
Ölkədə “zerkalnı” nömrə xəstəliyi var
“Demə bizdə pul xərcləmək mədəniyyəti yoxdur”Millət vəkili problemi gündəmə daşıdı, ortalıqda maraqlı vəziyyət yarandı

Millət vəkili Fazil Mustafa öz "facebook” profilində çox maraqlı və ictimai əhəmiyyətli məsələyə toxunub. Deputat son zamanlar cəmiyyətimizə ciddi şəkildə nüfuz etmiş "zerkalnı” nömrə xəstəliyindən söz açıb. Parlamentari bildirib ki, Azərbaycanda "prestij nömrə” deyilən bir naxoş təfəkkür formalaşıb. Onun sözlərinə görə, telefonda, maşında "zerkalnı nömrə” istəyənlərin sayı-hesabı yoxdur: "İmkanı çatan Marsda torpaq alırmış kimi bu nömrələrdən ələ keçirməyə çalışır. Hərdən mənə də irad tuturlar ki, sənin sözünü eşidirlər, niyə öz maşınına bərkgedən nömrə almırsan.
Açığı, gülməyim gəlir. Əlbəttə, ancaq kommersiya marağı baxımından buna can atılsaydı, anlamaq olardı. Yəni maşını satanda nömrə də üzərində bir neçə min artığa satılması perspektivi var. Ancaq əminəm ki, xeyli sayda insan üçün, sadəcə bir nömrə xəstəliyi mövcuddur”. Deputat bu amili gündəmə daşıyıb, ictimailəşdirməsinin səbəbini də açıqlayıb: "Hər dəfə binanın həyətində maşınımı park etmək üçün mənə ayrılan yerə yaxınlaşanda qonşulardan birinin maşınının orada park etdiyini görürəm. Gözətçi çıxıb adama xəbərdarlıq edir, adam da tələsik düşüb maşınını başqa bir yerdə saxlayır. Və hər dəfə də "müəllim, üzr istəyirəm, düşündüm ki, yəqin gec gələrsiniz” deyib evinə yollanır. Ən azı, hər dəfə 5 dəqiqə vaxtım itir. Alman deyil, rus deyil, gürcü də deyil, heç erməni də deyil. Azərbaycanlıdır. Bu səbəbdən deməyə lüzum görmürəm ki, bu yer mənim maşınım üçün qeyd olunub, başqasının yerində saxlamaq doğru deyil. Səbrlə bunu anlayacağını gözləyirəm. Siyasət də belədir. Səbrlə bəzən bir şeylərin özlüyündən anlaşılmasını gözləməlisən. Bu gün təsadüfən şəxsini tanımadığım həmin bina qonşumun maşınının nömrəsinə diqqət yetirdim və hamını heyrətə gətirəcək bir ardıcıl nömrəsi
olduğunu gördüm. Yəni tam "zerkalnı”. Təbii ki, bahalı maşın, bahalı nömrə, ancaq çatmayan əsas bir komponent var: səviyyə. Dostlarımdan birinin klassik sözünü hər zaman zövqlə xatırlayıram: "Səlahiyyət insanın özüdür, öz şəxsiyyətidir”. Ona görə də özünüz hər sahədə düşüncə və davranışınızla bir nömrə olmağa çalışın ki, maşınınızın, telefonunuzun nömrəsi ilə prestij axtarmayasınız”.
Deputatın qaldırdığı mövzuya münasibət bildirən qocaman yazar Seyran Səxavət "Şərq”ə açıqlamasında qeyd edib ki, bu, kifayət qədər ictimai sanbala malik və qəliz məsələdir: "İstər saytlarda, istərsə də yazılı mətbu orqanlarda F.Mustafanın çox maraqlı iddialarla çıxış etdiyini görürəm. Demək olar ki, onun toxunduğu məsələlər ürəyimcə olur. Baxın, sən sual verirsən, mən də cavablandırıram. Oxucu da bunu "Şərq” qəzetində oxuyub, deyəcək ki, bunların işi-gücü qurtarıb, başqa problemləri yoxdur, gör nəylə məşğuldurlar. İnanın ki, ən böyük problemlərdən biri budur. Doğrudur, "zerkalnı” nömrə zahirən ziyansız görünə bilər. Amma bunun fəlsəfəsinə və psixologiyasına varanda, şahidi olursan ki, həyat tərzimiz üçün çox zərərli elementdir”.
