Ombudsman televiziyalarda uşaq verilişləri görmək istəyir

Qulu Məhərrəmli təşəbbüsü alqışlayır, deyir ki, davamı gəlsə, nəticəsi də olacaq


Milli Televiziya və Radio Şurası (MTRŞ) Azərbaycanın televiziya kanallarına tövsiyə məktubu hazırlayır. Şuranın sədr müavini Qafar Cəbiyevin sözlərinə görə, məktubda televiziya kanallarına oktyabrın 20-dən noyabrın 20-dək uşaq verilişlərinə, uşaqlarla bağlı məsələlərə daha çox yer vermələri tövsiyə olunacaq:

"Ölkəmiz tərəfindən ratifikasiya olunmuş BMT-nin Uşaq Hüquqları Konvensiyasının (UHK) qəbul edilməsinin 26 ili tamam olur. Bu səbəbdən, Azərbaycan Respublikasının Ombudsmanı tərəfindən oktyabrın 20-dən noyabrın 20-dək ölkəmizdə "Uşaq hüquqları” aylığı keçiriləcək. Bu məsələ ilə bağlı Ombudsman bizə məktub göndərib. Biz də öz növbəmizdə telekanallara aylıq çərçivəsində uşaqlarla bağlı daha çox verilişlər yayımlamalarını, verilişlərin rəngarəngliyini artırmalarını tövsiyə edəcəyik”.

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru, telejurnalist Qulu Məhərrəmlinin sözlərinə görə, cəmiyyətin ayrı-ayrı sosial qruplarına diqqətin yönəldilməsi baxımından bu təşəbbüs təqdirəlayiqdir: "Bu, televiziyalar tərəfindən atılan ilk addım deyil. UNESCO-nun Azərbaycandakı nümayəndəliyinin iştirakı ilə Uşaq Konvensiyası çərçivəsində uşaqların problemlərinə diqqət çəkmək üçün verilişlər hazırlanıb efirə verilib. Televiziyalarda uşaq verilişlərinin rəngarəngliyi və bu sahəyə diqqət artırılıb. Yəni bu istiqamətdə artıq bir ənənə var”.

Uşaq verilişləri ilə bağlı müəyyən çatışmazlıqların olduğunu vurğulayan Q.Məhərrəmli deyib ki, bir çox sahələrdən fərqli olaraq uşaq proqramlarının hazırlanması baxımından Azərbaycan televiziyalarının yaxşı təcrübəsi var: "Burada həm AzTV, həm İTV, həm də ANS-də müəyyən addımlar atılıb. Təbii ki, "Uşaq hüquqları” aylığında söhbət yalnız uşaq verilişlərindən getmir. Bu müddət ərzində uşaqlara aid olan məsələlər müzakirəyə çıxarılır, onların problemlərinə diqqət ayrılır. Uşaq hüquqları, təhsil, təlim, uşaqların dünya görüşü, onlara aşılanan vərdişlərdən söhbət gedir. Bu verilişlərdə əsas qəhrəman uşaqdır, amma problem onların cəmiyyətdəki yeri ilə bağlıdır”.

Bu cür layihələrin effektinə gəldikdə isə ekspert deyib ki, bu cür təşəbbüslər davamlı olaraq keçirildikdə təsir imkanları daha çox olur: "İstər-istəməz belə təşəbbüslər zamanı uşaqlara və onların problemlərinə diqqət artır. Müəyyən təşkilatlar, bu sahəyə cavabdeh olan insanlar özlərində müəyyən qədər məsuliyyət hiss edirlər. Bir növ bu layihələr cəmiyyətin uşaq probleminə geniş baxışıdır və təsirsiz qalmır. Amma bu layihələr kampaniya şəklində olmamalıdır”.

Şəymən