“İlkin olaraq əhali tərəfindən daha çox alınan və həyati vacib dərmanların qiymətlərinin tənzimlənməsi həyata keçiriləcək və siyahısı dəqiqləşdirilir”
Bir müddət öncə Baş nazir Artur Rəsizadə Azərbaycanda dərman preparatlarına vahid qiymət tətbiqini nəzərdə tutan sərəncam imzalamışdı. Daha sonra Tarif Şurası keçirdiyi iclasında sərəncamdan irəli gələn "Dərman vasitələrinin qiymətlərinin hesablanması üsullarına dair Təlimat və Bəyannamə formalarını təsdiq edib.
Təlimat isə özlüyündə dövlət qeydiyyatına alınmış dərman vasitələri üçün bazis qiymətlərinin müəyyən edilməsi və bu dərman preparatlarının topdan və pərakəndə satış qiymətlərinin hesablanması üsullarını özündə ehtiva edən sənəddir.
Lakin hələ də apteklərdə və digər dərman şirkətlərində topdan və pərakəndə üzrə vahid qiymət satışına başlanılmayıb.
Tarif Şurasının mətbuat xidmətinin rəhbəri Abbas Əliyev isə buna aydınlıq gətirib. A.Əliyev "Şərq”ə bildirib ki, yaxın zamanlarda bütün ölkə üzrə dərmanların vahid qiymətdə satışı həyata keçiriləcək: "İyunun 9-dan etibarən TŞ sadə sənədlərlə birlikdə qiymət tənzimlənməsi məqsədilə bəyannamə formalarını istehsalçılardan və ya onların müvəkkil etdiyi təşkilatlarından qəbuluna başlayıb. Hazırda bu proses davam edir. İlkin olaraq əhali tərəfindən daha çox alınan və həyati vacib dərmanların qiymətlərinin tənzimlənməsi həyata keçiriləcək və siyahısı dəqiqləşdirilir. Yaxın vaxtlarda qəbul edilmiş sənədlər TŞ-nin iclasına təqdim ediləcək”.
Sonrakı mərhələdə bütün ölkə üzrə vahid qiymət tənzimlənməsinə başlanacağını söyləyən qurum rəsmisi prosesin respublikanın bütün dərman satış bazarında qiymətlərin tam tənzimlənməsinə qədər davam edəcəyini açıqlayıb: "Yəni regionundan və harada satılmasından asılı olmayaraq Azərbaycan ərazisində vahid qiymət tətbiq ediləcək”.
Qeyd edək ki, təkliflər işlənib hazırlanarkən dünya təcrübəsinə istinad olunub. Qiymətlərin tətbiqi zamanı Türkiyə, Fransa, İtaliya, İspaniya, Portuqaliya, Yunanıstan, Polşa, Macarıstan, Bolqarıstan və Sloveniya kimi ölkələrin təcrübəsindən istifadə edilib. Çünki bu ölkələrin dərman preparatları qiymətləri üzrə mənbələrinə çıxış imkanları rahatdır.
Xatırladaq ki, Azərbaycanda 5000-ə yaxın dövlət qeydiyyatına alınmış dərman vasitələri var. Ümumilikdə qablaşdırılmanı və təsiredici maddələrin miqdarı nəzərə alınsa, ölkədə təxminən 18-20000 adda dərman satışdadır. Bu sərəncam qüvvəyə minəndən sonra dərmanlar Azərbaycanın bütün apteklərində vahid qiymətə satılacaq. Dərman qutularının üzərində onların qiyməti göstəriləcək.
Vüqar Şahinoğlu