“Ola bilsin, ilkin mərhələdə AKP və MHP razılığa gəlsin”

Araz Aslanlı: “Ancaq bunun uzunömürlü olacağı və uğur gətirəcəyi az ehtimal edilir”



Türkiyənin siyasi kulislərində hakim AKP və müxalif MHP-nin koalisiya hökuməti ilə bağlı ilkin razılığa gəldiyi iddia olunur. Deyilənə görə, MHP bir neçə şərt müqabilində AKP-nin kürd probleminin demokratik həlli ilə bağlı planını qəbul edib. Millətçilərin əsas şərti isə İslam Əməkdaşlıq Təşkilatının sabiq sədri Əkmələddin İhsanoğlunun ölkənin xarici işlər naziri vəzifəsinə keçməsidir.

Razılaşmaya əsasən, parlament spikeri, Daxili İşlər Nazirliyi və Mərkəzi Bankın rəhbərliyi də millətçilərə həvalə olunacaq. Hökumət müzakirələri ilə bağlı danışan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da ən qısa zamanda koalisiyanın qurulmasının vacib olduğunu vurğulayıb. Prezident bildirib ki, Türkiyənin koalisiya hökuməti ilə idarə edilməsi qaçılmazdır: "Seçkidən sonra ortaya çıxan bu tablo millətin istəyidir. Millət nəyi istəyirsə, o da olmalıdır. Prezident olaraq mən xalqın gözləntisi və arzusu ilə bir an öncə hökumətin qurulmasını təşviq edəcəyəm”. Onu da xatırladaq ki, iki gün əvvəl CHP lideri Kamal Kılıçdaroğlunun MHP ilə birgə hökumət qurmaq təklifi qarşı partiya tərəfindən rədd edilib. Türkiyədə seçki sonrası yaşanan proseslərlə bağlı "Şərq”in suallarını cavablandıran Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, tanınmış politoloq Araz Aslanlı mühüm məsələlərə aydınlıq gətirib və maraqlı məqamlara toxunub.

- Hazırda ən çox AKP-MHP koalisiyası müzakirə olunur. Hətta yayılan son xəbərlərə görə, artıq iki partiya arasında müəyyən razılıq var. Sizcə, belə bir koalisiyanın reallaşması mümkündürmü?

- Əvvəla deyim ki, yeni şəraitdə AKP istisna olmaqla, digər partiyalar, MHP, CHP və ya HDP koalisiya qurulmasında çox da maraqlı deyillər. Düzdür, onlar hakimiyyətdə təmsil olunmaq istəyirlər, amma mütləq şəkildə, özü də müəyyən güzəştlər verərək, hökumətdə yer almaq fikirləri yoxdur. Mütləq şəkildə hakimiyyətdə təmsil olunmaq düşüncəsi sadəcə hakim partiyada var. AKP istənilən koalisiya hökumətinin onun iştirakı ilə qurulmasını istəyir. Bu da təbiidir, hakim partiyanın təkbaşına uzunmüddətli hakimiyyəti dövründə müəyyən problemlər, narazılıqlar olub. AKP həmin məsələlərin yenidən şişirdilməsini istəmir və çox yaxşı başa düşür

ki, hakimiyyət dəyişikliyi olarsa, yeni hökumət ilk iş olaraq AKP-nin keçmişdəki problemlərini araşdırmağa başlayacaq. Bu da AKP üçün sıxıntılı olacaq. Dörd partiya içərisində "nəyin bahasına olursa-olsun, koalisiya hökuməti qurulsun” düşüncəsinə ən az sahib olan MHP-dir. AKP-nin də, CHP-nin də əsas sıxıntısı budur. MHP-nin seçki sonrası taktikası mümkün qədər onların iştirakı olmadan hökumət qurulmasına nail olmaqdır. Millətçilərin ən çox "arzu etdikləri” koalisiya isə məhz AKP-HDP hökumətidir. Çünki MHP elə fikirləşir ki, əgər AKP-HDP koalisiyası qurularsa, maksimum 6 ay müddətində, ya da ondan daha az vaxtda uğursuzluğa düçar olacaq və növbəti seçkidə hər iki partiya səs itirəcək. Yaxud AKP-CHP hökuməti qurularsa, o da uzağı bir neçə ay sonra dağılıb gedəcək. Bütün bunların fonunda isə MHP-nin səsi artacaq. Bütün hallarda uğursuzluq və onun ardınca erkən seçimlər var.

