O qədər baxıb görməyənlər var ki...

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi
Dünyanın məşhur filosofları, alimləri, siyasi xadimləri vətənpərvərlik, qəhrəmanlıq haqqında elə fikirlər səsləndiriblər ki, bu gün o sözlərin hikməti ayrı-ayrı seçilmiş adamların həyatına həm də bir bəzək vurur. Nəriman Nərimanov deyirdi ki, Vətənin qədrini o kimsə bilər ki, vətən ilə onun ruhən rabitəsi olsun, vətən ilə bir yerdə ağlasın, bir yerdə gülsün. Vudro Vilson isə bu mövzuda şəxsiyyətə daha böyük önəm verirdi, insan amilini qabardırdı: Vətənin böyüklüyü onun sıravi vətəndaşlarının böyüklüyü ilə müəyyən olunur. Amma çinli filosof Lao Tsu daha maraqlı deyib - min kilometr uzunluğunda olan yol sadəcə bir addımla başlayır...
Bəli, bəzən uzun bir yol bir addımla başlayır, tarix yazılır, nəticədə millət qazanır, yeni nəsil bu uğuru özünün həyat amalına çevirir.
Tarixi yaradanlar gördükləri işlərlə mənsub olduğu xalqın gələcəyinə bəzən elə işıq salır ki, ondan sonra gələn gənc nəsillər yüz il sonra da bu tarixi ilə öyünür, fəxr edir.
Hansı sahə olursa-olsun, gənc nəslin mənlik şüurunun inkişaf etdirilməsində məhz qəhrəmanlar, öndə olanlar əvəzsiz xidmətlər göstərir. Hər bir millətin gəncliyi öz qəhrəmanlarına oxşamaq istəyir. Vətən, torpaq bayraq üçün canını fəda edənlər, bu yolda tər tökənlər heç vaxt millətin yaddaşından silinmir, yeni-yeni uğurların müjdəçisi olur. Necə ki adları dərslik kitablarına salınmış Azərbaycanın son illərdə yetişdirdiyi, Mübariz İbrahimov, Fərid Əhmədov kimi qəhrəmanlarımızın həyatı tarixin yaddaşında özünə həmişəlik yer edib. Gənclər onların qəhrəmanlıq səlnaməsini sevə - sevə oxuyur, öyrənir, qürur duyur.
Tariximizin bu səhifəsini də dönə-dönə oxumaq lazımdır.
Bir insanla, onun iradəsi ilə başlanan uzun bir yol...
Bu qəhrəmanın həyatı da başdan ayağa örnəkdir. Onun gün-güzəranı elə hamar keçməyib, vaxtı ilə 10 yaşında idmanın qapılarını döyməyə başlayanda taleyin hansı amansız üzü ilə qarşılaşacağını ağlına bələ gətirməyib. Amma sınmayıb, məğlub olmayıb, həyat hekayətini yenidən yazmağa özündə güc tapıb.
Onun böyük qardaşı yaşadıqları Sumqayıt şəhərində sərbəst güləşlə məşğul olurmuş. İlham da 12 yaşı olanda onunla birgə məşqə gedir, elə həfəs yaranır ki, bir gün də məşqi buraxmır. Bir az keçəndən sonra qərarını qəti verir və sərbəst güləşlə hədəflərini müəyyənləşdirir, ömrünü idmana bağlayır.
1998-ci ilə qədər məşğul olduğu bu idman növündə şəhərdaxili yarışlarda birincilik, respublika çempionatında mükafatlar qazanır. Hərbi xidmətə yollanmazdan əvvəlki sonuncu yarışda Azərbaycan kubokunun qalibi kimi sumqayıtlıların fəxrinə çevrilir.
Bəs orta məktəbdə oxuya - oxuya həm idmanı, həm də dərslərini necə çatdırırdı?
Bu haqda anası danışır: "İlham çox sakit uşaq olub, nadinc olmayıb, sözə baxırdı. Çalışırdı ki, özünə qarşı çox tənqid yönəlməsin, bir pis iş görəndə də qabaqcadan gəlib üzr istəyərdi. Bacısını, qardaşını çox istəyib, həmişə bir yerdə oynayardılar. Yaxşı şəkillər çəkirdi, bacısına məktəbdə lazım olan divar işlərini o görürdü. Dərslərini də yaxşı oxuyurdu. Bunun da səbəbi var idi. Çünki idmana cox həvəsli idi. Mən də deyirdim ki, "dərslərini yaxşı oxumasan, idmana icazə verməyəcəm”. Ona görə dərslərinə də diqqət ayırırdı”.
Amma qabaqda onu bir vətən borcu gözləyirdi. İlham Zəkiyev hərbi xidmətə çağırılır.
