Çünki Azərbaycan Amerika siyasi rəhbərliyinin qayğı dairəsində olan bölgə deyil
ABŞ-ın Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin eksperti Qreqori Kili rəsmi Vaşinqtonu Dağlıq Qarabağ münaqişəsinə daha çox diqqət ayırmağa çağırıb. Ekspert "Rollcall” saytında dərc olunan "Strateji səbr üçün vaxt yoxdur: Azərbaycan nümunə kimi” başlıqlı məqaləsində ABŞ prezidenti Barak Obamanı "strateji səbr” siyasətindən vaz keçməyə çağırıb.
Kili xatırladıb ki, Avropa, Afrika və Yaxın Şərqdə Obama administrasiyasının "strateji səbri”nin bir sıra uğursuzluğa düçar olmuş nümunələri var. Müəllif ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllinə maraq göstərmədiyinə xüsusi diqqət çəkib: "Azərbaycanla Ermənistan arasında münaqişə son aylar güclənib. Münaqişə regiondakı sabitliyə təhdiddir. Birləşmiş Ştatlar yalnız Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupu həmsədri qismində münaqişənin nizamlanmasında iştirak etməklə kifayətlənir”. Əslində Obama Administrasiyasına edilən bu cür çağırışlar ilk deyil. Dəfələrlə amerikalı müstəqil ekspertlər, hətta bir sıra yüksək dövlət rəsmiləri də Azərbaycanın önəmini vurğulayaraq, ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməsini tələb ediblər. Amma təəssüflər olsun ki, indiyədək bunların heç birinin müsbət nəticəsi olmayıb.
Məsələni "Şərq”ə şərh edən Sülh və Münaqişələrin Həlli Mərkəzinin rəhbəri Elxan Mehdiyev müstəqil ekspertlərin çağırışlarının effekt verəcəyini düşünmür. Onun sözlərinə görə, ABŞ Dövlət Departamenti tərəfindən edilən çağırışlar da indiyə qədər nəticə verməyib: "Azərbaycan Amerika siyasi rəhbərliyinin maraq dairəsində, daha doğrusu, qayğı dairəsində olan bölgə deyil. ABŞ üçün o yerlər önəmlidir ki, həmin bölgələr ölkənin daxili siyasətində müəyyən rol oynayır və ya oralarda Amerika ordusu yerləşir. İndiki mərhələdə ABŞ üçün ən maraqlı məsələ İsrail-Fələstin münaqişəsi, Əfqanıstan və İraq bölgələridir. Çünki bu yerlərdə ABŞ-ın hərbi qüvvələri fəaliyyət göstərir”.
E.Mehdiyevin dediyinə görə, ABŞ-ın daxili siyasətində Azərbaycanla bağlı heç nə yoxdur: "ABŞ-dakı erməni lobbi qrupları Konqresin çox sayda üzvlərinin seçiciləridir. Ermənilər onların seçilməsi üçün böyük məbləğdə pul ayırırlar. Təsir altına düşən həmin konqresmenlər ABŞ dövlətinin xarici siyasətinə təsir edə bilirlər. Ermənistan-Azərbaycan məsələsində ABŞ-ın indiyə qədər tutduğu mövqe bilavasitə rəsmi Vaşinqtonun daxili siyasətindən, yəni oradakı ermənilərin konqresmenlərə təsirindən irəli gəlir. Bu baxımdan hesab etmirəm ki, hər hansı ekspertin çağırışı hansısa nəticə verəcək. Amma ümumi gediş üçün faydalı ola bilər”.
İsmayıl