O yurdlar bizimdir

“Azərbaycanlılar tarixi dədə-baba yurdumuz olan indiki Ermənistan ərazisinə də qayıdacaq”



"Dağlıq Qarabağ Azərbaycanın əzəli torpağıdır. Heç vaxt Azərbaycan xalqı və dövləti bu vəziyyətlə barışmayacaq. Mən tam əminəm ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik. Azərbaycanlılar öz doğma torpaqlarına qayıdacaqlar”.

Bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir qrup gənclə görüşündə deyib. Dövlət başçısı indiki Ermənistanın da tarixi Azərbaycan torpağı olduğunu söyləyib: "Əgər keçən əsrin əvvəlində dərc edilmiş xəritələrə baxsaq görərik ki, orada şəhərlərin adlarının böyük əksəriyyəti Azərbaycan mənşəlidir. Ermənistan-Azərbaycan müharibəsinin yaranması əlbəttə ki, bizim dövlətçiliyimizə, dövlətimizə, xalqımıza qarşı törədilən böyük cinayətdir”.

Millət vəkili Elman Məmmədov bildirib ki, Prezident İlham Əliyevin Azərbaycan vətəndaşlarının indiki Ermənistan torpaqlarına qayıdacağı ilə bağlı bəyanatı tam əsaslıdır: "Cənab Prezident bu bəyanatı birinci dəfə səsləndirmir. Dövlət başçısı bunu Avropa Şurasında və digər beynəlxalq qurumlarda da dəfələrlə səsləndirib ki, biz torpaqlarımızda ikinci bir erməni dövlətinin yaradılmasına imkan verməyəcəyik. Yəni bu, xarici qüvvələrə bir mesajdır ki, ermənilər sizin köməkliyinizlə bizim dədə-baba torpaqlarımızda bir dövlətə malikdir. Prezident gənclərlə görüşündəki çıxışında haqlı olaraq dedi ki, təkcə bu gün işğal altında olan torpaqlarımızı işğaldan azad etməklə kifayətlənməyəcəyik. Eyni zamanda, azərbaycanlılar tarixi dədə-baba yurdumuz olan indiki Ermənistan ərazisinə də qayıdacaq. Prezident bunu gənclərimiz qarşısındakı çıxışında əminliklə qeyd etdi”. Deputat bildirib ki, bu sözü demək üçün Prezident İlham Əliyevin kifayət qədər əsası var: "Torpaq bizimdir və biz bu gün güclüyük, işğal olunmuş torpaqlarımızı geri qaytaracağımıza əminik. Azərbaycanda daxili sabitlik mövcuddur. Dövlətimiz güclü orduya malikdir. Ən əsası, biz haqqın, ədalətin tərəfindəyik. Prezidentin rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edəcəyik. Doğma yurd-yuvamıza, Ermənistandakı tarixi yerlərimizə də daimi yaşamaq üçün qayıdacağıq”.

İsmayıl