- Hakimiyyətdə təmsil olunmaq istəməyən MHP-nin koalisiya ilə bağlı şərtlər irəli sürməkdə məqsədi nədir?

- Problem ondadır ki, MHP koalisiyadan kənar qalmaq niyyətini açıq-aşkar ortaya qoya bilmir və müəyyən şərtlər, tələblər irəli sürür. Çünki MHP-nin seçiciləri onlara hakimiyyətə gəlmək üçün səs veriblər, müxalifətdə qalmaq üçün yox. Ona görə də millətçilər koalisiya ilə bağlı gedən siyasi oyunlardan və müzakirələrdən tam kənarda qalmırlar. Fikir verirsizsə, MHP-nin bütün şərtləri biri-biri ilə ziddiyyət təşkil edir. Bu da onu göstərir ki, onlar şərtlərinin həyata keçməsində o qədər maraqlı deyillər. Türk siyasi tarixində əvvəlcə biri-birini kəskin tənqid edən, hətta təhqir edən partiyalar sonradan birgə koalisiya hökuməti qurublar. Xüsusən, çoxpartiyalı sistemə keçiddən sonra belə təcrübələr tez-tez yaşanıb. Amma indiki türk parlamentinin pay bölgüsü uzunmüddətli koalisiya hökumətinin qurulmasını deyil, daha çox erkən seçkiləri hədəf göstərir. Ola bilsin, ilkin mərhələdə AKP ilə MHP müəyyən razılığa gəlsinlər, ancaq bunun uzunömürlü olacağı və uğur gətirəcəyi az ehtimal edilir.

- Təkrar seçki keçirilsə, AKP və HDP-nin səs faizində kəskin fərqlər müşahidə oluna bilərmi?

- Erkən seçimlər olarsa, bütün hallarda HDP-nin səsi azalacaq. Çünki HDP-nin aldığı səs kürdlərin real səsi deyil. Seçki gecəsi partiya rəhbərliyi özü də etiraf etdi ki, onlar çoxlu əmanət səs alıblar. Çox güman ki, indiki mənzərənin şahidi olan seçicilər növbəti seçimdə HDP-yə səs verməyəcək. Amma AKP ilə bağlı bunu birmənalı söyləmək mümkün deyil. Əgər hökumət qurma prosesi uzanarsa, yeni iqtidar formalaşmazsa, bu, ölkədə siyasi boşluğa və ciddi iqtisadi problemlərə səbəb olacaq. O zaman insanlar düşünəcək ki, onlar AKP-nin təkbaşına hakimiyyəti dövründə daha rahat və sakit həyat yaşayırdılar. Ancaq indiki vəziyyət onlara çətinlik yaradır. Bu səbəbdən erkən seçimlərdə AKP-nin səs faizi bir az arta bilər. Amma hakim partiya səs itkisi də yaşaya bilər. Əgər AKP-nin iştirakı ilə hər hansı koalisiya hökuməti qurulacaqsa və hakim partiya uğursuzluqla seçkiyə gedəcəksə, təbii ki, səsi aşağı düşəcək. Fərqi yoxdur, istər MHP, istər CHP, istərsə də HDP olsun, AKP-nin bu üç partiya ilə birgə hökumət qurması onun səslərini azaldacaq. Yox, əgər hökumət qurulmadan öncə erkən seçki olarsa, o halda vəziyyət dəyişəcək.

- Bəzilərinin iddia etdiyi kimi, AKP-siz hökumət formalaşa bilərmi? Məsələn, CHP-MHP koalisiyası və HDP-nin onlara kənardan dəstək verməsi nə qədər real görünür?