- 1998-ci il iyulun 2-də əsgər getdim. Yaşıdlarımdan seçilirdim, fiziki göstəricilərimə görə Beyləqanda o vaxt ki, korpus komandirimiz general Yaşar Aydəmirov məni birinci seçdi, "n” saylı kəşfiyyat taboruna yazdı. Nümunəvi xidmətlərimə görə bir neçə dəfə fəxri fərmanlarla təltif olundum . Ancaq 1999-cu il, fevral ayının 24 -də Füzuli rayonunun Aşağı Bəhmənli kəndi istiqamətində döyüş tapşırığını yerinə yetirən zaman düşmən snayperinin gülləsinə tuş gəldim. Güllə sol gicgahımdan daxil olub, sağ gicgahımdan çıxdı. 5 gün koma vəziyyətində yatdım. Artıq həm həkimlər, həm də yaxınlarım ümidlərini üzmüşdülər. Həkimlər deyirdilər ki, idmançı olduğuna görə bu qədər sağ qalıb, amma siz hazırlığınızı görün, yaşamaq ehtimalı yoxdur. Beş gün sonra anam yanımda oturanda həkimdən soruşub ki, "icazə olar oğlumla danışım?”. Anam çağırdı məni: "İlham, İlham”, mən də onun səsinə cavab verdim. Anamın səsinə komadan ayıldım... Mənim ilk sözüm bu oldu: "Üşüyürəm, soyuqdur”. Fevral idi, anam əynindəki jaketi çıxarıb sərdi üstümə. İsti çay verdi. Sonra yaddaşımı yoxladılar - "filankəs kimdir?”, "filankəs sənin nəyindir?”. Mən də deyirəm ki, "bu nə qəribə suallardır verirsiniz?”. Dedilər ki, "şükür, yaddaşı yerindədir”. Amma xəstəxanada bir nəfər vardı, yaddaşını itirmişdi. O oğlan sağ qalmadı... Allah ona rəhmət etsin. Mən görmə qabiliyyətimi tamam itirdim və evimizə birinci qrup Qarabağ əlili kimi qayıtdım.
Gənc bir adam, ürəyi vətən sevdalısına bundan artıq nə böyük dərd ola bilərdi? Çox çətin idi bu vəziyyətə alışmaq. Hələ 19 yaşı tamam olmayıb. Bütün planları alt-üst olub. Gənc oğlan nə planlaşdırır? Xidməti qurtarıb, instituta qəbul olsun, yaxşı bir işə yiyələnsin, ailə qursun. O böyük zərbədən sonra qarşısında yeni qapılar açılır.
İlham Zəkiyevə ailəsi, qohumları, dostları kömək durur, ona ürək-dirək verirlər. Amma sonrakı taleyini özü müəyyənləşdirir.
2002-ci ildə onun müalicəsi ilə bağlı nazir Əbülfəs Qarayevə müraciət edir, vəziyyətini Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə məruzə edirlər və onu Moskvaya göndərirlər. Düzdür, orda da həkimlər ürəkaçan bir söz deməyiblər. Qayıtdıqda nazirlikdə şöbə müdiri Tağı Tağıyevdən soruşub ki, Paralimpiya oyunları haqda eşidib, orda gözdən əlillər üçün güləş növü varmı? Tağı Tağıyev elə İlhamın yanındaca Milli Olimpiya Komitəsinə zəng vurub maraqlanır.
"Üzümə baxıb gülə-gülə "Sənin alnına olimpiya çempionu olmaq yazılıb, get, sabahdan məşqlərə başla” dedi. Mənə məşq üçün şərait yaratdılar”.
Bundan sonra İlhamın həyatında yüksəliş başlayır. Beş dəfə Avropa çempionu, iki dəfə Dünya çempionu, Paralimpiya Oyunlarından - Afinadan, Pekindən qızıl, Londondan bürünc medalla qayıdır. 2008-ci il ilin dekabrında cənab Prezident onu "Şöhrət” ordeniylə təltif edir və bu ordeni alan ilk paralimpiyaçı olur.
Nəhayət, İlham Zəkiyevin həyatında heç vaxt unudulmayacaq bir hadisə baş verir. 12 iyun, "Bakı-2015” I Avropa Oyunlarının açılış mərasimi gözlənilməz olur. Dünya liderlərinin də qatıldığı tədbirdə cüssəli məşəl daşıyan minlərlə tamaşaçının gözü önündə qəribə bir sükut yaradır. Bu, iki dəfə Paralimpiya Oyunları çempionu, ikiqat Dünya çempionu, beşqat Avropa çempionu, Əməkdar idman ustası, "Şöhrət” ordeninin sahibi İlham Zəkiyevdir. "Rossiya 2” kanalının aparıcısı onu bu titullarsız, sadə şəkildə təqdim edir: "İlham Zəkiyev - Böyük insan”.