Zərərin mahiyyətinə gəlincə, yazar söyləyib ki, normal ölkələrdə pulu qazanmaq da, xərcləmək də çətindir: "Sözümün canı var. Bu ifadə havadan yaranmayıb. Biz pul xərcləyə bilmirik. Bizdə pul xərcləmək mədəniyyəti milli şüurun şkalasında hansı səviyyədədirsə, nömrə mədəniyyəti də ordadır. Pulla dünyəvi, müdrik və ağıllı rəftarı bacarmırıq. Pul xərcləməyi bacarmaq böyük mədəniyyət və zəngin dünyagörüşü tələb edir. Bu fikrim də "Şərq”in oxucularına gülməli gələ bilər və düşünə bilərlər ki, pul xərcləmək nə böyük işdi? Evdə ət və soğan yoxdursa, onu almaq lazımdır da. Amma belə deyil”.
S.Səxavətin qənaətincə, "zerkalnı” nömrə "ənənəsinin” formalaşmasının başlıca səbəblərindən biri də pul xərcləməyi bacarmamağımızdır: "Pulu hara sərf edəcəyimizi bilmirik. Bu, pulun çoxluğundan deyil. Varlılarla yanaşı, orta və kasıb təbəqədə də belədir. Nömrə məsələsi ilə öz milli əxlaqımız, milli şüurumuz və milli mentalitetimizə nömrə gəlirik. Bütün dünya ölkələrini - Avropa və Amerikanı gəzmişəm. Belə şey heç bir ölkədə müşahidə etməmişəm. "Prestij” nömrələrə böyük miqdarda pul xərcləyənə Avropa və Amerika ölkələrində xalq dilində desək, ipləmə kimi baxırlar. Nə olsun ki, nömrən 222- 22- 22-dir. Bu sənin ağıl göstəricin deyil axı? Əslində çox dərin məsələdir. Deyilə bilər ki, qoy, Azərbaycanda əlli min adam "zerkalnı” nömrə ilə maşın sürsün. Bunun nə ziyanı var ki? Öz puludu, xərcləyir. Lakin belə deyil. Fikir verin, Allah hər kəsin ziyarətini qəbul eləsin. Adam tanıyıram ki, 10 dəfədən çox Həccə gedib, gəlib. Halbuki evindən 5 yüz metr o tərəfə maşından düşən kimi işsizlər adamın üstünə qaçır. Onları sevindirmək lazımdır. Məhz onlara yardım göstərilməlidir. Pul xərcləmək mədəniyyəti bax budur”.
Yazarın fikrincə, dünyanı idarə edən nəhəng prezident puldur: "Dünyanı idarə etmək gücünə malik olan pulu hara yönəltməyi bilmirik. Mənim də maşınım var. Sadə nömrə ilə gəzirəm. Kimsə məni saxlayıb demir ki, niyə "zerkalnı” nömrə tapmırsan. Heç ona həvəsim də yoxdur. Mobil nömrəm də sadədir. Eldən çıxarı bir iş deyil ki?”.
Həmsöhbətimiz belə məsələlərin cəmiyyətimizə ayaq açıb, kök atmasını təhsil və milli şüurla izah edib: "Xarici ölkələrdən baxanda bu nömrə məsələsi şəxsi keyfiyyətimizə çox pis görkəm verir. Belə fəsadların cəmiyyətimizdən silinib getməsi üçün çoxlu kitab oxumaq lazımdır. Milli şüurumuzun səviyyəsi yüksəlməlidir”.
