə baxırlar. Valideynlər bu film və ya proqramın uşağa ziyanlı ola biləcəyini heç düşünmür də. Amma bizim valideynlərin məsuliyyətsizliyi, diqqətsizliyi normalara riayət edilməməsinə əsas vermir".

O.Orucun sözlərinə görə, mobil telefonlara, kompüterə, planşetlərə yüklənən əksər oyunların sonu ölümlə, qətllə bitir. Lakin oyun təkrarlanır. "Ölən” adam yenidən dirilir, oyun davam edir. Bu da uşaqların təsəvvüründə ölümlə bağlı yanlış təsəvvürlərin formalaşmasına gətirib çıxarır: 

"Uşaq düşünür ki, burada adam ölüb yenidən dirilirsə, deməli, o da ölüb-dirilə bilər. Uşaqlar ölümü bir oyun zənn edirlər. Çünki bu oyunlarda adamlar "yanır”, amma yenə qayıdır, oyun davam edir. Bunlar hamısı yüksək reytinq qazanan oyunlardır. Çünki yüklənmə faizi böyükdür. Bu oyunları tərtib edənlər yalnız reytinqə işləyir.

Ölüm, şiddət, zorakılıq səhnələrinin yer aldığı filmlərin, videoların yayılmasının qarşısı alınmalıdır. Problemdən biri də uşaqlarla söhbətlərin aparılmamasıdır. Nə məktəb bununla məşğuldur, nə də ailələr. Belə təəssürat yaranır ki, uşaqlar özbaşına böyüyür”.

Şəymən