Gözlərini döyüşdə itirsə də, yenilməyən, ölümə meydan oxuyan, idmanda böyük qələbələrə imza atan 35 yaşlı azərbaycanlı idmançı həmin gün stadionda yaşadıqlarını belə anladır:
- Həyəcan da vardı, qürur hissi də... Bu missiyanı məhz mənə həvalə etdiklərinə görə, cənab prezidentə, Mehriban xanıma minnətdaram. Çox həyəcanverici və qürurverici anlar idi. Mən üç olimpiya oyunlarında güləşmişəm, heç vaxt belə həyəcan olmayıb.

"Qarabağ müharibəsi əlili kimi məşəli mənim stadiona gətirməyim...”
İlham Zəkiyev həyəcanının səbəbini də açıqlayır:
- Missiyanın böyüklüyü, işin ciddiliyini mən çox gözəl anlayırdım. Azərbaycanı istəyən var, istəməyən də. Ani bir xəta, yanlış Azərbaycanın adına, imicinə xələl gətirərdi. Çox ciddi hazırlaşmışdıq. Üç ay qabaq mənə demişdilər ki, məşəli mən yandıracağam, gecələr gizlicə məşq edirdik. Mənə tapşırılmışdı ki, məşəli daşımağım sirr qalsın. Heç evdə də deməmişdim. Çox gözəl sürpriz oldu mənim üçün, yaxınlarım üçün. Hamısı mənimlə fəxr etdi, hamısını ağlatdım, hamısının gözündə sevinc göz yaşı vardı. Bu, bir tarixdir.
Müsahibimiz deyir ki, I Avropa Oyunlarının məşəlini stadiona məhz onun gətirməsi dünyanın diqqətini yenidən Dağlıq Qarabağ münaqişəsinə yönəldəcək: "Qarabağ müharibəsi əlili kimi məşəli mənim stadiona gətirməyim mənfur qonşularımıza bir mesaj idi. Bayraqdarımız da, bildiyiniz kimi, Elmar Qasımov idi. O, İrəvanda keçirilən yarışlarda Azərbaycan bayrağını dalğalandırmış və himnimizi səsləndirmişdi. Bu, bir təsadüf deyildi. İnşallah, bayrağımızı da Qarabağda qaldıracağıq, məşəlimizi də alovlandıracağıq”.
Hər bir uğurumuz yeni nəslin özünə güvənc hissini artırır
10 il Sambo Federasiyasına rəhbərlik etmiş Zəlimxan Məmmədli də peşəkar idman mütəxəssisi olaraq idmanı milli mənlik şüurunun formalaşmasında, fiziki və mənəvi kamil insan yetişdirməkdə mühüm vasitə hesab edir. Hər bir uğurumuz yeni nəslin özünə güvənc hissini artırır, qalib gələ bilmək vərdişinin hakim olmasına təkan verir. Zəlimxan Məmmədli deyir ki, Bakı-2015 ilk Avropa Oyunlarına hərə bir cinahdan yanaşmaq istədi. Onu siyasiləşdirmə cəhdləri də oldu. "Birmənalı şəkildə yekunda millətimizin və dövlətimizin maraqlarının nəfinə olan mötəbər bir tədbir kimi dəyərləndirmək imkanlarım yetərincədir. Bu oyunlar dağınıq görünən Azərbaycan cəmiyyətinin birləşmək potensialının böyük olduğunu təsdiq etməklə, Avropa dəyərlərini daşımaq gücündə olan bir toplum olduğumuzu da əyani təsdiq etmiş oldu. İlham Zəkiyev faktoru isə müəyyən mənada siyasi, ideoloji, psixoloji yüklü hadisə olmaqla, mənəvi dünyamızın və milli potensialımızın, genetik quruluşumuzun zənginliyinin özünü təsdiqidir. Bu qələbədə dövlət başçısının reaksiyasını da hər şeydən öncə bir vətəndaş və prezident olaraq düşmənlərə verdiyi siyasi, ideoloji mesaj kimi dəyərləndirirəm. Bu hadisə Qarabağ probleminin həllində milli gücün təmərküzləşə biləcəyi və qalib gələcəyimiz strateji hədəfə işarə kimi də yozula bilər”.
Paracüdoçumuz İlham Zəkiyev Avropa Oyunlarında ölkəmizin aktivinə 18-ci qızılı yazdırıb. +90 kq-da gözdən əlillərin yarışında idmançımız finalda ukraynalı Aleksandr Ponimovu 2 dəqiqə 4 saniyə ərzində ipponla qalib gələrək yarışların qızıl medalına sahib oldu.
