Oğurluq edən, korrupsiyaya qurşanan adamların XİN-də nə işi var?

SSRİ dövründə bu qurum DTK-dan nüfuzlu idi



Keçmiş Xarici İşlər naziri Tofiq Zülfüqarov XİN-nin fəaliyyətini tənqid edib. T.Zülfüqarov hazırkı nazirə qarşı da sərt ittihamlar irəli sürüb. Keçmiş nazirin sözlərinə görə, qurumdakı krizisin arxasında başqa məsələlər durur və diplomatik korpusdakı gərginliklər başqa yerdən qaynaqlanır:

"Bəzən belə yanaşmaya şahid olursan, - bu özümüzünküdür, o isə qıraqdan gələndir. Belə bir korporativ əhval-ruhiyyə var. Əsas məsələ bununla bağlıdır, siyasi məsələlərlə yox. Problemi ancaq cənab Prezident həll edə bilər. Bir misal da gətirim, təəssüf ki, Harvardı bitirən, yüksək biliklərə malik insanlar XİN-də bacarıqsız, savadsız kimi qələmə verilir. Gülməli addımlar atanlar, özünü layiqincə aparmayanlar isə bacarıqlı diplomatlar kimi təqdim edilir. Kadr siyasətində böyük səhvlər var və bunlar aradan götürülməlidir”. Nazirliyin fəaliyyətini tənqid edənlərdən biri də millət vəkili Fazil Mustafadır. Deputat iddia edir ki, nazirlik yaxşı işləsəydi, bəsirətsiz səfirlər daha bacarıqlı diplomatlarla əvəz olunsaydı, yüksək uğur qazana bilərdik: "Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin fəaliyyətini qənaətbəxş saymıram. Bütün səfirlər on illərlə xarici ölkələrdə oturublar. Təsəvvür edin ki, Pribaltikadan olan ölkələr AŞ PA-da bizim lehimizə səs verməyib. XİN xaricdə diplomatik fəaliyyətlə yox, əyləncələrlə məşğuldur. Biz 3 günə gedib o deputatlara nəyi inandıra bilərik?”. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deputat Fazil Mustafanın fikirlərinə bu cür münasibət bildirib: "Millət vəkillərinin fikirlərinə həmişə hörmətlə yanaşırıq. Onların fikirlərini bu və ya digər formada şərh edə bilmərik”. H.Hacıyev XİN rəhbərliyini qeyri-peşəkarlıqda, intizamsızlıqda təqsirləndirən Tofiq Zülfüqarova cavab verməyin də gərəksiz olduğunu deyib və səslənən fikirlərin həmin şəxsin öz düşüncələri olduğunu deyib.

Bəzi ekspertlər hesab edirlər ki, XİN-də müəyyən qüsurlar var ancaq bu Zülfüqarovun dediyi kimi, həlli mümkünsüz problemlər deyil. Onların fikrincə, əksər nazirliklərdə buna bənzər problemlər olur. Amma fərqli fikirdə olanlar da var. Məsələn, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu "Şərq”ə verdiyi açıqlamada deyib ki, XİN öz işini düzgün təşkil edə bilmir və yarıtmaz fəaliyyət göstərir: "Ölkədəki ən bərbad qurumlardan biri Xarici İşlər Nazirliyidir. Xüsusən, son illər XİN əməkdaşlarının diplomatik xidmətdən geri qayıtmaması, ölkələrindən imtina etməsi göstərdi ki, bu qurumda xeyli mənəviyyatsız kadrlar var. Aydındır ki, orada təyinat zamanı peşəkarlıq nəzərə alınmır. Halbuki, XİN kimi önəmli bir qurumda təsadüfi adamlar olmamalıdır. İndiyə kimi nazirliklə bağlı nə qədər korrupsiya halları gündəmə gəlib. Bir səfirin həyat yoldaşı xarici ölkədə rüşvət verir, o birininki rüşvət alır, bunlar biabırçılıqdır. Oğurluq edən, korrupsiyaya qurşanan adamların XİN-də nə işi var? Belə şəxslər Azərbaycan dövlətini necə təmsil edə bilər? XİN ölkənin ən mühüm strukturu sayılır. SSRİ dövründə Xarici işlər nazirliyi "dövlət içində dövlət” adlandırılırdı. Bu qurum DTK-dan nüfuzlu idi. ABŞ-da xarici siyasəti həyata keçirən Dövlət Departamenti ölkənin ikinci postu sayılır. Amma bizim XİN gündən-günə gözdən düşür”.

İsmayıl