Bununla yanaşı, cəmiyyətdəki digər problemlərə diqqət çəkən yazar hesab edir ki, son zamanlar ailələrdəki xoşagəlməz hallardan biri də uşaqların adlarının qafiyələnməsidir: "Elə ailə tanıyıram ki, 7-8 uşaq var. Hamısının adı qafiyələnib. Məsələn, başlayırlar Ələddin, Nurəddin, Elməddin, Sədrəddin, Saməddin və s. Nə olub, xeyirdimi?”.
Müsahibimizin sözlərinə görə, avropa və digər ölkələrdə "zerkalnı” nömrələrdən qədim peşə sahibləri istifadə edir: "Belə eşitmişəm ki, hansısa ölkədə üzdəniraqlar qeydiyyatdan keçəndə qeydiyyat nömrələri 333 olub. Həmin xəstəliyin ölkəmizdə peyda olmasını milli şüurla əlaqələndirirəm. Bunun adı milli pintilikdir. Milli pintilikdə isə milli şüurun səviyyəsi həddən çox aşağı olanda meydan oxuyur. Fazil bəyə yalnız onu deyə bilərəm ki, eşq olsun”.
Problemin ortadan qalxmasında ədəbiyyatın roluna gəlincə, S.Səxavət söyləyib ki, ədəbiyyat burda mütləq rol oynaya bilməz: "Ədəbiyyat tənqid edə bilər. İstehza ilə yanaşa bilər. Ədəbiyyatımız işini-gücünü buraxıb, bu yöndə əsərlərmi yazmalıdır? Məsələ çox qəlizdir”.
Cəmiyyətimizin kitabdan uzaq düşməsinə nəzər salan S.Səxavət bildirib ki, sovet dönəmində ən çox kitab oxuyan ölkələrdən biri də Azərbaycan idi: "İndi ölkəmizdə kitab oxuyanların faizi də milli şüurumuzun şkalası ilə eyni səviyyədə dayanıb. Kitab oxuyan yoxdur. Amma bu, o anlama gəlməli deyil ki, kitab oxuyan yoxdursa, yazarlar əsər yazmamalıdır. Bu gün oxuyan olmasa da, sabah olacaq. Yazıçı zamanında öz sözünü deməlidir. İndi eşidilməyən, sabah mütləq eşidiləcək. Bir gün bu xalq gedib, qulağını yuduzdurub, hər şeyi eşidəcək. Ya da ki, gözündəki "traxoma” xəstəliyi sağalacaq. Yəqin ki, oxumağa başlayacaqlar. "Oxumurlarsa, yazmaq lazım deyil” yanaşması çox əbləhanə məntiqdir. Şübhəsiz ki, problem nə ədəbiyyatın, nə də Milli Məclisin vasitəsilə düzələ bilər. Ancaq təhsillə əlaqədar olan məsələdir. Təhsil insanı yüksəldir. Təhsilli insanın dünyagörüşü zəngin olur. İntellektual adam anlayır ki, onun səviyyəsi nömrə ilə ölçülmür”.
Yazar onu da əlavə edib ki, "zerkalnı” nömrə məsələsində harınlığın əlamətlərini görmək mümkündür: "Burda harınlıqdan, qudurğanlıqdan, özbaşınalıqdan gəlmə elementlər də mövcuddur. Belə getsə, xüsusilə çox pulu olub, xərcləməyi bacarmayanlar öz məşuqələrini "zerkalnı” rəqəmlərlə nömrələyəcəklər. Məsələn, məşuqəsinin adını çəkməyəcək. Zəng edəcək ki, 555, dur gəl bura. Milli şüurun səviyyəsi yüksəlməlidir. Bu reallıqlar fonunda düşünürəm ki, Fazil Mustafa bəzilərindən fərqli olaraq xalqın boynuna minnət qoymadan, həmişə səmimi danışır. Ciddi problemlərə toxunur. Onun tutduğu yolu alqışlayıram”.
Ayyət Əhməd