Zəkiyevin final görüşünü Azərbaycan Prezidenti İlham Əliyev də tribunadan canlı izləyib. Mükafatlandırma mərasimində iştirak edən ölkə başçısı ona qızıl medalı şəxsən təqdim edib. Azərbaycan Prezidenti İlham Zəkiyevlə birlikdə ən yüksək pillə olan fəxri kürsüyə qalxıb.
İdmançımız keçirdiyi döyüşlərlə bağlı təəssüratlarını jurnalistlərlə bölüşüb: "Mənə xəbər verəndə ki, Avropa Oyunlarında güləşəcəm, çox sevindim. Mən bu məsuliyyəti dərk edirdim. Yumşaq zədələr olsa da, Allaha şükürlər olsun ki, həmin zədələr ölkəmizi burada layiqincə təmsil etməyə mane olmadı. Bütün Azərbaycan məndən qızıl medal gözləyirdi”.
Avropa Oyunlarını tarixi bir hadisə kimi dəyərləndirən cüdoçumuz qələbəsini Azərbaycan xalqına və ölkə Prezidentinə həsr etdiyini bildirib: "Atəşgahda məşəli yandıranda cənab Prezidentə dedim ki, iyun ayının 26-da - Silahlı Qüvvələr Günündə güləşəcəm və çalışacam ki, ona qızıl medal hədiyyə edim. Çox şükür ki, bunun öhdəsindən gəldim. Qızıl medalı cənab Prezidentə və Azərbaycan xalqına hədiyyə edirəm”.
İ.Zəkiyev təltifetmə mərasimində Prezidentlə arasında baş tutan dialoqa da aydınlıq gətirib: "Dedim ki, "Cənab Prezident, əsgər Zəkiyev sizin verdiyiniz döyüş tapşırığını yerinə yetirdi”.

"İlham Zəkiyev cəsarət, ləyaqət simvoludur”
Prezident İlham Əliyev iyunun 27-də Avropa Olimpiya Komitələrinin prezidenti Patrik Hikkinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən müzakirədə yenə də İlham Zəkiyevin qələbəsi söhbət mövzusu olub.
P.Hikki Birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkili və keçirilməsinə görə dövlət başçısına təşəkkürlərini çatdırıb: "Sizin paraolimpiyaçı cüdoçu İlham Zəkiyevə qızıl medalı təqdim etməyiniz və onunla birlikdə podiumda durmağınız möhtəşəm və həyəcanlı anlar idi. Bu görüntülər bütün dünyada çox böyük maraqla izlənildi”.
İlham Zəkiyevin cəsurluq, ləyaqət simvolu olduğunu qeyd edən dövlət başçısı ona medalın məhz Azərbaycanın Silahlı Qüvvələr Günündə təqdim edilməsinin çox rəmzi və əlamətdar xarakter daşıdığını bildirib. "O məni podiuma dəvət etdi və mən böyük məmnunluqla bunu etdim” deyən Prezident İlham Əliyev həmin anların unudulmaz olduğunu qeyd edib.
İlham Zəkiyevin arzuları və niyyətləri də anlaşılandır. Onu qələbələrə, uğurlara ruhlandıran güc də var.
- Mən hər şeyə görə ilk növbədə Allahıma borcluyam. Şübhəsiz ki, ailəm və dostlarım həmişə yanımda olub, məni ruhlandırıblar, mənə güc veriblər. Və bu qələbələrin arxasında ölkəmizdə idmana qayğı da dayanır. Biz idmançıların yaxın dostu, cənab Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısı da bizi stimullaşdırır. Biz də həmişə çalışacağıq ki, bizim üçün əziyyət çəkənləri daim qələbələrimizlə sevindirək.
İlham Zəkiyevin ən gözəl qiymətini isə onun gözəl balası Aynur verib.
Qızı Aynurdan soruşanda "ata sənin nəyindir?”, tez cavab verir ki, "ata mənim gözlərimdir”.
Çempion qəhrəmanımız bu ifadələrdən çox təsirlənir, balasını bağrına basıb öpür.
Onun üç övladı var. Böyük övladı İlkin, qızı Aynur. Tanrı ona 26 iyun Milli Ordu Günü bir oğul payı da verib. Adını Həmzə qoyub.
Sonda, bu qədər enişli-yoxuşlu həyat yolu keçmiş Qarabağ əlili, çempion cəmiyyətə çox düşündürücü bir mesaj verir. İşığı görmək şərt deyil, haqqı görməyənlər kordur. O qədər baxıb görməyənlər var ki...
Yusif Yusubov
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim edilir.