“Oğlum anasız qalmasın...”

Xalq artisti Könül Xasıyeva Mehriban Əliyevadan kömək istədi


Xalq artisti Könül Xasıyevanın səhhəti ağırlaşıb. Bu barədə "Şərq”ə danışan Könül Xasıyeva "Özümü çox pis hiss edirəm. Onurğa sütunumda problem var. Bəziləri yazır ki, dəri xərçəngindən əziyyət çəkirəm. Bu, düzgün məlumat deyil. Axı bunu anam, atam da eşidir.

Mən xərçənc xəstəsi deyiləm. Onurğa iflici olmuşam. Demək olar yeriyə bilmirəm. İnanın ki, ayaq üstə qalxa bilmirəm. Bundan başqa şəkərim var. Öz ağrı-acılarımın mətbuata çıxmasını istəməzdim. Bu, mənim problemimdir. İstəməzdim ki, məni belə görsünlər. İndi ağrılarım çoxdur, vallah, çox danışa bilmirəm. Hər gün ağrıkəsici vurulur. Yanımda bacım, xalamqızı qalır. Onlar baxır mənə. Ümidim bir tək Allaha qalıb. O, mənə kömək olsun. Ağrılarım o qədər çoxdu ki, evdən çıxa bilmirəm. Mayın 23-də Xalq artisti Aygün Bayramovanın toyudur. Toparlanıb ora getmək istəyirəm. Səhhətim bilmirəm buna imkan verər, ya yox. Aygün xanım mənim toyumda iştirak edib, oxuyub. Mən də onu çox istəyirəm, toyunda iştirak etmək istəyirəm. Ona görə çalışıram iynə-dərmanlarımı çoxaldım ki, ağrı hiss etməyim”.

Maraqlandıq ki, xəstəxanaya müraciət edibmi, həkimlər nə deyiblər? Xalq artisti "Xəstəxanada yatmağa da demək olar imkanım yoxdu. Mənə həkimlər bildirdilər ki, xaricdə əməliyyat olsam, sağala bilərəm. Ancaq xaricdə əməliyyat olmağa imkanım yoxdu. 30 min dollar əməliyyat üçün pul tələb olunur. Mənim o qədər imkanım yoxdu. Evimi, maşınımı oğlum üçün satmaq məcburiyyətində qaldım. 9 yaşlı oğlumun da xəstəliyi ağır olduğundan nəyim var idisə, satdım. Bu gün evsizəm, maddi imkanım sıfır vəziyyətindədi. 

Oğlum turetto sindromu xəstəliyindən əziyyət çəkir. Dəhşətli baş ağrıları olur. Nəyim var idi satdım. Evimi, maşınımı, amma yenə onu tam sağalda bilmədim. İndi evsiz də qalmışam. Özüm də belə ağır vəziyyətdəyəm. İki ildi toylara da gedə bilmirəm ki, qazanc əldə edə bilim. Mən evsiz olduğum barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevaya məktub göndərdim. Amma əminəm ki, mənim məktubum ona çatdırılmayıb. Mən sizin mətbuat vasitəsilə Mehriban xanıma müraciət etmək istəyirəm ki, mənə kömək etsin. Mənim oğlum anasız qalmasın. Mehriban xanım sənətkarlara dəstək olan insandı. Mənim ümidim ancaq Mehriban xanımadı.

 Ondan imdad istəyirəm. Nə evim qalıb, nə səhhətim yerindədi. Oğlum da xəstə uşaqdı. Düzünü deyim, bir dəfə müraciət etdim, cavab gəlmədi deyə, utandım bir də müraciət etməyə. Amma artıq məcburam. Oğlumun da, özümün də vəziyyəti çox ağırdı. Nə evim, nə pulum var. Çarəsiz vəziyyətdə qalmışam. Ümid edirəm ki, mənim səsimi mətbuatdan eşidər və mənə dəstək olar”.

Tahirə