- Türkiyənin siyasi tarixinə, xüsusən, 2011-2015-ci illər arasında gedən proseslərə baxsaq, MHP ilə HDP-nin klassik xəttinin birləşməyə imkan vermədiyini görərik. MHP kürdləri təmsil edən bir partiyanın kənardan onlara dəstək verməsinə yalnız o halda razılıq verə bilər ki, hökuməti qurmaq tapşırığı Dövlət Baxçalıya və ya Kamal Kılıçdaroğluna verilsin. Amma hələlik Prezident Ərdoğan nə Baxçalıya, nə də Kılıçdaroğluna hökumət qurmaq tapşırığı verib. Hələlik MHP düşünür ki, əgər onlar yuxarının səlahiyyəti olmadan koalisiyaya razılıq versələr, yəni AKP-siz koalisiya qursalar, hansısa maraqlı qüvvələr proseslərə müdaxilə edə bilər. Məsələn, yenidən terror əməliyyatları başlayar, türk-kürd qarşıdurması yaşanar və s. xoşagəlməz hadisələr meydana gələr. Fikrimcə, MHP-nin belə bir düşüncəsi varsa da, Prezident onlara hökumət qurmaq tapşırığı verənə qədər səslərini çıxartmayacaqlar. Digər tərəfdən MHP bu cür bir koalisiyanın parçası olacaqsa, bunu əvvəlcə öz sosial bazasına izah etməli olacaq. Yəni millətçilər əsaslandırmalıdır ki, nəyə görə, siyasi ideologiyaları tamamilə fərqli olan CHP və HDP-nin yanında yer almalıdırlar. Əgər MHP-nin arxasındakı ictimai rəy buna razılılıq verərsə, onda millətçilər AKP-siz koalisiyaya gedər.

- Kürdləri təmsil edən HDP-nin parlamentdə təmsil olunmasını necə dəyərləndirirsiniz? Bu mənzərə türk siyasəti üçün problem hesab olunurmu?

- Əslində kürdlərin siyasi müstəviyə gəlməsi, parlamentə düşməsi 1991-ci il seçkilərindən sonra başlayıb. Kürdlər istəyirdilər ki, ayrıca siyasi qüvvə kimi parlamentdə təmsil olunsunlar. Siyasi səhnəyə çıxma qərarı verən kürdlər o zaman Sosial Demokrat Xalq Partiyası ilə birləşdilər və 91-ci il parlament seçkilərində iştirak edərək məclisə girdilər. Amma o zaman kürd əsilli deputatların parlamentdə öz dillərində and içmək istəməsi ciddi problemlərə yol açdı. Düzdür, kürd siyasətçilərin bir hissəsi siyasi sistemə inteqrasiya oldu, amma çox hissəsi PKK-ya dəstək verməyə davam etdi. Sonuncu seçkidə isə HDP sırf partiya şəklində parlamentdə təmsilçilik hüququ qazandı. Ancaq bu halda belə HDP-ni partiya hesab etmək olmaz. Çünki HDP altı kiçik partiyanın birləşməsindən yaranıb. Sonuncu seçkidə isə onları 10-na yaxın marksist, leninist, solçu qüvvələr dəstəkləyib. Onların içərisində kürdlərə aidiyyəti olmayan sol partiyalar da var.

- HDP-nin terrorçu PKK ilə sıx əlaqədə olması ciddi tənqid olunur. Sizcə, bu yaxınlıqdan kürdlərin silahlı mübarizəsinə son qoyulması üçün istifadə oluna bilərmi?

- Əvvəlki kürd partiyaları ilə PKK arasında birbaşa əlaqə müşahidə olunmurdu. Amma HDP ilə PKK arasında həddindən artıq paralellik var. Əgər HDP birbaşa əlaqədə olduğu PKK-nı terrordan uzaqlaşdırıb türk siyasi sisteminə cəlb etməyə çalışarsa, kürdlərin parlamentdə təmsilçiliyi problem yaratmaz. Amma terror davam edərsə, HDP də onlara siyasi dəstək verərsə, bu, Türkiyəni çıxılmaz vəziyyətə sala, siyasi sistemə əngəl törədə bilər. Bir şeyi vurğulayım ki, Türkiyədə kürdlərin dil və mədəni hüquqları ilə bağlı heç bir problem yoxdur. Xüsusən, AKP son 10 ildə bu istiqamətdə xeyli mühüm işlər görüb. Problem yaradan kürdlərin silahlı qoludur.

İsmayıl