Ölüm hadisəsindən sonra təhlükəsizlik tədbirləri görürlər

Bu işləri vaxtında görsəydilər 70 yaşlı qadın indi yaşayırdı
Bir neçə gün öncə Yasamal rayonu ərazisində, Parlament prospekti 9 ünvanında tikinti aparılan 20 saylı məktəbin yaxınlığındakı səki ilə hərəkətdə olan piyadaların üstünə iri dəmir parçası düşmüşdü. Bədbəxt hadisə nəticəsində xəsarət alan iki nəfərdən biri - 1941-ci təvəllüdlü Ruhəngiz Talıbova aldığı xəsarətdən hadisə yerindəcə keçinib.
Digər qadın isə ağır yaralanıb. Onların hər ikisinin 70 yaşlarında olduğu bildirilir. Əraziyə gələn polis və təcili yardım həkimləri yaralı qadını xəstəxanaya aparıblar. Hadisə baş verəndən sonra hüquq-mühafizə orqanlarında araşdırmalara başlanılıb. Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsində və prokurorluqda araşdırmalar aparılacaq və günahkar şəxs və şəxslər cəzalandırılacaq.
Qeyd etmək lazımdır ki, həmin obyektin tikintisini həyata keçirən inşaat şirkətinə dövlət lisenziyası 29 dekabr 2014-cü il tarixindən verilib. Məktəbin təmiri üçün ilkin təməltökmə işlərinə isə ötən ilin dekabrın 1-də başlanılıb. Layihəsini "Bakinşaat Group” MMC-yə isə Bakı Dövlət Baş Layihə İnstitutunun təqdim etdiyi obyekt 2016-cı ilin 1 dekabrında plana uyğun olaraq təhvil verilməlidir.
Məktəbin tikilməsilə bağlı dövlət sifarişçisi olan Təhsil Nazirliyi və məsul qurum hesab edilən Dövlət Əmək Müfəttişliyi Xidməti bildiriblər ki, 20 nömrəli məktəbin tikintisi Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən aparılır. İcra hakimiyyətindən isə hələki lazımi açıqlama verilməyib. İstənilən halda, bədbəxt hadisə sonrası cavabdeh şəxslərin açıqlamaları və cəzalanması ölən şəxsi geri qaytarmayacaq. Bu hadisə tikinti qəzalarının nə birincisi, nə də axırıncısı deyil. İnsan həyatının itirilməsi ilə nəticələnən faciədən sonra həmin obyektdə təhlükəsizlik tədbirləri görülməyinə baxmayaraq artıq iş-işdən keçib. Tikinti zamanı, məsul şirkətlərin, çalışan işçilərin təhlükəsizlik qaydalarına əməl etməsi zəruridir.
"Şərq”ə danışan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev də insanların təhlükəsizliyi üçün tikinti işinin öhdəliyini üzərinə götürən hər bir şirkətin məsuliyyətli olmağının zəruriliyini qeyd edib. Onun sözlərinə görə, tikinti işləri aparılan obyektlərdə məsul olan tikinti şirkətləri ilə yanaşı, nəzarət funksiyasını yerinə yetirən Dövlət Əmək Müfəttişliyi də yoxlamalar həyata keçirərək, təhlükəsizlik tədbirlərinin reallaşdırılmasına çalışmalıdır: "Əmək bazarının bədbəxt hadisə və qəzalar baş verən, xəsarət alanların daha çox olduğu sahəsi tikintidir. Bunun ilkin səbəbi əlbəttə ki, lazımi təhlükəsizlik önləmlərinin alınmamasıdır. Bəzən tikinti şirkətləri təhlükəsizlik üçün lazım olan avadanlıqları artıq xərc hesab edirlər və almaqdan imtina edirlər. Bununla yanaşı, nəzarət funksiyası da zəif olduqda obyektdə çalışan işçilərin və ərazidən keçən vətəndaşların həyatı üçün təhlükələrə yol açılır”.
Aysel Aslan