2026-cı ilin ilk yeddi ayında Rusiya ilə Ermənistan arasında dəmir yolu ilə yükdaşımaların həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 63,4 faiz artaraq 86 min tona çatıb.
Sherg.az xəbər verir ki, bu barədə Rusiyanın Nəqliyyat Nazirliyi məlumat yayıb.
Məlumat Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində baş tutan görüşünün yekunları ilə bağlı açıqlanıb. Görüşdə Rusiyanın nəqliyyat naziri Andrey Nikitin də iştirak edib.
Tərəflər Rusiya-Ermənistan ikitərəfli əməkdaşlığının inkişaf perspektivlərini, o cümlədən nəqliyyat sahəsində əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər.
Rusiya Nəqliyyat Nazirliyinin məlumatına görə, 2026-cı ilin ilk yeddi ayında iki ölkə arasında dəmir yolu ilə xarici ticarət yüklərinin daşınması 63,4 faiz artaraq 86 min ton təşkil edib.
Nazirlik həmçinin bildirib ki, Rusiya və Ermənistan arasında avtomobil nəqliyyatı ilə ikitərəfli və tranzit yükdaşımalar Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində icazə sənədi tələb olunmadan həyata keçirilir.
Bundan başqa, 2026-cı ildə tərəflər üçüncü ölkələrə və üçüncü ölkələrdən avtomobil daşımalarının həyata keçirilməsi üçün ilkin olaraq 700 icazə sənədi ilə qarşılıqlı mübadilə aparıblar.
Hazırda Rusiya ilə Ermənistan arasında müntəzəm sərnişindaşıma həyata keçirən dörd avtobus marşrutu da fəaliyyət göstərir.